15 iyun Azərbaycana nələr qazandırdı...

Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür...

Azərbaycanda 1993-cü ilin iyun hadisələrinin 26-cı ildönümü-15 iyun Milli Qurtuluş Günü yaxınlaşır. 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, ölkə daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planını tam gücü ilə işə salmışdı.

İkiillik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Beləliklə, hadisələr vətəndaş müharibəsinə doğru yön almışdı. Bakıya doğru irəliləyən qiyamçıların qarşısında hökumət hər hansı bir ciddi tədbir görə bilmirdi. Azərbaycan faktiki olaraq böyük uçurumla üz-üzə qalmışdı.

Ä°lgili resim

Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. İyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Heydər Əliyevin prosesə müdaxiləsi dərhal öz təsirini göstərməyə başlamışdı və insanlarda ölkənin xilas olacağına ümid yaratmışdı. İyunun 15-də Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi isə əsas dönüş nöqtəsi oldu. Həmin gündən Heydər Əliyev Azərbaycanın ikinci rəsmi şəxsi statusu ilə ölkəni xilasetmə əməliyyatına start verdi.

Bu tarixin Azərbaycan dövləti və xalqı üçün hansı əhəmiyyət daşıdığı barədə çoxsaylı yazılar, kitablar yazılıb.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı onunla söhbətimizdə bildirdi ki, 1993-cü ilin 2 aprelində Kəlbəcərin işğalından sonra Azərbaycanda ictimai-siyasi vəziyyət köklü şəkildə dəyişmişdi. Siyasi-hərbi böhran iqtisadi böhranla birlikdə daha da dərinləşdi və hakimiyyətə qarşı xalqda etimadsızlıq başladı. Elçibəy hakimiyyətini sıradan çıxarıb Moskvada oturan Ayaz Mütəlliobovu yenidən gətirmək planına start verildi. Bunun üçün Surət Hüseynov kartından istifadə edilirdi: “Surət Hüseynov Rəhim Qazıyevlə, Ələkrəm Hümmətovla birlikdə hərəkət edirdi. Bu şəxslərin hər biri Rusiya kəşfiyyatı tərəfindən ələ alınmış adamlar idilər. Onlar Azərbaycanda Moskvanı təmin eləyən, Moskvanın iradəsini ifadə eləyən Ayaz Mütəllibovu hakimiyyətə gətirməyə çalışırdılar. 4 iyun qiyamını bu planı həyata keçirmək üçün qaldırdılar. Yaranmış ağır durumda çıxış yolu Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi idi. Prezident Əbülfəz Elçibəyin də Azərbaycan xalqı qarşısında ən böyük xidməti onda oldu ki, o, xalqın iradəsinə söykənərək Heydər Əliyevi Bakıya dəvət etdi. Qısa zamanda sübut olundu ki, Heydər Əliyev Bakıya dəvət edilməsəydi və prosesə müdaxilə etməsəydi Surət Hüseynovun başladığı qiyam ölkənin darmadağın olması, vətəndaş müharibəsində boğulması ilə nəticələnəcəkdi. Faktiki olaraq ölkədə vətəndaş müharibəsi başlanmışdı. Azərbaycanın müstəqilliyi əldən getmək üzrə idi. Məhz tarixi şəxsiyyət Heydər Əliyevin gəlişi ilə Azərbaycan bu acı sonluqdan qurtuldu. Heydər Əliyev həyatını riskə ataraq Gəncəyə getdi və çox böyük iradə nümayiş etdirərək proseslərin Azərbaycanın məhv olması istiqamətində getməsinin qarşısını aldı. İyunun 9-da Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyevin iyunun 15-də Milli Məclisin sədri seçilməsi Azərbaycanın müstəqilliyinin xilası günü olaraq tarixə düşdü. Sözün həqiqi mənasında Azərbaycan xalqı və dövləti məhv olmaqdan qurtuldu”.

Deputat vurğuladı ki, Heydər Əliyev Azərbaycanın məhvi üçün qurulmuş çox böyük bir planı öz iradəsi, mübarizəsi, bacarığı və xalqla bir yerdə olması ilə pozdu: “Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi hər birimizdə, xalqda bir inam, əminlik yaratdı. Hər kəs arxayınlaşdı ki, Azərbaycanın müstəqilliyinin xilası üçün ciddi əsaslar yarandı. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan tamamilə parçalanacaqdı. Həmin dövrdə cənubda ”Talış-Muğan respublikası" məsələsi ortaya atılmışdı, şimalda “Sadval” deyilən təşkilat yaradılmışdı və şimal rayonlarımızın Dağıstana birləşdirilməsi ilə bağlı iş aparılırdı, Ermənistan qoşunlarının Kür çayının sahilinə qədər olan bütün Azərbaycan ərazilərini ələ keçirməsi planı işə düşmüşdü. Böyük Heydər Əliyev bu planların həyata keçməsinin qarşısını aldı".

Eldar İbrahimov ile ilgili görsel sonucu

Eldar İbrahimov

Heydər Əliyevin Bakıya dəvət edilməsinin qatı tərəfdarı olmuş deputat, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov da 15 iyunu Azərbaycanın xilası günü hesab edir: “Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan-Heydər Əlirza oğlu Əliyevdir”.

E.İbrahimov qeyd etdi ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır.

Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi: “Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Heydər Əliyevə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar Ümummilli liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər.

Xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.

15 iyun təqvimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olacaqdı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi. 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun-Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir".

Xatırladaq ki, 1997-ci ildən 15 iyun Azərbaycan Xalqının Milli Qurtuluş Günü olaraq rəsmi dövlət bayramı kimi qeyd edilir. (Musavat.com)