Azərbaycan artıq regionun ən önəmli aktorlarından biridir Azərbaycan artıq regionun ən önəmli aktorlarından biridir

Riçard Kozlariç icazəsiz mitinqə hansı haqla dəstək verir?

Azərbaycan artıq regionun ən önəmli aktorlarından biridir

Amerikada yaşayan özünü jurnalist kimi təqdim edən, əslində isə hazırladıqları verilişlərdə xaricdəki antimilli qüvvələrin ruporu kimi çıxış etməkdə püxtələşmiş Sevinc Osmanqızı özünün youtube kanalında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçlə müsahibə edib və ondan sabah Bakıda özünü Milli Şura adlandıran qurum tərəfindən keçiriləcək icazəsiz aksiya haqqında fikirlərini öyrənib. Sevinc Osmanqızı deyəsən unudub ki, Azərbaycan müstəqil bir ölkədir və onun daxili işinə nəinki ABŞ-ın keçmiş səfiri Riçard Kozlariç, ümumiyyətlə heç kim qarışa bilməz. 1994 - 1997 ci illər arasında ABŞ-ın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərmiş bu cənab əslində Azərbaycan haqqında danışa biləcək axırıncı insanlardandır. Səlahiyyət müddəti bitdikdən sonra Azərbaycandan qalıb biznes qurmağa cəhd göstərmiş R.Kozlariç bilən bilir ki, Azərbaycan hakimiyyəti ilə qəsdi, qərəzi də məhz ona bu fəaliyyətinə icazə verilməyəndən sonra başlayıb.

Onun bu qərəzi hətta o həddə çatıb ki, cənab eks səfir dəfələrlə beynəlxalq toplantılarda Azərbaycan əleyhinə fikirlər səsləndirib. Azərbaycanı hər addım başı pisləyib bununla da ölkə başçısını və onun komandasının guya pat vəziyyətinə saldığını düşünsə də, Riçard Kozlariç fərqində deyil ki, artıq Azərbaycan onun 90-cı illərdə gördüyü Azərbaycan deyil. Azərbaycan artıq regionun ən önəmli aktorlarından biridir ki, hətta bir zamanlar diplomatik nümayəndə kimi təmsıl etdiyi ABŞ-da fərqindədir ki, ölkəmiz qətiyyən nə Gürcüstan, nə də Ermənistan deyil ki, onu istədiyin kimi idarə edəsən. Həm uyğun coğrafi, həm də geosiyasi mövqeyi baxımından Azərbaycan regional və qlobal layihələrdə söz sahibidir və bəlkə də cənab eks səfir özünün dumanlı beyni ilə elə düşünür ki, yenə 90 ci illərdir, amma yanılır. Sevinc Osmanqızını anlayıram, axsaq atları gözlərini qıyaraq nallamağa adətkərda olan Riçard Kozlariçə belə şirin görünməyə çalışması normaldır, çünki ağlı başında olan heç bir amerikalı ekspert bu gün Azərbaycan haqqında mənfi rəy söyləyə bilməz. Ən azından vicdanlı və qərəzsizdirsə susmağa üstünlük verər, ya da ümumiyyətlə Sevinc Osmanqızına müsahibə verməz. Orda olan ağlı başında olan, ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirməyən hər kəs bilir ki, Azərbaycan son illərdə çox ciddi inkişaf yolu keçib və ölkədə ciddi anlamda islahatlar hələ də davam etməkdədir.

Bu inkişaf perspektivinin qarşılığında isə kimsə durub Amerikadan qışqırırsa ki, Azərbaycanda insan hüquq və azadlıqlarının ciddi şəkildə pozulması faktları var, Azərbaycanda siyasi məhbusların sayısı kifayət qədərdir, mən onun ciddi anlamda hətta hazırkı ABŞ-ın xarici siyasətinə qarşı getdiyini də düşünərəm. Buna haqqım da çatar. Çünki bundan adım qədər əminəm ki, Azərbaycan bir sabit və dinamik ölkə kimi ABŞ-a daha çox lazımdır. Regionu əlindən çıxarmaq istəməyən, ətraf bölgədə baş verən proseslərə birəbir müdaxilə etmək eşqi ilə od tutub yanan Amerikanın nəyinə lazımdır Azərbaycanda icazəsiz aksiyalar keçirilsin? Amerika guya Əli Kərimlinin, ya da digər müxalifət düşərgəsindəkilərin kimliyini bilmir? Adı kimi tanıyır və bilir. Ona görə də ABŞ-a da maraqlıdır ki, indiki şəraitdə Azərbaycanda xaos və anarxiya yaranmasın. Təbii ki, bu Riçard Kozlariçə və onun kimilərə şamil edilməməlidir. Sevinc Osmanqızının və onun bolşevik təfəkkürlü lideri Əli Kərimlinin qrant aldığı antimilli qüvvələr, ermənipərəst dairələr yəqin ki, onlara məhz elə Riçard Kozlariçlə işləməyi tapşırıblar. Necə deyərlər taylı tayını tapmasa günü ah vayla keçər...

Oktay Hacımusalı