Azərbaycanın qızıl ticarətində yeni dinamika - ŞƏRH

2024-cü ilin yanvar-may aylarında Azərbaycana xaricdən idxal olunan qızılın miqdar və dəyər ifadəsində kəskin artması diqqətçəkici tendensiyadır. Cəmi beş ay ərzində ölkəyə 30 mindən çox kiloqram qızıl gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə kəmiyyətcə dörd, dəyər baxımından isə beş dəfə artım deməkdir. Eyni zamanda, ixracda da artım müşahidə olunur. Belə ki, yalnız İsveçrəyə 121 milyon ABŞ dolları dəyərində qızıl tədarük olunub. Bu göstəricilər Azərbaycanın qızıl üzrə xarici ticarət fəaliyyətində ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Aznews.az şərh edir ki, idxalın kəskin artımı sadəcə bazar şərtləri ilə deyil, həm də struktur dəyişikliklər və strateji ehtiyaclarla bağlı ola bilər. Qızıl, xüsusilə qeyri-müəyyən iqtisadi şəraitlərdə maliyyə sabitliyini təmin edən aktiv hesab olunur və bu baxımdan idxal səviyyəsində artım ölkənin ehtiyat portfelində balansın qorunması cəhdi kimi izah oluna bilər. Qlobal miqyasda geopolitik risklər fonunda qızılın qiymətinin artması müşahidə olunduğuna görə, bu səviyyədə idxal həm də qiymət risklərindən qorunma strategiyasının tərkib hissəsi ola bilər.

Digər tərəfdən, bir neçə ildən sonra ilk dəfə olaraq İsveç kimi yeni ölkələrdən idxalın başlanması, qızıl tədarükünün coğrafi şaxələndirilməsi baxımından müsbət göstəricidir. Bununla yanaşı, Rusiyadan və ABŞ-dan da iri həcmdə qızıl alınması regional iqtisadi əlaqələrin genişləndiyini göstərir. Əvvəlki illərlə müqayisədə 2024-cü ilin ilk beş ayında idxalın 3,3 milyard dollar həcmində olması, əvvəlki dörd ilin cəmi göstəricisini dəfələrlə üstələyir.

Bu artım həm də, Azərbaycanın strateji ehtiyatlarının gücləndirilməsi, zərgərlik və sənaye sahələrində istehsal imkanlarının artırılması və ya daxili bazarın tələblərinin qarşılanması üçün potensial baza formalaşdırır. Eyni zamanda ixracın yalnız bir ölkə ilə məhdudlaşması bu sahədə daha geniş bazarlara çıxışın təşviq olunmasına ehtiyac yaratdığını göstərir. İxrac bazalarının diversifikasiyası bu sahənin daha dayanıqlı inkişafına şərait yarada bilər.

Qızıl idxalının və ixracının bu həcmdə dəyişməsi, maliyyə, ticarət və sənaye strategiyalarında qarşıdakı dövrlərdə daha diqqətli və uzunmüddətli planlamaya ehtiyac yaratdığı qənaətini gücləndirir. Belə struktur dəyişikliyi, eyni zamanda xarici ticarətin ümumi balansında da yeni meyillərin formalaşmasına səbəb ola bilər.

Nuray,

Aznews.az