Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, ötən il dekabrın 6-da ABŞ Konqresi Nümayəndələr Palatasının təşkilatçılığı ilə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri səfir Ceyms Uorlikin iştirakı ilə bağlı qapılar arxasında görüş keçirilib. Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, ötən il dekabrın 6-da ABŞ Konqresi Nümayəndələr Palatasının təşkilatçılığı ilə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri səfir Ceyms Uorlikin iştirakı ilə bağlı qapılar arxasında görüş keçirilib.

ABŞ Konqresində Qarabag sevgisi: səmimiyyət, yoxsa xəyanət?

Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, ötən il dekabrın 6-da ABŞ Konqresi Nümayəndələr Palatasının təşkilatçılığı ilə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri səfir Ceyms Uorlikin iştirakı ilə bağlı qapılar arxasında görüş keçirilib.



Gizli və kifayət qədər müəmmalı görüş barəsində yeganə məlumat kimi 2013-cü ildən etibarən ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri vəzifəsini icra edən, Kaliforniyadan seçilmiş konqresmen Ed Roysun açıqlamasıdır. Qərəzli açıqlamanın detallarına keçməzdən öncə Ed Roysun fəaliyyətinə dair bir neçə məqama diqqət yetirməklə (toxunmaqla) əslində, bir sıra mətləblər ortaya çıxır və "niyə?", "nə üçün?" suallarına böyük mənada cavab tapılır.

Ed Roys 1992-ci ildən ABŞ Konqresinin Nümayəndələr Palatasına Kaliforniya ştatından seçilən konqresmendir. Fəaliyyəti dövründə erməni icması ilə sıx bağlılığı olan Ed Roys təsadüfi deyil ki, Konqresin 112-ci çağırışında (2011) Erməni məsələləri üzrə İşçi Qrupunun həmsədri olub. Qeyd edək ki, öz vəzifəsini Ed Roysa təhvil verərkən senator Mark Kirk bu vaxta qədər sələfinin Amerikanın erməni icması üçün yorulmadan çalışdığını qeyd edib və onun bu sahədə fəaliyyətini yüksək qiymətləndirib. Mark Kirk bununla kifayətlənməyərək, İşçi Qrupun həmsədri olaraq, qarşıda duran məqsədləri də "əmanət" kimi həmkarına ötürüb.

Bu məqsədlərə isə qondarma "erməni soyqırımı"nın ABŞ tərəfindən tanınması, Ermənistan və Dağlıq Qarabağa yardımların səviyyəsinin saxlanılması, "demokratiya və özmüqəddəratını təyinetmə prinsipləri" əsasında Dağlıq Qarabağ üçün ədalətli və davamlı "sülhün" əldə edilməsi daxildir. Burada sual oluna bilər, münaqişə tərəfi olan Ermənistanla sıx bağlılığı olan, uydurma erməni xülyalarına əsaslanan bu "ideyalar" uğrunda çalışan şəxs Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı nə dərəcədə obyektiv və qərəzsiz fikir yürüdə bilər?! Təbii ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş, prinsiplərində münaqişələrin həllinin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə əsaslanması yanaşmasına məhəl qoymayaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini münaqişəyə ayrıca tərəf kimi göstərən və "özmüqəddəratını təyinetmə" prinsipini önə çəkmə yolunda fəaliyyət göstərən şəxsin məsələyə qərəzli yanaşması onun bütün çıxışlarında öz əksini tapıb.

Cənab Roys qondarma "Dağlıq Qarabağ Respublikası"nın qurama "müstəqilliyi" ilə bağlı keçirilmiş tədbirdə çıxışı zamanı işlətdiyi siyasi terminlərin yanlışlığı bir yana, cəbhə xəttində məhz Ermənistan tərəfindən mütəmadi olaraq pozulan atəşkəs nəticəsində təmas xətti boyunca yaşayan azərbaycanlı mülki əhaliyə atəş açılması faktlarına da göz yumur, birtərəfli, əsassız və qərəzli ittihamlar səsləndirir.

E.Roys məlum qapalı görüşlə bağlı verdiyi ümumi açıqlamada regionda sülh və təhlükəsizliyə, o cümlədən münaqişə tərəfləri arasında etimadın yaradılmasına birbaşa əngəl olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu məsələsindən yan keçərək, snayperlərin geri çəkilməsi və insidentlərin araşdırılması mexanizmi kimi ikinci dərəcəli məsələləri gündəmə gətirir və ermənipərəst mövqeyini bir daha ortaya qoyur. Siyasi bilik və məntiqinə şübhə etmədiyimiz cənab Roys snayperlərin nə üçün təmas xəttində olması barədə düşünübmü?! Buna səbəbin Ermənistan silahli qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun olduğu qənaətinə gəlibmi?! Açıqlamasının sonunda "Təcavüz aktları açıq şəkildə pislənilməlidir" - deyən E.Roys 20 ildən çox müddət ərzində erməni təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünlər haqqında bir kəlmə də olsun deməyib, onların beynəlxalq humanitar hüquqdan irəli gələn hüquqlarının pozulmasına toxunmayıb. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətinin qanunverici orqanının nümayəndəsi tərəfindən təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoyulmaması normal qarşılana bilməz.

Maraqlıdır ki, erməni diasporunun ciddi cəhdləri və maliyyə yardımlarına cavab olaraq, 26 oktyabr 2015-ci il tarixində Ed Roys və bir qrup ermənipərəst həmfikirlərinin imzası ilə ATƏT-in Minsk Qrupundan olan həmsədri Ceyms Uorlikə məktub ünvanlanıb. Çox güman ki, sözügedən məxfi görüş də məhz verbal addımın vizual davamıdır. Qeyd edilən məktubda "Roys-Enql təklifləri" adını almış təkliflər irəli sürülüb: təmas xətti boyunca tərəflər snayperlər yerləşdirməkdən imtina etməli, təmas xətti boyunca hücumların mənbəyinin müəyyən edilməsi məqsədilə insidentlərin araşdırılması mexanizminin tətbiqi və atəşkəsin pozulmasının monitorinqi üçün təmas xətti boyunca əlavə ATƏT müşahidəçilərinin göndərilməsi.

Son zamanlar istər Ermənistan rəhbərliyi, istərsə də erməni diasporu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ən vacib elementin kənarlaşdırılması, əksinə insidentlərin araşdırılması mexanizmi kimi ikinci dərəcəli elementlərin gündəmə gətirilməsi tendensiyası müşahidə olunmaqdadır.

İnsidentlərin araşdırılması mexanizmi münaqişənin həlli ilə əlaqədar kompleks tədbirlərin bir elementi olaraq, Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası prezidentlərinin 2011-ci il 5 mart və 2012-ci il 23 yanvar Soçi bəyanatlarında öz əksini tapıb. İnsidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin hərtərəfli həllinə xidmət edə biləcək kompleks vasitələrdən biridir.

Cənab Roys bu barədə danışarkən mütləq insidentlərin nəyə görə baş verdiyini araşdırmalı idi. İnsidentlər ona görə baş verir ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq Ermənistanın silahlı qüvvələri mövcuddur. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra insidentlər baş verməz və onların araşdırılmasına da ehtiyac qalmaz.

Həmçinin, ötən ilin sentyabrında Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilmiş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra Azərbaycan tərəfi bir daha bəyan etdi ki, insidentlərin araşdırılması mexanizmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır.

Tamamilə aydındır ki, Ermənistan və erməni diasporu bu mexanizm adı altında

Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır.

Ümumilikdə, Azərbaycana qarşı ABŞ-ın qanunverici orqanında qəbul edilmiş və ya gündəliyə salınmış istənilən sənəd və ya sənəd layihəsinin arxasında erməni diasporunun dayandığını aydın şəkildə görünür. Bu fəaliyyətlərdə 1995-ci ildə əsası qoyulmuş və hazırda 100-ə yaxın üzvü olan Erməni məsələləri üzrə Qrupun fəaliyyəti də xüsusi qeyd edilməlidir. Erməni diasporunun ciddi şəkildə inandığı və Ermənistanı məhvə sürükləyən yalanlar "gerçək" şəklində Konqres üzvlərinə təlqin edilir və seçki kampaniyalarının maliyyələşdirilməsi yolu ilə ələ aldıqları konqresmenlərin Azərbaycana qarşı bu və ya digər sənəd layihəsini imzalamaqdan başqa seçimi qalmır.

Hələ 1992-ci ilin dekabrında ABŞ konqresində "Azadlığı müdafiə aktı"na 907-ci Düzəliş qəbul edilib. Bu Düzəlişə görə, ABŞ hökuməti tərəfindən Azərbaycana birbaşa dövlət yardımları qadağan edilir. Öz aktuallığını itirmiş bu Düzəlişin hələ də ləğv edilməməsinin səbəbi də məhz erməni diasporunun fəaliyyətidir.

Bu yaxınlarda digər bir ermənipərəst konqresmen Krist Smit tərəfindən irəli sürülmüş absurd qətnamə layihəsi də məhz havadarlarının canfəşanlığının nəticəsidir.

Bir məqam da qeyd edilməlidir ki, uzun illərdir ABŞ-dakı erməni diasporunun əsas məqsədi qondarma "erməni soyqırımı"nın ABŞ tərəfindən tanınmasına nail olmaq olub.

Bu xəttin fiaskoya uğraması diqqətin daha çox Ermənistan-Azərbaycan münaqişəsi üzərinə yönəlməsinə səbəb olub. Bununla da ABŞ hakimiyyətinin qanunverici qolu tərəfindən icraedici qolunun mövqeyi və maraqları ilə tamamilə ziddiyyət təşkil edən izah edilməsi mümkünsüz olan əsassız sənədlər müzakirəyə çıxarılır.

Tamamilə qütbləşən ABŞ-dakı erməni diasporunun yeni nəslini 100 il bundan əvvəl Yaxın Şərqdə baş verdiyi iddia olunan "soyqırım" hadisəsi ətrafında birləşdirmək artıq mümkün deyil. Ona görə də erməni lobbisinin fəalları özlərinin maliyyə gəlirlərini düşünərək, diasporanı səfərbər edə biləcək həssas mövzular formalaşdırmağa və özlərini gündəmdə saxlamağa çalışırlar. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olan əlahiddə fəallığın epizodlarından biri də məhz budur.

Dailykarabakh saytının analitik qrupu