- Dünyanın halı
- 22 İyul 19:07
- 1 388
BMT Təhlükəsizlik Şurası mübahisələrin sülh yolu ilə həllinə çağıran qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası yekdilliklə bütün üzv dövlətləri BMT Nizamnaməsinin prinsiplərini təsdiq edərək, mübahisələrin sülh yolu ilə həlli mexanizmlərindən istifadə etməyə çağıran qətnamə qəbul edib.
Şuranın 15 üzvünün hamısı Pakistanın təqdim etdiyi qətnamənin lehinə səs verib.
Qətnamə “bütün üzv dövlətləri Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 33-cü maddəsində qeyd olunan mübahisələrin sülh yolu ilə həlli mexanizmlərindən, o cümlədən danışıqlar, sorğu, vasitəçilik, barışıq, arbitraj, məhkəmə həlli, regional agentliklərə və ya razılaşmalara müraciət etmək və ya öz seçdikləri digər dinc vasitələrdən səmərəli istifadə etməyə çağırır”.
Sənəd, həmçinin “müvafiq olaraq bu mexanizmlərdən istifadəni tövsiyə etmək əzmini ifadə edir” və “BMT Nizamnaməsində nəzərdə tutulmuş təhqiqat mexanizmindən istifadə etməyə hazır olduğunu bildirir”.
Şura üzvləri həmçinin üzv dövlətləri “mübahisələrin sülh yolu ilə həlli üçün Təhlükəsizlik Şurasının qətnamələrinin effektiv icrası üçün lazımi tədbirlər görməyə” çağırıblar.
Regional və subregional təşkilatları "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq mübahisələrin sülh yolu ilə həlli üçün səylərini artırmağa" çağıran qətnamə üzv dövlətləri təşkilatlarla BMT arasında əməkdaşlığı dəstəkləməyə və gücləndirməyə təşviq edir.
O, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşdən qətnamənin qəbulundan bir il sonra xüsusi brifinqdə və müntəzəm hesabat kanalları vasitəsilə “mübahisələrin sülh yolu ilə həlli mexanizmlərinin daha da gücləndirilməsi üçün konkret tövsiyələr” təqdim etməyi xahiş edir.
Mövsüm,
AzNews.az