Azərbaycanın açıqladığı planlara görə, 2027-ci ilə qədər ölkədə ümumi gücü 2 QVt olan səkkiz günəş və külək stansiyasının inşası nəzərdə tutulur. Bunun üçün 2,7 milyard ABŞ dolları həcmində investisiyanın cəlbi planlaşdırılır. Bu layihələr reallaşarsa, hər il 5,3 milyard kVt/saat həcmində “yaşıl enerji” istehsalı mümkün olacaq, nəticədə enerji sistemində bərpa olunan mənbələrin payı 32 faizdən çox yüksələcək. Əlavə olaraq, 1,2 milyard kubmetr qaz qənaət ediləcək və istixana qazı emissiyalarının 2,5 milyon ton azalacağı gözlənilir. Bu rəqəmlər göstərir ki, Azərbaycanın enerji keçidi yalnız daxili bazarın deyil, həm də regional enerji xəritəsinin dəyişməsinə təsir edəcək.
Region miqyasında maraqlı məqam odur ki, təkcə Azərbaycan deyil, Qazaxıstan və Özbəkistan da oxşar istiqamətdə qanunvericilik islahatları aparır, elektrik şəbəkələrini modernləşdirir və bərpa olunan mənbələrin payını artırmağa çalışır. Belə şəraitdə Bakıda keçiriləcək sammitin əhəmiyyəti daha da artır. Çünki müxtəlif ölkələrin təcrübə və strategiyalarının mübadiləsi sərhədlərarası infrastruktur layihələrinin və ortaq enerji bazarının təməlini qoya bilər. Məsələn, Xəzər dənizində külək parklarının qurulması təkcə Azərbaycan üçün deyil, qonşu ölkələrlə inteqrasiya imkanları baxımından da iqtisadi sinerji yarada bilər.
Sammitin gündəliyində xüsusi yer tutan yaşıl hidrogen məsələsi isə daha mürəkkəb və strateji əhəmiyyətli istiqamətdir. Hidrogenin ixrac potensialı böyükdür, xüsusilə Avropa İttifaqının enerji keçidinə marağı fonunda bu sahə gələcəkdə region üçün əsas gəlir mənbələrindən birinə çevrilə bilər. Lakin buradakı çətinliklər az deyil. Su ehtiyatlarının məhdudluğu, duzsuzlaşdırma texnologiyalarına ehtiyac, infrastrukturun yüksək dəyəri və istehsal xərclərinin hələlik əlverişli olmaması bu bazarın inkişaf tempini yavaşlada bilər. Sumqayıtda yaşıl hidrogen istehsalı üzrə planlaşdırılan pilot layihə bu kontekstdə mühüm sınaq rolunu oynayacaq. Əgər bu layihə uğurlu olarsa, Azərbaycanın yaşıl hidrogen ixracçısı kimi bazara çıxışı mümkün ola bilər.
Enerji keçidi yalnız yeni stansiyaların tikintisi ilə yekunlaşmır. Bu prosesdə saxlama texnologiyaları, rəqəmsal həllər və hibrid enerji modelləri həlledici əhəmiyyət daşıyır. Çünki bərpa olunan mənbələrin ən böyük çətinliyi onların fasiləli xarakter daşımasıdır. Gündüz günəşdən, küləkli havalarda isə küləkdən enerji əldə etmək mümkündür, lakin davamlılıq üçün saxlama texnologiyaları olmadan enerji balansı qorunmur. Ona görə də sammitdə enerji saxlama sistemlərinin və rəqəmsal idarəetmə platformalarının əsas müzakirə mövzuları arasında yer alması təsadüfi deyil.
Azərbaycanın yaşıl enerji sahəsində müəyyən etdiyi hədəflər həm də beynəlxalq əməkdaşlıq üçün mühüm siqnal xarakteri daşıyır. 2030-cu ilə qədər 6 QVt gücündə bərpa olunan enerji qurğularının inşası və bunun 4 QVt-ının ixrac edilməsi planı göstərir ki, ölkə regional enerji ixracatçısı kimi yeni mərhələyə qədəm qoymaq niyyətindədir. Bu, yalnız iqtisadi gəlir deyil, həm də geosiyasi baxımdan mövqelərin möhkəmlənməsi deməkdir. Avropanın alternativ enerji mənbələrinə tələbatının artması fonunda Azərbaycanın yaşıl enerji potensialı strateji tərəfdaşlıq üçün mühüm əsas ola bilər.
Nuray,
Aznews.az