Elşən Manafov: “Qərbin təklifləri Rusiya, İran, Türkiyə və Azərbaycanı qane etmir”

Ötən gün Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası və bu hissədə hərəkətin təşkilini müzakirə ediblər. İrəvan səfərindən sonra Aİ rəsmisinin Azərbaycana səfəri gözlənilir. Maraqlıdır ki, bu səfərdə hansı müzakirələr olacaq?

“Bölgədə nəqliyyat kommunikasiya xətlərinin açılması 2020-ci ilin noyabrında imzalanan Moskva razılaşmasının şərtlərində təsbit olunub. Bu mənada münaqişənin doğurduğu problemlərin həlli istiqamətində tərəflər arasında əldə edimiş və hüquqi səciyyə təşkil edən sənəd Moskvanin moderatorluğu ilə əldə olunmuşdu. Lakin Azərbaycanın müharibədəki qələbəsi bölgədə yeni geosiyasi reallıqlar yaradıb”.

Bu sözləri AzNews.az-a mövzu ilə bağlı açıqlamasında politoloq Elşən Manafov deyib.

O bildirib ki, yeni reallıqlar Qərbi qane etmədiyindən Aİ və ABŞ münaqişənin həlli məqsədi ilə vasitəçilik səylərini gücləndiriblər. Məqsəd isə Rusiyani danışıqlardan kənarlaşdırmaq, onun bölgəyə təsir imkanlarını daraltmaqdır:

"Aİ və ABŞ sülh müqaviləsinin imzalanmasını münaqişənin həllində həyati əhəmiyyət kəsb edən amil kimi dəyərləndirirlər. Halbuki sərhədlərin demarkasiyası və nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlərdə ümumi razılığa gəlmədən problemi mahiyyət etibarı ilə həll etmək mümkün deyil”.

Politoloq əlavə edib ki, Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi də problemlərin Moskva razılaşmasının şərtlərindən kənarda həlli məqsədilə aparılan danışıqların əslində manipulyasiyadan başqa bir şey olmadığını bilir:

“Dəhlizlərin təhlükəsizliyi ilə bağlı məsələlər ətrafinda tərəflər ümumi razılığa gəlməyənə qədər onların iqtisadi baxımdan rentabelliyi ilə bağlı məsələləri də tam mənada həll etmək mümkün deyil. Qərb anlamalıdır ki, region dövlətlərinin bu məsələdə ortaq və konstruktiv mövqeyi olmadan məlum istiqamətlərdə kommunikasiya xətlərinin intensiv işinin təşkili əslində gözlənilən nəticələri verməyəcək”.

Politoloq sonda qeyd edib ki, dəhlizlərə nəzarətlə bağlı Qərbin təklifləri Rusiya, İran,Türkiyə və Azərbaycanı qane etmir:

“Qərb dəhlizlərə nəzarətin Ermənistan sərhədçiləri tərəfindən həyata keçirilməsini təklif edir. Bu isə dolayı yolla Qərbin təsirinin artmasına və bölgə dövlətlərinin xüsusi maraq göstərdikləri Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsinin qarşısının alınmasına hesablanmış mövqedir. Beləliklə, əslində dəhlizlərin perspektivləri ilə bağlı məsələlərə fərqli geosiyasi baxışların olması bu məsələ ətrafındakı rəqabətin əsas səbəblərindəndir”.

Ayan Rzayeva