Tanınmış ictimai xadim, professor Niyazi Mehdi Türkiyədə bir neçə universitetdə mühazirə deyib. Tanınmış ictimai xadim, professor Niyazi Mehdi Türkiyədə bir neçə universitetdə mühazirə deyib.

Türkiyədə mühazirə deyən azərbaycanlı professor: “Təhsil sistemlərinə qibtə etdim”

Tanınmış ictimai xadim, professor Niyazi Mehdi Türkiyədə bir neçə universitetdə mühazirə deyib.


AzNews.az-ın əməkdaşı ona bu mühazirələrin məzmunu, eləcə də Türkiyə təhsil sistemiylə bağlı bir neçə sualla müraciət edib:

- Niyazi bəy, öncə deyin, görək, necə oldu birdən Türkiyəyə getdiniz?

- 20 ildən çox idi ki, Türikyə ilə əlaqəm yox idi. Birdən xəbər gəldi ki, məni əski arkadaşım Ağacavad Salamov axtarır. Buluşduq. Aydın oldu ki, mənim Muş və Bitlis şəhərlərinin universitetlərində Novruz və semiotika konularında məruzəmi dinləmək istəyirlər. İnternetdə hər iki şəhərin və universitetin saytlarına baxdım, fotolardan çox etgilənməsəm də razılıq verdim. Ancaq Muşa, sonra Bitlisə gedəndə gördüklərimdən çox böyük həzz aldım. Onu da artırım ki, İnternetdə tələm tələsik tapdığım saytlar, deməynən əsas deyilmiş. Bu saytlara çıxsaydım hansı universitetlərə gedəcəyimi daha yaxşı təsəvvür edərdim:

http://www.alparslan.edu.tr/
http://www.beu.edu.tr/

-Türkiyə təhsil sistemi, universitetlər barədə təəssüratınızı bilmək istərdik...

- Əlbəttə. Muş da, Bitlis də əski şəhərlər olsa da, elə böyük deyillər. Ancaq Bitlisin Eren Universiteti, Muşun Aplarslan universiteti Türkiyə dövlət büdcəsinin və Türkiyə təhsil proqramının möhtəşəmliyindən xəbər verir. Məni hər iki universitetin "kampus" deyilən şəhərcikləri heyran etdi. Orada müəllimlər üçün tikilən mənzillərin aylıq kirəsi onların maaşına baxanda xırda-para puldur. Mənzillərin rahatlığı, işığı və kampusun infrastrukturu əla səviyyədədəir. Hər iki kampusda came bəlkə də bizim Təzə pir boydadır. Elə hey yeni tikililər gedir. Türkiyədə nə qədər Muş və Bitlis kimi əyalət şəhərcikləri var. Hətta onların yarısında da belə universitetlər və kampuslar varsa, görün buna nə qədər dövlət xərcləri olmalıdır. Bir "bicliyi" də sizə deyim. Bitlis Universitetinin adında "Eren" də var, çox varlı ailənin soyadıdır. O, universitetin hansısa xərclərində ortaq olur, əvəzində "Eren" bu təhsil ocağının adında səslənməklə brəndləşir, yaxşı imic qazanır. Bizdə rəsmi milyarderlərin olmamasının bir ziyanı da odur ki, adlarını əyalət universitetlərinə, xəstəxanalarına verəmmirlər. Bəlkə də leqal milyarder olsaydılar, yenə verməzdilər, xəsisliklərindənmi-ya nədənmi, deyəmmərəm.

Tələbələrin yataqxanalarını uzaqdan görsəm də, onların da yüksək estentikada və rahatlıqda olduğunu güman edirəm. O ki qaldı bu universitetlərin auditoriyaldarına, təlim-tədris mərkəzlərinə, hamısına ancaq qibtə etmək olar. Əslində, Bakıda Qafqaz universitetinə baxmaq yetər ki, Türkiyədə universitetlərin necəliyini göz qabağına gətirə biləsən.

Məni Muşda da, Bitlisdə də protokol mədəniyyəti heyran etdi. Xocaların – professorların bir-biri ilə, tələbələrlə nəzakəti nəsə alışmadığımız səviyyədə və hövsələdədir.

- Bəs universitetlərin idarəçiliyi ilə bağlı nələr diqqətinizi çəkdi?

- Hər iki universitetin rəhbərliyində Azərbaycanlı prorektorlar da var, professor Ağacavad Salamov Muş Universitetində, professor Sabir Rüstəmli Bitlis universitetində. Azərbaycanda qalsaydılar, onlar belə yüksələrdilərmi? Allah bilir. Bizdə, axı, çox vaxt elmi səviyyə və iş bacarığı universitet karyerası üçün yetərli olmur.

Rektorlar Bakıdan gələn qonağa sayğılarını göstərməklə mütəəssir etdilər. Biri ilə, - Bitlis Eren Universitetinin rektoru Prof.Dr. Mahmud Doğru ilə görüşüb qəhvə içdik. O birisi isə Muşda olmasa da, bəndənizə telefon edib xoş sözlər söylədi, uzaqda olduğundan görüşə bilmədiyi üçün təəssüfünü bildirdi. Öyrəndim ki, Muş Universitetinin rektoru Prof.Dr. Fethi Oran Polat ilahiyyatçıdır və neçə illərsə Bakı Dövlət Universitetində İlahiyyat fakültəsində dərs deyib. Nə yazıq ki, görüşüb İlahiyyatdan söhbət edə bilmədik.

İlginc fakt odur ki, Türkiyə universitetlərində hətta nüfuzlu elm adamı belə rektor vəzifəsini 4 ildən bir seçilə-seçilə ən çoxu 8 il tuta bilər. Bundan sonra heç başqa universitetdə də rektor ola bilməz. Yalnız prorektor, dekan, ya kafedra müdiri işləyə bilər. Ancaq protokol mədəniyyəti yüksək olduğu üçün hətta 4-5 aydan sonra da rektorluq müddəti bitən xocaların göstərişləri yüksək səviyyədə yerinə yetirilir. Bütünlükdə, mən Türkiyəni öhdələrinə düşən işləri vicdanla yerinə yetirən adamlar dünyası kimi gördüm. Dükançılar malların qiymətini artırmırlar, pulun qalığını vicdanla qaytarırlar. Dünyanın hər yerində taksi şoferləri arasında fırıldaq adamlar tapılır. Elələri Türkiyədə də var, ancaq bilgili və diqqətli olsan, onlar da səni aldatmazlar.

- Mühazirələrinizdə əsasən nələrdən danışdınız?

- Bitlis Eren Univrsitetində daha çox Novruzun mifolojisindən, yəhudilərin peysaxı, xristianların pasxası ilə paralelərindən danışdım. Novruz şənliklərini parlaq rus düşünəri Baxtinin Karnaval estetikası üzrə ünlü nəzəriyyəsindən açmağa çalışdım. Bu qədər yolu getməmişdim ki, Novruz haqqında İnternetdən toplanası elementar bilikləri söyləyim. Məsələn, çıxışımda dedim ki, diriltmək üçün öldürmək təbiətin də, mədəniyyətin də, sənətin də universal formulasıdır. Ağacın budaqlarını kəsirlər ki, pöhrələr versin. Novruz şənlikləri karnavaldakı kimi məsxərəyə qoyub öldürür ki, mədəniyyətdə yaz təzələnməsi baş versin. Böyük rus filoloqu Yuri Tınyanov ədəbiyatda parodiyaların funksiyasını bunda görürdü. Böyük sənət əsərlərinin parodiya edilməsi onları aşağılaşdırmaq üçün deyildi, onların qarvayışını diriltmək, təzələmək üçün idi.

Muşda Ortaçağ müsəlman mədəniyyətinin semiotikasından danışanda xeyli məsələlərə toxundum. Məsələn, mədəniyyətdə substitusiyanın (əvəzlənmənin) roluna. Sözlər nəsnələri əvəz etməsəydi, biz gərək "Qulliverin səyahəti" romanında görükdürülən şəhərdə yaşayaydıq. Orada adamlar bazara gedəndə torbalarına alacaqları meyvələri qoyurdular ki, "mənə bundan ver" desinlər. Sözlər meyvələri əvəz edəndə isə artıq belə torbayla yüklənməyə gərək qalımır. Dedim ki, semiotikayacan fəlsəfə mahiyyət və hadisə, səbəb və nəticə, forma və məzmun kimi məsələlərlə məşğul olurdu. Semiotika fəlsəfəni əvəzlənmə, substitusiya problemlərinə yönəltdi. Hər bir işarə, bildirici hansı nəsnəninsə əvəzini verir. İşarə anlayışı dünyanın qəribəliklərini aydın edir. Tutalım, bəlli olur ki, İŞİD kiminsə başını onu cəzalandırmaq üçün yox, bu kimisə işarə etdiyindən kəsir. Araşdırsan, aydın olar ki, filan qız filan oğlana və oğlan da qıza evlənəndə ona uğurun, başqalarına acıq verməyin işarəsi kimi evlənir (sözsüz, bu düşüncəmlə əsl sevgi əsasında evlənməni istisna etmirdim). Çıxışımda Ortaçağ müsəlman dünyasının da işarələrindən, simgələrindən danışdım. Məsələn, o çağlar barmağı dişləmək təəccübü bildirirdi. Miniatürlərdə istənilən qədər barmağını dişləyib duran sultanların, əyanların şəkli var. Sanki bütün səyahətnamələr, "Min bir gecə" nağılları kimi nağıllar onun üçün idi ki, dinləyicilər təəccübdən barmaqlarını dişləsinlər…

Muş universitetinin çox istedadlı gənc müəllimləri vardı. Post-modrnizmdən, post-strukturalizmdən danışanda onları çox ilgiləndirdim və sonra məni ayrıca söhbətə dəvət etdilər. İslama post-modernist yanaşmanın zərəri var, ya yoxdur? Bunun üstündə xeyli dartışdıq. Bilikli və bilgili gənclər idi, ona görə söhbətimizin hamımıza təsirli oldu.

Sonda İstanbuldan danışım. Bosfor boğazından Aya Sofiya və başqa camilərə baxanda möhtəşəm mənzərə adamı sarsıdır. Mən İstanbulda Nyu-York göydələnlərinin təsiri səviyyəsində görüntülər gördüm.

Bir İstanbul söhbətində ağlıma gələni burada da söyləyim. Azərbaycanda getdikcə analar bir və ya iki uşaqla yetərlənirlər. Səbəb dolanışığın çətinliyi ilə bağlıdır. Adamlar bilmir ki, uşaqları 3-dən çox olsa, onları necə geyindirəcəklər, yedirdəcəklər, oxudacaqlar və s. Ancaq ulusun sayı az olanda axı, bu, kitabların az tirajlı olması, fabriklərin azmüştərili olması deməkdir. Bu baxımdan Quzey Azərbaycanın, Gürcüstanın, hətta Qazaxıstan və Qırğızıstanın durumu ürəkaçan deyil. Türkiyənin çevrəsində əhalisi böyük olan millətlər yaşayır. Beləcə, uluslar yarışında onun demoqrafik uğuru, tutalım, İranınkı, ərəblərinki kimi deyil. Əgər vətəndaşlıq haqqında qanun liberallaşsaydı, türk ölkələrindən ora, dil baryeri zəif olduğu üçün, xeyli gənclər köçərdi. Belə olanda analar da çox uşaq doğmaqdan qorxmazdılar ki, pis ayaqda balaları Türkiyədə yaşayacaq. Deməli, Türkiyənin vətəndaşlıq haqqında qanunu millətimizin demoqrafik problemini də çözərdi. Onu da deyim ki, gələcəkdə Qarabağ probleminin çözümü həm də bizim əhali kimi artmımızdan asılı olacaq.

Axırda Türkiyə ilə bağlı bir önəmli məsələni deyim. Bizim adamlar Azərbaycanla ilgili bədbin hala düşəndə Türkiyə iqtisadiyyatı, kültürü və başqa uğurları ilə ovundurmalıdır. Nə yaxşı ki, Azərbaycanı sevən və düşünən Türkiyə var. Türkiyədə işləyən bir azəri aliminin tələbəlik tanışı erməni hansısa konfransda ona demişdi, xoşbəxtsiniz ki, belə bir ölkədə gəlib işləyə bilirsiniz. Bu mutluluğu unutmaq günah olar. Gəlin bəxtimizdən şikayətlənməyək.

Aydan
AzNews.az