"Rusiya Ermənistanda siyasi dəyişiklik etmək üçün Qalstanyan kimi bir şəxsə ehtiyac duymur" - siyasi ekspert

"Separatçıların, müharibə canilərinin, yəni Ermənistanın sabiq rəhbərliyinin və onlara yaxın qüvvələrin Baqrat Qalstanyanın başlatdığı dırnaqarası hərəkata dəstək vermələri hələ sözügedən keşişin prinsip etibarilə Rusiya ilə bağlılığı demək deyil. Sadəcə Azərbaycan ərazilərinə iddia və ənənəvi ritorik şüarlar üzərindən Ermənistanda hansı hərəkət başlamaq niyyətinə düşən Qalstanyanın yanında ənənəvi revanşçıların da yer alması onların bu prosesdən kənarda qalmamaq üçün atdığı addımlar kimi də dəyərləndirilə bilər. Yaxud da onlara belə bir təlimat da verilə bilər ki, prosesə daxil olaraq bu prosesdə ön sıraya çıxsınlar və hadisələrin gedişatını özlərinin xeyrinə dəyişdirsinlər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert qeyd edib ki, Rusiyanın Ermənistanda hansısa bir siyasi dəyişiklik etmək üçün Baqrat Qalstanyan kimi bir şəxsə ehtiyac duyduğunu düşünmür:

“Onu da qeyd edim ki, Qalstanyan özü Rusiyadan daha çox Qərb dairələri ilə bağlı olan şəxsdir. Onun Britaniyada təhsil alması, daha sonra isə Monrealda təhsilini davam etdirməsi və eyni zamanda Kanada yeparxiyasında rəhbəri olması prinsip etibarilə bu şəxsin Rusiya ilə bağlılığı barədə səsləndirilən fikirləri arxa plana keçirir. Başlatdığı o dırnaqarası hərəkat kilsənin təkidi də ola bilər, çünki kilsə ilə Paşinyan arasında münasibətlər elə 2018-ci ildən Paşinyanın hakimiyyətə gəldiyi zaman kəsiyindən başlayaraq cərəyan edib kilsəyə özünün başlatdığı prosesdə yer ayırmadığı üçün fikir ayrılıqları yaranıb. Paşinyanla II Qaragin arasında olan son söhbətlərdə Ermənistanın baş nazirinin katolikosa kilsə güclənəndə dövlət zəifləyir prinsipini xatırlatdığı bildirilir. Bununla yanaşı olaraq Ermənistanda tədris olunan orta məktəblərdə erməni kilsəsinin tarixi adlı dərslik də artıq bəlli olduğu kimi tədris prosesindən çıxarılıb və bu da kilsə Nikol Paşinyan arasında yaranmış ziddiyyətlərin dərinləşməsinə zəmin yaradır. İndiki şəraitdə bu proses həm də kilsənin öz maraqları uğrunda mübarizəsi kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, bu qəbildən olan proseslərdə və yaxud etirazlarda tamamilə korporativ maraqların başlanğıcda öndə olması mümkündür. Ancaq sonradan bu prosesə ayrı-ayrı qüvvələr ondan istifadə etmək üçün müdaxilə edə bilirlər. Prinsip etibarilə Moskvanın indiki şəraitdə ritorikasının dəyişməsinin əsas səbəblərindən biri də qənaətimə görə sonuncu dəfə Türkiyə prezidenti ilə Nikol Paşinyan arasındakı görüş də ola bilər. Çünki bu görüşdən sonra Paşinyanın addımlarında da bir sıra dəyişikliklərin baş verdiyinin şahidi oluruq. Başqa bir aspekt də ondan ibarətdir ki, praktik müstəvidə, Nikol Paşinyanın biz Rusiyaya qarşı hansısa ciddi revanşlarının şahidi olmamışıq. Doğrudur, Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə bağlı iddialar, fikirlər səsləndirilir. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyin çox sadə bir yolu var”.

“Altı ay öncə bu təsisata müraciət etmək və tərk etmək lazımdır. Bunun başqa alternativi yoxdur. Ancaq Ermənistan hər hansı bir müraciət ünvanlamır sadəcə küskünlüyünü, incikliyini davam etdirir və bu daha çox Ermənistanın Rusiyadan tamamilə uzaqlaşması anlamına gəlmir. Sadəcə, Rusiyanın siyasətində Ermənistanla bağlı müəyyən dəyişikliklərin arzulanması istiqamətində verilən mesaj kimi də qiymətləndirilə bilər. Başqa bir aspekt təkrar ixracın Ermənistan vasitəsilə davam etməsidir. Faktiki olaraq Rusiya qızılına qoyulan sanksiyalardan yayınması üçün Ermənistandan istifadə olunur. Bu, Ermənistanın iqtisadi göstəricilərində nəzərəçarpan, xüsusilə də 2023-cü ildə irəliləyişlərdə də nəzərə çarpır. Beynəlxalq hesabatlarda, həmçinin ayrı-ayrı ekspertlərin, o cümlədən erməni ekspertlərinin hazırladığı hesabatlarda qeyd olunur ki, Ermənistanın nəinki bu qədər resursu yoxdur. Həmin o zərgərlik, iş və qızıl məmulatlarının ixracı üçün Ermənistan ümumiyyətlə bu qədər insan resursu yoxdur ki, hazırlayıb, qısa müddət ərzində dünya bazarına çıxartmağı bacarsınlar. Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı vasitəsilə Ermənistan yenə də, öz ənənəvi siyasətini Rusiya ilə və MDB ölkələri ilə davam etdirir. Bir sıra MDB ölkələri ilə Rusiyanın hərbi bazası Ermənistandadır. İranla, Türkiyə sərhədlərini Rusiya sərhədçiləri qoruyurlar. Rusiyanın Ermənistan dəmir yolları Rusiya dəmir yollarının törəmə müəssisəsidir. Ermənistanın qaz təchizatının 86 faizi Rusiya tərəfindən təsis olunur. Cəmi 12 faizi İran verir və digəri isə sıxılmış qaz hesabınadır. Həmçinin neft məhsullarınında təxminən 80 faizə yaxını yenə də Rusiya tərəfindən verilir”.

E. Mirzəbəyli sonda qeyd edib ki, eyni qaydada bundan öncə Ermənistanla Rusiyanın iqtisadi, həmçinin digər münasibətləri hansı zəmində idisə, alt qatda bütün proseslər olduğu kimi davam edir:

“Ortalıqda yalnız bəyanatlar və şüarlar var. Bu aspektdən də mən indiki şəraitdə Rusiya tərəfindən səsləndirilən fikirlərin daha çox Ermənistanın ictimai rəyinə yönəldiyini və eyni zamanda Ermənistanda baş verən proseslərin içərisində Rusiyanın yer almadığı barədə rəy formalaşdırmaq üçün səsləndirilən mesajlar kimi qiymətləndirərəm”.

Rəfiqə NAMAZƏLİYEVA