Mübariz Göyüşlü: “Əgər iradə olsaydı, sülh sazişi çoxdan bağlanmışdı”

“Hesab edirəm ki, ümumilikdə sülh sazişi hələ 2020-ci ilin sonunda, ya da ən geci 2021-ci ilin sonunda imzalana bilərdi. Bunun üçün siyasi iradə lazım idi. Azərbaycan tərəfi, xüsusilə də rəhbərlik səviyyəsində bu siyasi iradə hər zaman mövcud olub və yetərli olub. Lakin qarşı tərəfdə, yəni Ermənistan hakimiyyətində, xüsusən də baş nazir Paşinyanın rəhbərlik etdiyi hökumətdə bu iradə və qətiyyət çatışmayıb. Artıq İkinci Qarabağ müharibəsindən beş ilə yaxın vaxt keçib, lakin hələ də sülh müqaviləsi imzalanmayıb. Bunun başlıca səbəbi Ermənistanın siyasi iradə nümayiş etdirməməsidir. Bəli, bu gün Paşinyan əvvəlki illərlə müqayisədə daha qərarlı görünə bilər. Amma sual altındadır ki, bu qərarlılıq yetərlidirmi? Onlarda həqiqi siyasi iradə və müstəqil qərarvermə imkanları varmı ki, real şəkildə sülh sazişi imzalansın? Bu, hələ də cavabı aydın olmayan sualdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri 10 iyulda Əbu-Dabidə sülh sazişinin mətnini müzakirə etsələr də, imzalanma tarixi hələ müəyyənləşməyib. İddialara görə, sənədin 2025-ci ilin sonunadək imzalanması planlaşdırılır. Bakı əsas şərt kimi Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasını tələb edir. İrəvan bu istiqamətdə referendum hazırlığı gördüyünü bildirir.

Siyasi şərhçi bildirib ki, əgər bütün bu məsələlər öz həllini tapsa, sülh sazişi çox qısa müddətdə, bir ay ərzində və ya ilin sonuna qədər imzalana bilər.

“Ermənistan rəhbərliyinin qərarsız davranmasının səbəbləri arasında daxili və xarici təsirlər də xüsusi yer tutur. Kilsənin təzyiqləri, radikal revanşist müxalifətin basqısı, erməni diasporasının proseslərə müdaxilə cəhdləri, bir müddət əvvəl baş verən hərbi müxalifətin üsyanı – bütün bunlar Paşinyanın əlini bağlayan amillərdir. Bundan əlavə, xarici qüvvələrin – xüsusilə Fransa, Rusiya daxilindəki müəyyən dairələrin proseslərə təsiri də Paşinyanı yekun qərar verməkdən çəkindirir, onu qərarsız və iradəsiz bir vəziyyətdə saxlayır. Bütün bu daxili və xarici problemlər öz həllini tapmalıdır. Eyni zamanda, Azərbaycanın da haqlı tələbləri var. Bu tələblərdən biri Ermənistanın Konstitusiyası ilə bağlıdır. Çünki Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar mövcuddur. Bu məsələ köklü şəkildə həllini tapmadan sülh sazişi imzalanması real görünmür. Həmçinin, artıq tarixə qarışmış ATƏT-in Minsk Qrupu ilə bağlı məsələlər də yalnız sənəd üzərində qalır və bununla bağlı da hüquqi aydınlığa ehtiyac var. Son dövrlərdə biz bu istiqamətdə müəyyən real addımlar və qərarlar müşahidə edirik. Bu da ümid verir ki, əgər bağlı suallara cavab tapılsa, biz sülh müqaviləsinin imzalanmasının şahidi ola bilərik. Ümumilikdə, sülh sazişinin imzalanması üçün kompleks problemlərin həlli tələb olunur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az