Britaniya Fələstin dövlətini tanısa... -yeni gəlişmə

Hazırda dünyanın qan çanağına çevrilmiş Qəzza zolağında savaşın bitməsi, deyəsən, dünya güclərinin marağında deyil. Yaxud da İsrail və HƏMAS heç bir halda anlaşmaya gəlmək istəmirlər. Artıq həlak olanların sayı 27 min nəfərə çatır, ancaq müharibənin sonu da görünmür.

Təhlilçilər deyir ki, 50 ildən çox tarixi olan bu konfliktin həlli yalnız müstəqil Fələstin dövlətinin yaranmasından, tanınmasından asılıdır. Deyəsən, bu yöndə ilk addımı Böyük Britaniya atmaq istəyir.

“Britaniya sülh nizamlanmasına nail olmaq üçün birgə səylərin bir hissəsini - Fələstin dövlətinin tanınmasını nəzərdən keçirəcək”.

Aznews.az “Guardian”a istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Kameron deyib.

“Fələstinlilərin iki dövlətli həllə doğru geridönməz bir irəliləyiş əldə ediləcəyini görə bilməsi üçün siyasi üfüqə sahib olması vacibdir”, - britaniyalı nazir bildirib.

Kameron BMT-də Fələstin dövlətinin tanınmasını nəzərdən keçirməklə Böyük Britaniya və müttəfiqlərinin təzyiqi artıra biləcəyini açıqlayıb.

“Biz Fələstin dövlətinin necə görünəcəyini, nədən ibarət olacağını, necə işləyəcəyini müəyyənləşdirməyə başlamalıyıq. Bununla da biz müttəfiqlərlə birlikdə Fələstin dövlətinin tanınması məsələsinə BMT-də baxacağıq”, - Devid Kemeron qeyd edib.

Böyük Britaniya Fələstin dövlətini tanıyarsa, bu, tendensiyaya çevrilə və savaşın səngiməsinə, problemin zamanla həllinə səbəb ola bilərmi?

Əhəd Məmmədli: “Fələstin dövlətinin qurulması heç də uzaqlarda deyil”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, bu tarixi hadisə baş verərsə, burada əsas rolu qardaş Türkiyə oynayacaq: “Birinci dünya savaşından sonra bu ərazilərdə mandat Britaniyanın əlində idi. Məhz o vaxtdan da Avropadakı yəhudilərin Fələstin torpaqlarına köçü başladı. Fələstinə yəhudilərin köçünün pik nöqtəsi İkinci Dünya savaşından sonraya təsadüf etdi. İngilis tacı və ona tabe olan Britaniya Nazirlər Kabineti, Amerikadan müstəqil şəkildə öz oyununu oynayır. İngilis tacının yeni planında müsəlmanlarla yaxınlaşmaq var və bunun ilk addımı da Fələstin dövlətinin tanınmasından keçir. Devid Kameronun bu haqda ifadəsi ilə buna doğru ilk addım atılıb. Bunu da unutmayaq ki, HƏMAS 20-ci əsrin ilk yarısında qurulan ümum Ərəb-İslam təşkilatı olan müsəlman-qardaşlarının bir qoludur. Müsəlman qardaşlarının digər ərəb qolu Qətər əmirliyidir. HƏMAS rəhbərliyi Qətərin paytaxtı Dohada oturur.Türkiyənin ərəb dünyasında ən yaxın müttəfiqi də heç kəsə sirr deyil ki, həmin bu Qətərdir. Qardaş ölkə Türkiyədə 22 ildir iqtidarda ideoloji baxımdan müsəlman-qardaşlarına yaxın AK Partidir. Qərb dünyasında Türkiyə ən yaxın münasibətlərə Britaniya, daha doğrusu ingilis kral sarayı ilə malikdir. Ələlxüsus da indiki ingilis tacı ilə Türkiyə lideri Ərdoğanın özəl münasibətləri var. Bütün bunları götür-qoy etsək görərik ki, Fələstin dövlətinin qurulması heç də uzaqlarda deyil. İsrailin Qəzza bölgəsində quru əməliyyatında bizim gözlədiyimiz kimi lazımi nəticələr ala bilməməsi və bunun acığını dinc əhalidən çıxması, müstəqil Fələstin dövlətinin qurulmasını zəruri edir”.

Elxan Şahinoğlu: “İsrailin təhlükəsizliyinin təminatı Fələstinin müstəqilliyini tanımaqdan keçir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu baş tutsa belə, İsrailin hazırkı hökumətinin məhz bu səbəbdən əməliyyatları davam etdirəcəyini proqnozlaşdırır: “İsrailin Qəzza bölgəsində apardığı əməliyyat davam edir. Bu əməliyyat davam etdikcə də mülki insanlardan həlak olanların sayı durmadan artır. Düzdür, HƏMAS-ın da itkiləri az deyil. Amma kənar müşahidəçilərin mövqeyi belədir ki, HƏMAS-ı tam məhv etmək mümkün olmayacaq. Əgər bu da baş tutmayacaqsa, İsrail ordusu Qəzzanı tam təmizləsə belə, problem qalmaqda davam edəcək. Bir müddət keçəcək, HƏMAS yenidən fəallaşacaq. Ona görə də bu problemin köklü şəkildə həll olunmasını çoxları qeyd edir, yəni İsrailin Fələstinin müstəqilliyini tanımasını. 1947-ci il qətnaməsi də məhz bunu diktə edir. Yəni iki dövlət olmalı idi. Bundan sonra ərəb dövlətləri İsrailə hücum etdilər. İsrail də Fələstini işğal etdi. Özünə belə haqq qazandırdı ki, onun təhlükəsizlik problemi var. Amma artıq bəllidir ki, İsrailin təhlükəsizliyinin təminatı Fələstinin müstəqilliyini tanımaqdan keçir. Bir şərtlə ki, gələcəkdə oradakı qruplar İsrailə təhlükə yaratmasınlar. Çünki bəzi qruplar İsraili tanımaq istəmir, o cümlədən həmin qrupları silahlandıran İran da. İsrail də bunu əlində rəhbər tutaraq deyir ki, Fələstinin müstəqilliyini tanıya bilmərəm. Amma artıq Böyük Britaniya da Fələstinin müstəqilliyini tanımağa hazırlaşırsa, bu, İsrail üçün ciddi siqnaldır. Çünki biri var, Çin, Türkiyə, Rusiya Fələstinin müstəqilliyini tanısın, biri də var ki, İsrailə yaxın olan, Amerikanın da strateji müttəfiqi sayılan Böyük Britaniya bu müstəqilliyi tanısın. Bu demək olacaq ki, Britaniyadan sonra ard-arda digər Avropa ölkələri də Fələstinin müstəqilliyini tanıyacaq. Ona görə də, nə qədər gec deyil, İsrail özü üçün çıxış yolu olan Fələstinin müstəqilliyini tanımalıdır. Reallığa qaldıqda, Netanyahu hökumətinin Fələstinin müstəqilliyini tanıması mümkünsüz görünür. Çünki mühafizəkar bir hökumət sayılır. Gərək İsraildə hakimiyyət dəyişsin ki, ondan sonra Fələstinin müstəqilliyinin tanınması istiqamətində ciddi addımlar atılsın. İndiki şəraitdə bu real görünmür. Hətta Britaniya hökuməti belə Fələstinin müstəqilliyini tanısa İsrailin hazırkı hökuməti əməliyyatları davam etdirəcək”.

Niyaməddin Orduxanlı: “Azərbaycanın bu münaqişədə tutduğu mövqe tam ədalətlidir”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə Azərbaycanın bu münaqişədə ən ədalətli mövqe sərgilədiyini qeyd etdi: “Çox təəssüf ki, böyük güclərin qurbanına çevrilmiş İsrail-Fələstin müharibəsi davam edir. On minlərlə günahsız insan, o cümlədən minlərlə körpə, uşaq həyatını itirib. Hər gün də ölənlərin sayı artmaqdadır. Bu münaqişə beynəlxalq hüququn verdiyi imkanlar səviyyəsində öz həllini tapmalıdır. Ancaq biz görürük ki, BMT artıq marionet bir quruma çevrilib. Təsir etmək imkanları yoxdur. Bir sıra dövlətlərin əlində bir alət vasitəsidir. Xüsusən də, ABŞ çubuğu ilə hərəkət edir. Böyük Britaniyanın təşəbbüsü alqışa layiqdir və bu sülhə xidmət edən addım kimi qiymətləndirilməlidir. Müharibə dayandırılmalıdır. Müzakirələr masa üzərində aparılmalıdır. Xarici işlər naziri Devid Kameron fələstinlilərin dövlət kimi tanınmasının BMT-də baxılmasını təsadüfən gündəmə gətirmir. Həm də bunun baş verəcəyi təqdirdə bir tendesiyaya çevriləcəyinə toxunub. Açıq formada müharibənin bitməsinin və bütövlükdə münaqişənin həll olunmasının yollarını göstərir. Biz unutmamalıyıq ki, bütün müharibələr sonda sülhlə yekunlaşır. Sülh sazişi imzalanır. Məğlub olan tərəf də sülh sazişinə imza atır. Hər kəs başa düşməlidir ki, 50 ildə davam edən bu münaqişə sülhlə yekunlaşmasa, daha onilliklərlə davam edə bilər və minlərlə insan həyatını itirə bilər. Azərbaycanın bu münaqişədə tutduğu mövqe tam ədalətlidir. Hər iki dövlətin tanınmasını və müharibənin bitməsini, sülh şəraitində yaşanmasını arzu edir. Bu bizim doğru yanaşmamızdır. Unutmamalıyıq ki, İsrail dövləti Azərbaycana ən yaxın dövlətlərdən biri sayılır...”