Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov bədii rəhbər və baş rejissor Azər Paşa Nemətovun kollektivə təqdimatından narazıdır. Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov bədii rəhbər və baş rejissor Azər Paşa Nemətovun kollektivə təqdimatından narazıdır.

Xalq artisti yeni baş rejissordan danışdı: “Onu adi kolxoz sədrindən də hörmətsiz etdilər”

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov bədii rəhbər və baş rejissor Azər Paşa Nemətovun kollektivə təqdimatından narazıdır.


O, AzNews.az-a açıqlamasında bildirib ki, A.Nemətovu teatrın 5-6 üzvünə təqdim ediblər və aktyorlar bunu özlərinə və baş rejissora qarşı hörmətsizlik kimi dəyərləndirirlər: "Adi kolxoz sədri gələndə belə hamını yığıb onu kollektivə tədqim edirlər. Rəhbərin tədim olunması qaydası var. Bu boyda teatra baş rejissor təyin ediblər, onu kollektivə tədqim etməyiblər.

Bu kollektivi niyə saymırlar? Bu kimin ideyası olub? Baş rejissor kollektivə belə təqdim olunmur axı. Baş rejissor 5 nəfər üçündür bəyəm? Eşitdiyimə görə təqdimatda Bədii Şura üzvləri, bir də rəhbərlik olub. Bəs, yerdə qalan kollektiv? Bu nə cür yanaşmadır? İclas olmalı, müzakirələr aparılmalı idi. Biz də dərdimizi deyəydik ki, teatrda vəziyyət ürəkaçan deyil. Əgər düzəldəcəksinizə buyurun, düzəldə bilməyəcəksinizsə niyə gəlmisiniz?"


İ.Əsgərov deyir ki, teatrın aktyorlarının əksəriyyəti hələ baş rejissoru görməyib: "Azər Paşa Nemətov hər halda öz razılığı ilə gəlib. Mən bilmirəm ki, o, bu cür tədqimatı necə qarşılayıb. Hər halda bu təqdimatla razılaşmamalı idi. Hərə öz mədəniyyəti ilə cavab verir. Bu teatra kim gəlirsə özünü Allah hesab edir".

Xalq artisti Akademik Dram Teatrının direktoru İsrafil İsrafilovu özü ilə teatra viruslar gətirməkdə ittiham edib: "Bizim teatrda hələ çox mikroblar, viruslar var. Onları təmizləmək lazımdır. İsrafil İsrafilov orada niyə oturub? Gör hardan hara enib. Utanmır? Vaxtında dedik ki, sağ salamat get, bura sənin işin deyil, sən bacarmadın. Özü ilə də söhbət etdim. Özü ilə gətirdiyi virusları bu teatrdan kim təmizləyəcək? Azər Paşa Nemətovun gücü çatacaqmı o virusları təmizləməyə? Mənəviyyatımız, simamız, səviyyəmiz pozulub. Bu çox insanları narahat edir. Kimə deyəsən, hamı qulaq ardına vurur".

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti, Azərbaycan Teatrlar İttifaqının sədri Azər Paşa Nemətovu Akademik Milli Dram Teatrına bədii rəhbər və baş rejissor təyin edib. Baş rejissor isə bütövlükdə kollektivə deyil, teatrın Bədii Şura üzvlərinə və bir-iki nəfər aktyora təqdim edilib. Bu isə kollektivdə narazılığa səbəb olub.

Bahar RÜSTƏMLİ
AzNews.az