Güney Azərbaycan 1900-1925-ci illərdə

Türklər indiki "İran" deyilən məmləkətin həm ən qədim etnosu, həm də tarixən təbii və qanuni hakimləri olmuşlar. Dövlətlərin, hökmdarların və hərbi heyətin əksəriyyəti və ümumiyyətlə ordu tarixən Türklərin əlində olmuşdur. 130 illik (1796-1925) ən son Türk hakimləri olan Qacar sülaləsinə mənsub şahzadələr də "İran" deyilən məmləkətin əksər vilayətlərinin sahibi olmuşlar.

İrana qərb mədəniyyətini gətirənlər də Türklər olmuşlar. Bunların içərisində Qacar sülaləsinə mənsub olan Fətəli şahın oğlu şahzadə Abbas Mirzə birincilik qazananlardandır. Belə ki, Osmanlı Sultanı III Sultan Səlimin islahatlarından nümunə götürən Abbas Mirzə "Nizami Cədid" adlı 6 minlik bir yeni ordu yaratmış, bu Azərbaycan türklərindən ibarət ordunu avropalı zabitlər tərəfindən yetişdirmiş, bu ordunu yeni top və odlu silahlarla təchiz etmiş, bu ordu mənsublarına əsgərlər də daxil düzənli bir maaş bağlamışdı. Abbas Mirzə bu ordunu silahla təmin etmək üçün Təbrizdə top və digər yeni silah istehsal edən zavod tikdirmiş, hərbə dair dəyərli kitablar tərcümə etdirmək üçün tərcümə mərkəzi yaratmış, London, Paris və digər yerlərdə daimi təmsilçiliklər açdırmış, gəncləri Avropada təhsil almağa göndərmişdi ki, bu gənclər sonradan Vətənə qayıdaraq İranda yeniliyi təmsil edən bir güc oluşdurmuşdular. Bu Avropa təhsilli aydınlar məmləkətdə liberalizmi, milliyyətçiliyi və sosializmi təbliğ etmiş, özgürlük, bərabərlik və qardaşlıq kimi anlayışları ön plana çıxarmışdılar.
Abbas Mirzənin sayəsində Təbrizdə və ümumən İranda ilk dəfə olaraq mətbəə təsis olunmuş, ilk qurğuşun basması ilə kitablar və "Vakayi İttifakiyə" adlı qəzet nəşr edilmişdi. Əgər Rusiya ilə müharibədə məğlub olmasaydı onun sayəsində İran indiki vəziyyətdə olmaz, daha müasir bir dövlət olardı. Təbrizi səltənət vəliəhdi və Naibisəltənə ünvanı ilə idarə edən Abbas Mirzə özünün islahatpərəstliyi ilə Təbrizi önə çıxarmış və sonrakı bütün Qacar şahlarının Təbrizdə böyüyüb boya-başa çatması və türk mühitində tərbiyə almasına nail olmuş və bununla da Azərbaycanın digər İran ərazilərindən daha da inkişaf etməsində xüsusi rol oynamışdı. Abbas Mirzədən sonrakı Qacar şahları Azərbaycanda böyüdüklərindən özlərini azərbaycanlı saymış və Azərbaycanın mənafeyini üstün tutmuşdular.

Bütün bunların nəticəsi idi ki, sonralar İranda ilk "Məşrutiyyət"i elan etməklə əhali arasında böyük məhəbbət qazanan Müzəffərəddin şah da Təbrizdən Tehrana gələrkən yerli Türk şahzadələrini də özü ilə bərabər mərkəzə, saraya gətirmiş və Türk şahzadələrindən olan Eynidövləni özünün vəziri təyin etmiş, bir sözlə, şah sarayını Şah İsmayıl Xətayi kimi Türkləşdirməyə müvəffəq olmuşdu. Müzəffərədin şahın dövründə İranın xarici işlər nazirliyi, səfirləri və konsullarının da əksəriyyəti Azərbaycan Türklərindən olmuşdur. Təəssüflər olsun ki, Müzəffərəddin Şahın oğlu Məhəmmədəli Şah atasının əksinə olaraq Azərbaycana ədavət bəsləmiş və sonda özü də bu ədavətin qurbanı olmuş, tarixdə lənətlənmişdir. Bu, özünü "Məşrutiyyət" dönəmində də göstərmişdir.
Güney Azərbaycan Türkləri tarixən farslara nisbətən daha mətin, daha səbatlı olmuşlar. Belə ki, Azərbaycan Türkləri "Məşrutiyyət" dönəmində Təbriz mühasirədə olmasına baxmayaraq, 11 ay ac-susuz qalmış, çörək əvəzinə başaq yemiş, yenə də istibdad əskərinə təslim olmamış, Məsrutəni qoruyub saxlamışdılar. Bütün bunların nəticəsidir ki, tarixən "İran" deyilən məmləkətin ən böyük qəhrəmanları, inqilabların meydana çıxardığı ən böyük simaları məhz Güney Azərbaycan Türkləri olmuşlar.

Mani, Məzdək, Babək, Səttarxan, Bağırxan, Seyx Məhəmməd Xiyabani kimi şəhid qəhrəmanlar, Abbas Ağa kimi fədailər, Səid Səlması kimi hürriyyət şəhidləri, Seyid Cəfər Pişəvəri, Şəriətmədari kimi siyasi xadimlər və s. bu qəbildəndirlər. Min illik bir dönəmdə "İran" deyilən məmləkətdə bu səviyyələrdə bir dənə də olsun fars qəhrəmanı göstərmək mümkün deyil və yoxdur. "İran" deyilən məmləkətin min illik siyasi həyatı, siyasi tarixi də məhz Azərbaycan Türklərinin adı ilə bağlıdır. İranın birinci və ikinci məclislərinin də əsas nüfuzlu millət vəkilləri məhz Azərbaycan Türkləri olmuşlar.

"İran" deyilən bir məmləkətin XX əsr siyasi tarixinin önəmli bir hissəsini Güney Azərbaycan Türklərinin Milli azadlıq hərəkatı və demokratiya uğrunda mübarizəsi təşkil edir. Bu hərəkatın ilk başlanğıcı 1906-cı ildə "Məşrutə inqilabı" ilə bağlıdır. "Məşrutə" fərmanı imzalayan, Məclisin hazırladığı Konstitusiyanı - Əsas Qanunu təsdiq edən Müzəffərəddin Şah öldükdən sonra hakimiyyətə gələn Məmmədəli Şah atasının fərmanlarını ləğv edib 23 iyun 1908-ci ildə rus kazak briqadasının komandiri polkovnik İlaxovun vasitəsilə Tehranda məclisi top atəşinə tutmuş, bir növ dövlət çevrilişi etmişdi. Məmmədəli Şahın bu hərəkətlərindən sonra Güney Azərbaycan Sətarxan və Batırxanın başçılığı ilə yenidən ayağa qalxıb 11 aylıq döyüşdən sonra Məşrutiyyəti qoruyub saxlamış, onu yenidən "İran" deyilən məmləkətə qaytarmışdı. Dünya ictimai fikrində sensasiya kimi səslənən və tarixə "Sətarxan hərəkatı" kimi daxil olan bu tarixi qələbə Azərbaycanı İran Məşrutə inqilabının həqiqi anlamda mərkəzinə çevirmişdi. Bu hərəkat nəticəsində Tehran azad edilmiş, Konstitusiya bərpa edilmiş, Məmmədəli şah ölkəni tərk edərək qaçmış, bununla da gələcək İran şahlarının qaçmaq, ölkəni tərk etmək ənənəsinin əsası qoyulmuşdu.

Güney Azərbaycan Türkləri "Məşrutiyyət"in ilk dönəmində əsasən çağdaşlaşma və qanuna dayalı bir siyasi sistem uğrunda mücadilə etmişlər. "Məşrutiyyət"ə qədər Azərbaycan Türk kimliyi İran kimliyinin tərkib hissəsi kimi özünü göstərmişdi. Məşrutə inqilabına qədər "İran" adlanan məmləkət əsasən Türk aristokratiyası və Qacar hökumət adamları tərəfindən idarə olunmuş, Azərbaycanın varlı təbəqələrinin nümayəndələri Qacar şahları və vəliəhdlərlə sıx əməkdaşlıq etmiş, Azərbaycan Türklərindən ibarət olan hərbi hissə səltənətin əsas bazasını təşkil etmişdi.

Hazırladı: Aysel Turan

Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Güney azərbaycanlıların ana dili və azərbaycançılıq ideyaları ətrafında birləşməsi istiqamətində media platformalarında iş” layihəsi çərçivəsində dərc olunur