- İşin içi
- 17:21
- 997
"Prefiling" sistemi səmərəlilik və şəffaflığı necə gücləndirəcək?

Azərbaycanda sadələşdirilmiş vergi bəyannaməsinin öncədən doldurulması sistemi istifadəyə verilib. Yeni “prefiling” yanaşması vergi ödəyicilərinə bəyannaməni mövcud məlumat bazası əsasında avtomatik şəkildə əldə etmək və sadəcə təsdiqləməklə prosesi başa çatdırmaq imkanı yaradır. Dövlət Vergi Xidməti bildirir ki, bu xidmət inzibatçılıq yükünü azaldır, hesabatlılığı asanlaşdırır və məlumatların düzgünlüyünü artırır. Sistem eyni zamanda dövlətin vergi inzibatçılığında rəqəmsal transformasiya istiqamətində növbəti mərhələ kimi qiymətləndirilir.
Bu addım əslində təkcə texniki yenilik deyil, həm də iqtisadi idarəetmədə şəffaflıq və səmərəliliyin artırılması istiqamətində mühüm institusional islahatdır. “Prefiling” sisteminin mahiyyəti vergi bəyannamələrinin insan faktoru ilə əlaqədar səhvlərdən azad olunmasına və məlumatların avtomatlaşdırılmış şəkildə emalına əsaslanır. Beynəlxalq təcrübədə bu model bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunur. Məsələn, Estoniyada 2000-ci illərin əvvəllərindən bəri istifadə olunan elektron bəyannamə sistemi nəticəsində vergi hesabatlarının 95 faizi 5 dəqiqədən az müddətdə tamamlanır. Oxşar sistemlər Norveç, Danimarka və Yeni Zelandiyada da vergi inzibatçılığında şəffaflığı və etibarlılığı artırmaqla yanaşı, vergi gəlirlərinin planlaşdırılmasında dəqiqliyi təmin edib. Azərbaycan da bu təcrübəni mərhələli şəkildə tətbiq etməklə vergi idarəetməsində rəqəmsal sinxronizasiyanın dərinləşdirilməsinə nail olur.
İqtisadi müstəvidə “prefiling” modelinin əsas təsiri kiçik və orta sahibkarlıq subyektləri üzərində hiss olunacaq. Çünki məhz bu seqmentdə mühasibatlıq resursları məhduddur və hesabatlılıq prosedurları çox vaxt əlavə xərclər yaradır. Yeni sistem bu yükü minimuma endirməklə mikro və kiçik sahibkarlığın fəaliyyət çevikliyini artıracaq, sahibkarların daha çox əməli fəaliyyətə fokuslanmasına şərait yaradacaq. Eyni zamanda, bəyannamələrin avtomatik formalaşdırılması vergi intizamını gücləndirəcək və vergi orqanları ilə sahibkarlar arasında operativ əlaqənin yeni mərhələsini formalaşdıracaq. Bu, inzibati resursların daha rasional bölüşdürülməsinə dəstək verməklə dövlətin vergi yığımı prosesində effektiv idarəetmə modelinə keçidini sürətləndirir.
Dünya Bankı Qrupunun “Business Ready” layihəsində vergitutma indikatorunun təkmilləşdirilməsi üzrə 2025-ci il üçün müəyyən edilən yol xəritəsində də mikro sahibkarlar üçün “prefiling” sisteminin tətbiqi əsas prioritetlərdən biri kimi göstərilir. Bu fakt göstərir ki, Azərbaycan iqtisadi idarəetmədə beynəlxalq metodologiyalara uyğunlaşma istiqamətində ardıcıl və strateji addımlar atır. Həmçinin, bu proses vergi ödəyicisinin hüquqlarının qorunması, şəffaf hesabatlılıq və dövlət-sahibkar münasibətlərinin etimad bazasında qurulmasına xidmət edir.
Sistemin tətbiqi uzunmüddətli perspektivdə vergi idarəetməsinin rəqəmsallaşması ilə yanaşı, iqtisadi siyasətin çevik monitorinq imkanlarını da artıracaq. Avtomatlaşdırılmış məlumat axını dövlət orqanlarının analitik qərarvermə qabiliyyətini gücləndirəcək, qeyri-rəsmi iqtisadi fəaliyyətin azaldılmasına dolayı təsir göstərəcək. Eyni zamanda, bu yanaşma “rəqəmsal dövlət” konsepsiyasının tərkib hissəsi kimi iqtisadi idarəetmədə sürətli, dəqiq və şəffaf mexanizmlərin formalaşmasına şərait yaradacaq. Bu, həm də Azərbaycanın beynəlxalq investisiya imicinə müsbət təsir göstərən mühüm institusional irəliləyişlərdən biri kimi dəyərləndirilə bilər.
Beləliklə, sadələşdirilmiş verginin bəyannaməsinin öncədən doldurulması sistemi yalnız texnoloji yenilik deyil, iqtisadi idarəetmədə səmərəlilik, şəffaflıq və etimadın möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Rəqəmsal vergi inzibatçılığı Azərbaycanın fiskal siyasətinin çevikliyini və dayanıqlılığını artırmaqla iqtisadi sistemin ümumi idarəetmə keyfiyyətini yüksəldəcək.
Nuray,
Aznews.az