Özbəkistanla sərhəddə iki Qırğızıstan vətəndaşı həlak olub

İki Qırğızıstan vətəndaşı Özbəkistan sərhədçilərinin onları sərhəddə saxlaması cəhdində həyatını itirib.

Bu barədə sentyabrın 1-də Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (GKNB) sərhəd xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qırğızıstanın Cəlal-Abad vilayətinin Çatkal rayonunun Ayğır-Cal kəndinin iki sakininin itkin düşməsi barədə məlumat avqustun 25-də daxil olub, – “İnterfaks” rəsmi açıqlamaya istinadla bildirir.

“Avqustun 28-də keçirilən işçi görüş zamanı Özbəkistan tərəfinin sərhəd nümayəndələri bildiriblər ki, avqustun 15-də Qırğızıstan, Özbəkistan və Qazaxıstan sərhədlərinin qovşağında, Özbəkistan ərazisində onların sərhədçiləri iki naməlum şəxsi aşkar ediblər. Özbəkistan tərəfinin məlumatına görə, həmin şəxsləri saxlamaq cəhdində onlar göstərişlərə tabe olmayıb və sərhədçilər silah tətbiq edib. Nəticədə hər iki vətəndaş güllə yaraları alıb”, — qurumun açıqlamasında qeyd olunub.

Mövsüm,

AzNews.az