AŞ PA-nın payız sessiyası başladı

Oktyabrın 1-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başladı. Yığıncağı açan qurumun sədri Jan-Klod Minyon dünyada baş verən hadisələrə toxunub, həyat modelinə maliyyə böhranının təsirindən, münaqişələrin mövcudluğu və onların həlli istiqamətində görülən işlərdən, Suriyada yaranmış ağır vəziyyətdən və Avropa ölkələrinin bu hadisələrə münasibətindən, "Ərəb baharı"nın baş verdiyi dövlətlərdə həyata keçirilən islahatlardan söhbət açmış, demokratiyanı təhdid edən rasizm meyillərinin genişlənməsini, İslam dünyasını təhqir edən filmin nümayiş etdirilməsini pisləmiş, bu cür halların xalqlar arasına təfriqə salmasına xidmət etdiyini diqqətə çatdırıb.

Mədəniyyətlərarası dialoqun xalqların yaxınlaşmasında müstəsna rol oynadığını vurğulayan AŞPA sədri Rusiyada insan haqlarının vəziyyəti ilə bağlı məsələnin gündəlikdə yer aldığını bəyan edərək, AŞPA-nın Rusiyaya dair qətnaməsinə etiraz əlaməti olaraq Dövlət Dumasının sədri Sergey Narışkinin sessiyada çıxışından imtina etməsindən təəssüfləndiyini bildirib və rusiyalı həmkarlarını dialoqa çağırıb.

Jan-Klod Minyon AŞPA sessiyasından sonra Strasburqda beynəlxalq demokratik forumun keçiriləcəyini, bu mötəbər toplantıda BMT-nin baş katibinin, habelə dünyanın tanınmış siyasi xadimlərinin iştirak edəcəyini bildirib, sessiyada müzakirə olunacaq məsələlərdən danışıb.

Sonra AŞPA sədrinin müavininin seçkisi keçirilib. Fransanın AŞPA yanındakı nümayəndə heyətinin üzvü, ermənipərəst deputat Rene Ruke sədr müavini seçilib. Həmçinin AŞPA bürosu və daimi komitə rəhbərləri hesabatla çıxış ediblər. Hesabat ətrafında müzakirələr zamanı Böyük Britaniyadan olan deputat Maykl Hənkok dondurulmuş münaqişələrə toxunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər həllini tapmamasında AŞPA-nın seyrçi mövqeyini pisləmişdir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında bildirmişdir ki, Ramil Səfərovla bağlı məsələnin AŞPA gündəliyinə çıxarılması bir daha göstərir ki, qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində balanslaşdırılmış siyasət yeritmir. R.Səfərovun işi birbaşa Azərbaycanla bağlı olduğu halda, nədənsə Azərbaycan nümayəndə heyətinin dəvət edilməməsi heç bir demokratik dəyərlərə sığmır və təəssüf hissi doğurur. Təəccüblüdür ki, AŞPA uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədiyi halda, R.Səfərovun məsələsini dərhal müzakirəyə çıxarmaq barədə qərar qəbul edir.

Nümayəndə heyətinin rəhbəri Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi kontekstində bütün məsələlərdə bir tərəfin deyil, hər iki tərəfin bərabər şəkildə mövqeyinin öyrənilməsinin vacibliyini vurğulayaraq demişdir: "Hər dəfə biz Assambleyada müzakirələr, fikir mübadiləsi apardıqda, siz bizdən daha obyektiv olmağımızı və bir-birimizin mövqeyini nəzərə almağımızı istəyirsiniz. Bildiyiniz kimi, Avropa Şurasının üzvləri olan Azərbaycan və Ermənistan arasında münaqişə mövcuddur. Buna görə də hesab edirəm ki, AŞPA bütün məsələlərdə hər iki tərəfi eyni şəkildə dinləməlidir və üzv ölkələr arasında fərq qoymamalıdır. Bu, münaqişənin həlli istiqamətində müsbət nəticələr əldə etmək üçün yeganə vasitədir. Amma mən bu gün Assambleyanın fəaliyyətinə dair hesabatı oxuduqda, mətnin ikinci bəndində görürəm ki, Ramil Səfərov məsələsini gündəliyə daxil etdikdə Büro Ermənistan nümayəndə heyəti rəhbərinin bəyanatını nəzərə alaraq etmişdir.

O zaman bu məsələni qəbul edərkən niyə Azərbaycan tərəfinin rəyini dinləməmisiniz? Niyə bizə imkan verilmədi ki, öz tərəfimizdən bu məsələ ilə bağlı izahatımızı verək? Niyə bizi xəbərdar etmirsiniz, niyə biz Büronun dinləmələrinə rəsmi dəvət almamışıq?".

Səməd Seyidov qeyd etmişdir ki, müzakirələrdə Azərbaycan tərəfinin də aydınlıq gətirməsi məsələnin obyektivliyi baxımından daha düzgün olardı. Çünki Ramil Səfərov məsələsi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə sıx bağlıdır. Bu məsələdə hər iki ölkənin mövqeyi dinlənilməli idi. Ən düzgün yol Ramil Səfərov məsələsinə Dağlıq Qarabağ münaqişəsi kontekstində baxılmasıdır. İllərdir ki, biz Assambleyada tərəflər arasında dialoqun bərpa olunmasını tələb etmişik, amma bu gün məndə elə təəssürat yaranır ki, siz yalnız Ermənistan nümayəndə heyətinin mövqeyini nəzərə alırsınız. Hesab edirəm ki, bu hal özünü demokratik təşkilat kimi göstərən Avropa Şurasının prinsiplərinə heç cür uyuşmur. Buna görə də biz Assambleyadan və onun Bürosundan tələb edirik ki, Azərbaycan tərəfinin də mövqeyi nəzərə alınsın və bu məsələ obyektiv şəkildə təhlil olunsun.
Sonda AŞPA sədri deputatların çıxışlarına münasibət bildirmişdir.

AzNews.az