Oqtay Qasımov: Rusiya Çinlə “kiçik ortaqlığa” razılaşıb

“Rusiya xarici işlər nazirinin Çinə son səfəri və burada müzakirə olunan məsələlər, xüsusilə də Vladimir Putinin yaxın vaxtlarda Çinə gözlənilən səfəri, iki ölkə arasında münasibətlərin daha da dərinləşdiyini göstərir. Ukrayna müharibəsinin başlanmasından sonra Rusiya və Çin arasında ticarət dövriyyəsinin kəskin artması – hazırda bu rəqəm 256 milyard dollara çatıb – tərəflər arasında iqtisadi əlaqələrin intensiv xarakter aldığını sübut edir. Bu, həm də onu göstərir ki, Çin faktiki olaraq Rusiyanı dəstəkləyir və onun bu müharibədə məğlub olmasında maraqlı deyil. Xatırladaq ki, may ayında Çin lideri Moskvaya rəsmi səfər etmiş, burada Vladimir Putinlə təxminən yeddi saat davam edən genişmiqyaslı görüş keçirmişdi. Həmin görüşdə iki ölkə arasında münasibətlərin bütün əsas sahələri müzakirə olunmuş və bir sıra razılaşmalar əldə edilmişdi. Bu görüş gələcək əməkdaşlığın əsasını qoyan vacib mərhələ kimi qiymətləndirilir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin lideri Si Cinpinlə görüşüb. Görüşdə Rusiya Prezidenti Vladimir Putinin Çinə gözlənilən səfərinə hazırlıq məsələləri müzakirə olunub. Rusiya XİN-in yaydığı məlumata görə, Lavrov Prezident Putinin salamlarını Çin rəhbərliyinə çatdırıb. Tərəflər Putinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və militarist Yaponiya üzərində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirakı ətrafında fikir mübadiləsi aparıblar.

Politoloq bildirib ki, Rusiya strateji istiqamətini müəyyənləşdirərək Çinlə birlikdə Qərbə qarşı alternativ bir alyans yaratmaq xəttini seçib.

“Çin isə öz növbəsində, iqtisadi, texnoloji və geosiyasi potensialı ilə qlobal güc statusuna iddialarını gücləndirməkdədir. Bu kontekstdə Rusiya Çin üçün yalnız siyasi tərəfdaş deyil, həm də geniş yeraltı sərvətlərə malik etibarlı xammal bazası rolunu oynayır. Rusiya, eyni zamanda, Çinin istehsal sektorunun ehtiyaclarını qarşılayan resurs mənbəyi kimi də strateji əhəmiyyət daşıyır. Bundan əlavə, Çinlə Rusiya arasında Arktikada birgə fəaliyyət planları və Şərqi Sibir-Tayqa bölgəsində uzunmüddətli məskunlaşma strategiyalarına dair niyyətlər də gündəmdədir. Bütün bu faktorlar Rusiya üçün Çini strateji prioritetə, Çin üçün isə Rusiyanı önəmli geoiqtisadi partnyora çevirir. Ümumilikdə, may ayında baş tutan liderlər səviyyəsində görüş bu münasibətlərin növbəti mərhələyə keçidini şərtləndirən əsas siyasi platformaya çevrilib. Rusiya faktiki olaraq Çinlə birgə hərəkət etmək və bu prosesdə onun “kiçik ortağı” rolunu qəbul etmək qərarına gəlib. Qərb blokuna qarşı bu yeni geosiyasi mövqe iki ölkənin qarşıdakı illərdə əməkdaşlığının əsas istiqamətlərini müəyyən edir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az