“Nazirliyə təqdim edilən sənədlərin təhlili aparılır” “Nazirliyə təqdim edilən sənədlərin təhlili aparılır”

“Əlil və şəhid ailələrinin mənzillə təminatı... ” - Fazil Talıbov

“Nazirliyə təqdim edilən sənədlərin təhlili aparılır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun AzNews.az saytına müsabihəsi

- Fazil müəllim, 2018-ci il artıq başa çatır. İl ərzində əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində nə kimi işlər görülüb?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial sahədə ciddi islahatlar aparıldığını qeyd edərək “Nazirliyin yeni rəhbərliyinə mənim tərəfimdən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin”, - deyə vurğulayıb.

Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən 2018-ci ildə bütün fəaliyyət istiqamətlərində ciddi islahatlara başlanılıb. Bu islahatların əsas hədəfləri bunlardır: əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində əhaliyə xidmətlərin innovativ əsaslar və vahid platforma üzərində, açıq iş şəraitini nəzərdə tutan tam şəffaf yeni modelin qurulması, bu məqdələ DOST mərkəzlərinin yaradılması, məşğulluq xidmətlərinin keyfiyyətinin və əmək bazarında rolunun artırılması, pensiya təyinatı sisteminin avtomatlaşdırılması, əmək qanunvericliyinə dövlət nəzarəti, əliliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya və sosial xidmət sistemlərinin təkmillədirilməsi və mütərəqqi əsaslar üzərində yenidən qurulması və s.

Eyni zamanda, mənzillə təminat, özünüməşğulluq kimi mühüm sosial proqramların icrası işləri daha genişləndirilib, sosial təminat və aktiv məşğulluq tədbirləri xeyli gücləndirilib.

- Əlil və şəhid ailələrinin mənzillə təminatı sahəsində hansı işlər görülür?

- Ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı proqramı da gücləndirilib. Cari ilin avqust ayının 1-də 35 mənzilin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə, 136 minik avtomobilinin Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə təqdim olunması mərasimində Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəxsən iştirak ediblər.

Həmin tədbirdən sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 20 milyon manat ayrılması, bununla da cari ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 2,5 dəfə çox olmaqla 550-dən artıq mənzilin verilməsinə imkan yaranması ölkədə aparılan sosial siyasətin daim güclənməkdə olduğunu, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiqləyir.

- Özünüməşğulluq proqramının icrası sahəsində vəziyyətlə bağlı məlumat verərdiniz mümkünsə; artıq bu il proqram çərçivəsində nə qədər ailə təsərrüfatı yaradılıb?

- Prezident İlham Əliyevin tapşırığı ilə başlanılan özünüməşğulluq proqramı sosial cəhətdən həssas əhali qruplarının müdafiəsinə, onların rifah halının yaxşılaşdırılmasına yönələn siyasətdə passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunmasına imkan verib. 2018-ci ildə 7 min civarında insanın bu proqramda iştirakı və ailə təsərrüfatlarını yaratmaları planlaşdırılıb. Oktyabr ayının 11-dən 2018-ci il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin aktivlərlə (mal və materiallarla) təmin olunmasına başlanılıb. Proqrama cəlb edilənlərdən 1255 nəfəri məcburi köçkünlər, 1000 nəfədən çoxunu əlilliyi olanlar, 158 nəfərini şəhid ailələrindən olanlar, 1026 nəfərini gənclər, 816 nəfərini ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 388 nəfərini sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, 65 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar təşkil edir.

Ümumilikdə, ilin əvvəlindən bəri özünüməşğulluq proqramı çərçivəsində Respublikamızın rayon və şəhərlərində 2018-ci il 13 noyabr tarixinə artıq 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb.

Bundan əlavə, özünüməşğulluq proqramının icrası sahəsində də Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi ilə 16 iyul 2018-ci il tarixdə özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan memoranduma əsasən, ictimai birlik özünüməşğulluq proqramı çərçivəsində 125 ailənin intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına öz dəstəyini verib.

- DOST mərkəzlərinin yaradılması işləri nə yerdədir?

- Dövlət başçımızın 9 avqust 2018-ci il tarixli Fərmanına uyğun olaraq Nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması işləri normal şəkildə davam edir. Aidiyyəti hüquqi bazanın formalaşdırılması üçün normativ hüquqi aktların layihələri və təkliflər, DOST layihəsinin fəaliyyət strukturu, konsepsiyası, operativ iş rejiminin modeli, proseslərin icra mexanizmi, yol xəritəsi, elektron formada xidmətlər üzrə pasport nümunələri və s. hazırlanıb. Yeni əsasda “bir pəncərə”dən nazirlik üzrə 124 növdə şəffaf və çevik xidmətlərin göstərilməsi ilə bağlı praktik iş mexanizmləri müəyyən olunub. Eyni zamanda, 5 sentyabr 2018-ci il tarixli Fərmanla “e-sosial” internet portalının yaradılması üçün artıq bir çox mühüm işlərin görülməsi təmin olunub ki, bu portal da DOST layihəsinin elektron infrastrukturunun qurulmasında vacib alətlərdən birdir.

“DOST” mərkəzlərində çalışacaq əməkdaşlar üçün mərkəzlərin fəaliyyət istiqamətlərini, əməkdaşların vəzifə öhdəliklərini, hüquqlarını, məsuliyyətini və digər məsələləri əhatə edən 25 vəzifə təlimatı da hazırlanıb. İlkin mərhələdə Yasamal və Səbal rayonlarının əhalisinə xidmət göstərəcək ilk “DOST” mərkəzi üçün işçi heyəti seçilib.

“DOST” mərkəzlərində dövlət sosial xidmətləri operativ, şəffaf və sadə proedurlarla, vətəndaş məmnunluğu prinsipi ilə təqdim olunacaq. Yaradılacaq DOST mərkəzlərində işçilərinin fəaliyyətində əsas prinsip vətəndaşlarla mədəni, səmimi, onların məmnun qala biləcəyi nəzakətli davranış tərzinə malik olmaqdır. Vəzifə təlimatlarının hazırlanması və işçi heyətinin seçimində bu cəhətlərə xüsusi diqqət yetirilir.

İlk DOST mərkəzinin ilin sonunadək paytaxtda, sonrakı mərhələdə bütün ölkə boyu yaradılması üçün işlər aparılır.

- Əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsinə ciddi nəzarət olunur. Bu sahədə daha hansı işlər aparılır?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi istiqamətində aparılan islahatlara davam etdirilir. Aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində nazirlik tərəfindən əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi, yanlış əlillik təyinatlarının qarşısının alınması istiqamətində aparılan işlər ilkin əlillik təyin olunanların sayında nəzərəçarpacaq dərəcədə azalmaya səbəb olub.

Belə ki, cari ilin ötən dövrü ərzində əlillik təyin olunanların sayında əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz azalma qeydə alınıb. Azalma tendensiyası 2018-ci ilin son rübündə də davam edib. Belə ki, bu rübdə əlillik təyinatlarının sayı öncəki rüblərlə müqayisədə daha da azalıb. Həmin dövrdə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq (SİMU) hesab edilənlərin sayı bu ilin birinci rübünə nisbətən 61,3 faiz, ikinci rübünə nisbətən 20 faiz azalıb.

Qeyd edək ki, cari ilin may ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən Səhiyyə Nazirliyindəki müvafiq İşçi Qrupu ilə birgə işlər aparılmaqla, risk qrupu xəstəlikləri ilə əlaqədar əlillik təyinatları araşdırılır və əsassız tərtib olunmuş göndərişlər aşkar edilərək ləğv olunur. Eyni zamanda, əlilliyin qiymətləndirilməsi üçün müraciət sisteminin sadələşdirilməsi, mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə imkan yaradan boşluqların aradan qaldırılması, əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi istiqamətində nazirlik müvafiq işləri aparmaqdadır.

- Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi işləri barədə nə deyərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı şəhid ailələrinə xüsusi qayğının növbəti təzahürüdür. Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi məqsədilə nazirlikdə yaradılmış Komissiya tərəfindən zəruri işlər görülür.

Həmin ödənişin həyata keçirilməsinin tam şəffaf prosedur qaydaları hazırlanıb. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrindən artıq 98 faizi Nazirliyin rəsmi saytındakı (http://www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsi vasitəsilə həmin ödəməni almaq hüququnun olduğunu öyrənib. Vərəsələrdən notarial qaydada qəbul olunaraq nazirliyə təqdim edilən sənədlərin təhlili aparılır və onlara birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul edilir, bank hesablarına müvafiq vəsaitin köçürülməsi üçün aidiyyəti quruma siyahılar göndərilir. Artıq 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinin bank hesablarına birdəfəlik ödəmin köçürülməsi təmin olunur.

Lakin əvvəllərdə şəhid hərbi qulluqçulara görə şığorta ödənişi ilə təmin edilən və bu səbəbdən hazırda birdəfəlik ödəmə almaq hüququ olmayan vərəsələrdən bir qrupu indiyədək heç zaman sığorta ödənişi almadıqlarını iddia edirlər. Nazirlikdə həmin vərəsələr bir neçə dəfə qəbul olunaraq, müraciətləri aidyyəti qurumlarla birgə araşdırılıb. Vaxtilə ödəniş aldıqlarına dair təsdiqedici sənədlər, o cümlədən möhürlə təsdiq edilən rəsmi qeydiyyat jurnalındakı aparılmış qeydlər, ödənişin alınmasından ötrü yazılmış imzalı ərizələr və vaxtilə notariat kontorları tərəfindən məhz sığorta ödənişinin alınması üçün verilmiş vərəsəlik şəhadətnamələri və s. onlara təqdim edilib, ətraflı izahat işləri aparılıb.

- Ünvanlı sosial yardımla bağlı yeniliklər olacağı ilə bağlı məlumatlar var. Yeniliklər barədə nə deyə bilərsiniz?

- Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə İşçi Qrup yaradılıb. İşçi Qrup tərəfindən artıq sistemin təkmilləşdirilməsi üçün həyata keçiriləcək tədbirlər müəyyən edilib.

İlkin addımlar kimi ünvanlı sosial yardım üçün müraciətlərin 15 gün ərzində araşdırılaraq cavablandırılması müəyyən edilib. Müraciət edən ailələrin maddi-məişət şəraitinin müayinəsi zamanı nazirliyin yerli qurumlarının rəhbər şəxslərinin iştirakı üçün göstəriş verilmiş, VEMTAS-la müraciət zamanı vətəndaşlardan alınan məlumatların minimumu endirilməsi üçün işlər aparılır.

Həyata keçiriləcək növbəti addımlar kimi, ünvanlı sosial yardım alan ailələrin tərkibi və gəlirləri təhlil edilərək, özlərindən asılı olmayan səbəblərdən (əmək qabiliyyətli ailə üzvünün olmaması, ailələrdə xüsusi qayğıya ehtiyacı olan azyaşlı uşaq, əlil və yaxud ahıllara xidmət göstərdikləri üçün işləmək imkanı olmayan əmək qabiliyyətli ailə üzvlərinin olması) aztəminatlı olan ailələrin və tərkibində işləyən, lakin az əmək haqqı alan, mövsümi işlərdə çalışan ailə üzvləri olan ailələrin müəyyənləşdirilməsinə başlanılıb. Təhlillərin nəticəsi olaraq, sosial cəhətdən həssas ailə üzvləri olan ailələr üçün ünvanlı sosial yardımların əlçatan olması, tərkibində əmək qabiliyyətli, işləməyə hazır üzvləri olan ailələrin isə dövlətin dəstəyi ilə özünüməşğulluğa cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun 1196-VQ nömrəli Qanununa əsasən işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə üstünlük verilməsi də müəyyən edilib. Bununla da, ünvalı dövlət sosial yardımı alan aztəminatlı ailələrin özünüməşğulluğa cəlb edilməsi üçün hüquqi əsas yaradılıb.

Ədil ƏDİLZADƏ
AzNews.az