“Eurovision- 2014“dəki uğursuzluğun səbəbi- RƏYLƏR

"Eurovision- 2014" mahnı müsabiqəsində Avstriya təmsilçisi Konçita Vürst 290 bal toplayaraq qalib oldu.

Azərbaycan bu il 22-ci yerə layiq görüldü. Ermənistan isə 14-cü yerdə qərarlaşdı. Əvvəlki illərə nisbətdə bu il Azərbaycanın göstərdiyi nəticə heç də ürəkaçan deyil. Nə üçün əvvəlki yarışmalarda Azərbaycan ilk onluqda yer alırdı, ancaq bu il aşağı nəticə göstərdi? Məsələ ilə bağlı Aktual.az ictimaiyyət nümayəndələrinin fikirlərini öyrənib.

Politoloq Qabil Hüseynli hesab edir ki, müsabiqə ilə bağlı əhalinin məlumatlandırılması istiqamətində birbaşa məsul olan İctimai Televiziya üzərinə düşən vəzifəni yerinə yetirmədi: "Bu prosesləri diqqətlə izləyən bir şəxs olaraq, mən müsabiqə ilə bağlı informasiyaları İTV-dən yox, xarici mətbuatdan əldə etmək məcburiyyətində qalırdım. Bütün bunlar onu göstərir ki, İTV səviyyəsində bu məsələ cox bacarıqsız və qeyri-peşəkar qurulmuşdu. Digər tərəfdən, qeyd edim ki, Azərbaycana qarşı bir xristian qısqanclığı var idi. Bizim qələbə qazanmamağımız üçün əllərindən gələni etdilər. Qeyri-peşəkar qurulan təbliğat işi də buna şərait yaratdı. Məlum məsələdir ki, əvvəlki illərdə bu istiqamətdə çox yüksək işlər görülürdü, təşkilatı işlər lazimi səviyyədə aparılırdı. Bu il isə əvvəlki illərdə aparılan təbliğat işinə arxayın olub heç bir addım atılmadı. Bu səbəbdən də, hətta, ermənilərdən də aşağı yer qazandıq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da eyni fikirləri səsləndirdi: "Təşkilati işlərdə qüsurlar var idi. Cəmiyyətdə, ümumiyyətlə, yarışma barədə informasiya yox idi. Əvvəlki yarışmalarda insanlar həvəslə gözləyirdi müsabiqənin keçirilməsini. Ancaq bu il, demək olar ki, cəmiyyət xəbərsiz idi "Eurovision-2014"-dən. Bunun da başlıca səbəbi təbliğatın düzgün aparılmaması və ciddi qüsurlara yol verilməsidir".

Ekspert Ələsgər Məmmədli deyir ki, müsabiqə bitəndən sonra yarışmanın keçirilməsindən xəbərdar olub: "Mən özüm müsabiqə bitəndən sonra bilmişəm ki, artıq "Eurovision-2014" keçirilib. Bunun da başlıca səbəbi İctimai Televiziyanın bu il üzərinə düşən məsuliyyəti, əvvəlki illərə nisbətdə, çox aşağı səviyyədə yerinə yetirməsidir. Nəticə də özünü göstərdi. İstər ölkə daxilində, istərsə də ölkə xairicində yüksək səviyyədə təbliğat işi aparılmırdı. Təşkilati işlərin qurulmasında və təbliğatda ciddi nöqsanlara yol verildiyi üçün məhz nəticə də göründüyü kimi oldu".

"Avroviziya 2014" mahnı yarışmasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova isə Aktual.az-a açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirdi.

AzNews.az