"Burada endirilən sarsıdıcı zərbənin effekti, heç də ön xətdə snayperimizin açdığı atəşdən az deyil". "Burada endirilən sarsıdıcı zərbənin effekti, heç də ön xətdə snayperimizin açdığı atəşdən az deyil".
  • Hadisə
  • 29 Mart 2019 22:49
  •  7 632

İnternet də cəbhədir və bu cəbhədə söyüş, təhqir boş patron təsiri bağışlayır - Sahib Alıyevlə "Yaxın Plan"da

"Burada endirilən sarsıdıcı zərbənin effekti, heç də ön xətdə snayperimizin açdığı atəşdən az deyil".

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz deputat Sahib Alıyevdir.

- Sahib bəy, bildiyiniz kimi, prezident İlham Əliyev bu gün Vyanada Paşinyanla görüşür. Bu görüş də Minsk qrupunun “yeni format” təşəbbüsü ortaya atmaqla danışıqlardan yan qaçmağa çalışan Ermənistana təzyiqləri nəticəsində baş tutub. Sizcə bir çox hallarda erməni havadarı kimi çıxış edən Minsk qrupu bu təzyiqlərə niyə getdi?

- Müəyyən dərəcədə öz sifətlərini qorumaq və Ermənistanı xilas etmək üçün. Çünki ATƏT çərçivəsində əldə edilmiş razılaşmaya görə tərəflərdən heç biri digərinin razılığı olmadan təkbaşına format dəyişikliyi edə bilməz. Minsk qrupu həmsədrlərinin bu məsələdə də işğalçı Ermənistanı dəstəkləməsi lap ağını çıxarmaq olacaqdı. Onlar da buna getmədilər. Ermənistanın bu cığallığına, onun substantiv danışıqlardan indi də bu ad altında yayınmasına bir az da göz yumulması sonda müharibəylə nəticələnəcəkdi. Minsk qrupuna həmsədrlik edənlər bunu da, müharibənin haylar üçün necə bitəcəyini də bilirdilər. Məhz bu məntiqdən çıxış edərək deyirəm ki, həmsədrlərin Ermənistana təzyiqi əslində onu xilas etmək mahiyyəti daşıyırdı.

- Vyana danışıqları öncəsi Ermənistanın xarici işlər naziri Mnatsakanyanla Rusiyanın xarici işlər naziri Lavrov arasında zəngləşmə oldu, onun ardınca da Mnatsakanyanın gizli şəkildə Moskvaya gedərək onunla görüşdüyü bildirilir. Sizcə bu nə deməkdir? Niyə xələfi bu qəbildən olan görüşləri açıq şəkildə etdiyi halda Mnatsakanyan gizlin edir?

- Bu, o deməkdir ki, Ermənistan indidən sonra da danışıqlarda müstəqil subyekt kimi yox, kölgə və kölə kimi çıxış etmək istəyir. Mnatsakanyanın Lavrovla gizli görüşündən mən yaxşı heç nə gözləmirəm, çünki sonuncu indiyə kimi Dağlıq Qarabağ probleminin həllində maraqlı olan adam təsiri bağışlamayıb. O ki qaldı görüşün gizliliyinə, yəqin bununla onu göstərmək istəyirlər ki, sələfləri açıq vassallıq edirdilər, bunlar da edəcək, ancaq gizlin.

- Bundan əvvəl bir neçə dəfə ölkə başçılarının qeyri rəsmi görüşləri olub. Amma həmin görüşlərdə Dağlıq Qarabağla bağlı aparılan danışıqlar nəticə verməyib. Bəs bu görüşdən gözləntilər nədir?

- Bilirsiniz, bundan öncəki görüşlər fərqli mahiyyət daşıyırdı. Bu danışıqlarda, belə demək mümkünsə, cənab prezident əli azərbaycanlıların qanına batan Ermənistandakı hərbi xunta təmsilçilərinin yenidən hakimiyyətə gəlməməsi və Paşinyanın möhkəmlənməsi üçün onu sərt reallıqlarla üz-üzə qoymadı. Amma indi vəziyyət başqadır. Paşinyan bu vəziyyətdən yenə də faydalana və dediyi kimidirsə, çox sevdiyi ölkəsini xilas edə bilər. Çünki Azərbaycan prezidenti ona əli azərbaycanlıların qanına batan Köçəryan və Sərkisyana yanaşdığı kimi yanaşmır. Fikrimcə, onunla necə deyərlər, daha yumşaq atmosferdə danışıqlar aparılır. Amma Paşinyan bu cür davam edəcəksə, onda o da sərt reallıqlarla, Ermənsitandakı əsgər analarının “Bizim övladlarımız niyə gedib Qarabağda ölməlidirlər” tənəsiylə üzləşəcək. Sonra da nələr baş verəcəyi aydındır. Bu görüşdən gözləntilərə gəldikdə isə bizim gözləntimiz təbii ki, torpaqların azad edilməsi yolunda konkret addımların atılmasıdır. Ancaq danışıqlardan əvvəl cəbhədə baş verənlər, Paşinyanın açıqlamaları, Ermənistan diplomatiyasının hərəkət trayektoriyası onu göstərir ki, işğalçı buna hazır deyil və onu hazırlamaq lazım gələcək. Bununla yanaşı Vyana danışıqlarında hay girovluğunda olan iki soydaşımız Dilqəm Əsgərovla Şahbaz Quliyevin bizdə olan diversantına dəyişdirilməsi yönündə müəyyən irəliləyişlərin ola biləcəyinə ümid edirəm. Cənab prezident bundan öncəki görüşlərdə də bu məsələni qaldırmışdı və indi Paşinyan buna gedə bilər. Ümumiyyətlə, aydın görünür ki, Ermənistan danışıqlar yoluyla işğal altındakı torpaqları boşaltmaq istəmir. Azərbaycan diplomatiyası belə bir vəziyyətdə onların özlərini kar və kor kimi aparmalarına baxmayaraq hazırda həmsədrlərə və beynəlxalq qurumlara Ermənistanın danışıqlarda maraqlı olmadığını təsbit və təsdiq etdirmək üçün çalışır. Bunun ardınca isə hansı addım atılmalıdırsa, o da atılacaq.

- Bir neçə gün əvvəl Paşinyan qeyd edib ki, Azərbaycan xalqı ilə də danışıqlar aparmaq istəyir. Sizcə, o, bu fikrində nə qədər səmimidir və məqsədi nədir?

- Azərbaycan xalqı ilə danışıqlar aparmaq istəyirsə, onun yolunu kəsən kimdir? Əgər bunu həqiqətən də istəyirsə, onda imkan versinlər azərbaycanlılar öz doğma yurd yerlərinə, o cümlədən Ermənistandakı evlərinə qayıtsın. Orada onlarla nə qədər istəyir görüşüb danışsın.Azərbaycan prezidenti Dağlıq Qarabağın erməni icmasına ən yüksək muxtariyyət vəd edir, görək, o zaman Paşinyan Ermənistanın azərbaycanlı icmasına nə vəd edəcək?

- Sosial mediada aqressiv şəkildə qarşılıqlı təhqirlər səsləndirildiyi hər kəsə məlumdur. Azərbaycanlıları hardasa başa düşdük. Bəs ermənilər nəyə aqressivdir?

- Mən heç azərbaycanlıları da başa düşmək istəmirəm. Biz təhqir etməli deyilik. Təhqir zəiflərin, savadsızların və bir çox hallarda da haqsızların əl atdıqları metoddur. Biz arqumentlərlə onları susdurmalıyıq. Aqressivliyə gəldikdə, fikrimcə, biz aqressiv də deyilik. Qətiyyətli və sərtik. Nə qədər sülhpərvər də olsaq, bıçaq sümüyə dirəndiyi üçün artıq savaşa köklənmiş bir toplumuq.Torpağı işğal altında olan xalqdan başqa nəsə gözləmək də absurddur.

- Son olaraq 31 martda erməni diasporu Barselonada Qondarma Artsax adı altında konsert təşkil edəcək. Məqsəd Qarabağı Artsax adı ilə ispan cəmiyyətinə tanıtmaqdır. Ümumiyyətlə Azərbaycan diasporu bu cür addımlara qarşı necə hərəkət etməlidir?

- Bilirsiniz, bir hərəkət modeli var - öz əleyhinə işləyən situasiyanı öz xeyrinə dəyişmək. Biz də 31 mart tədbiriylə bağlı bunu etməliyik. Hayların Kataloniyada bu cür tədbir keçirmələri əslində İspaniyanın özünə qarşı da bir təxribatdır. Bilirsiniz ki, Kataloniyada da separatizm meyilləri güclüdür və buna görə haylar oranı seçiblər. Fikrimcə, biz həm diplomatik kanallarla, həm də diasporumuzun yardımıyla bunu rəsmi Madridin diqqətinə çatdırmalıyıq. Bundan başqa ispan dilini bilən soydaşlarımız sosial şəbəkənin ispan seqmentində fəal olmalı, azərbaycanlılara qarşı törətdikləri soyqırım günü konsert verən hayların iç üzlərini açmalıdırlar. Onların terrorçu və işğalçı mahiyyətini göstərən çoxlu faktlar paylaşmalıdırlar. İndiki dövrün reallığı belədir ki, hazırda informasiya müstəvisində gedən savaş cəbhədəkindən heç də az əhəmiyyət kəsb etmir. Faktdır ki, bizim ordumuz haylarınkından qat-qat güclüdür. Əgər belə olmasa, hayların havadarları “Dağlıq Qarabağ problemi ancaq sülh yoluyla həllini tapmalıdır” deməzlər. İstəyirəm buna diqqət yetirək ki, biz cəmiyyət olaraq necə, informasiya savaşında da ordumuzun edə biləcəyini etmək qüdrətindəyikmi? Və vaxtını internetdə keçirənlərin neçə faizi burada yalançı vətənpərvərliyi, “nəyi gözləyirik, niyə müharibə etmirik” kimi özündən başqa kimə istəyirsən yönləndirdiyi ittihamları qırağa qoyaraq həqiqətən də işğalı və işğalçını hədəfə alan işlə məşğuldur? Məsələ burasındadır ki, torpağı işğal altında olan ölkənin hər bir yetkin vətəndaşı əsgər olmalıdır. İnternet də cəbhədir və bu cəbhədə söyüş, təhqir boş patron təsiri bağışlayır. Haylara informasiya müstəvisində savadlı, arqumentli, onları ifşa edən zərbələr endirmək lazımdır. Ardıcıl olaraq, dayanmadan və müxtəlif dillərdə. Əmin ola bilərsiniz ki, burada endirilən sarsıdıcı zərbənin effekti, heç də ön xətdə snayperimizin açdığı atəşdən az deyil.

Pərvanə Ağazadə

AzNews.az