Sahib Alıyev: "Kremldəkilər onu da bilməmiş deyillər ki, sərhəddəki bu qarşıdurma Rusiyanın marağına cavab vermədiyi kimi Azərbaycanınkına da vermir" Sahib Alıyev: "Kremldəkilər onu da bilməmiş deyillər ki, sərhəddəki bu qarşıdurma Rusiyanın marağına cavab vermədiyi kimi Azərbaycanınkına da vermir"
  • Tribuna
  • 27 May 2021 16:39
  •  11 724

"Yaxşı olardı ki, rəsmi Moskva hər kəsi və hər şeyi öz adıyla çağırsın"

Sahib Alıyev: "Kremldəkilər onu da bilməmiş deyillər ki, sərhəddəki bu qarşıdurma Rusiyanın marağına cavab vermədiyi kimi Azərbaycanınkına da vermir"

"Bu günün iki səfəri diqqətimi çəkdi. Onlardan biri qardaş Türkiyənin milli təhsil naziri Ziya Selçukun Azərbaycana gəlişi, digəri isə Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyanın dabanqaçaraq Moskvaya getməsi idi. Bu iki səfər Azərbaycanla Ermənistanın gələcəklə bağlı planlarını da bir növ ortaya qoyur".

AzNews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev feysbuk səhifəsində yazıb.

S. Alıyev bildirib ki, məhz qardaş Türkiyənin ordusuna bənzər ordu formalaşdıran, onun dəstəyinə arxalanaraq istehsal etdiyi hərbi texnikadan da faydalanmaqla ikinci Qarabağ savaşında Ermənistanı diz üstə çökdürən və havadarlıq görüntüsü altında haylardan alət kimi faydalananları da dolayısıyla yerlərində oturdan Azərbaycanı indi quruculuq, işğalçıların xarabazarlığa çevirdiyi torpaqları abadlaşdırmaq, orada yeni idarəçiliklə yanaşı, həm də yeni təhsil standartları tətbiq etmək kimi məsələlər düşündürür ki, dövlətimizin başçısı cənab Selçukla görüşdə də onlara toxundu.

"Harutyunyanın Moskvaya səfərinə gəldikdə isə o, çox güman ki, terror məqsədiylə Kəlbəcərin Yuxarı Ayrım kəndinə göndərilən 24 nəfərlik iki təxribat qrupunun ələ keçirilən 6 üzvünün Ermənistana qaytarılması üçün yardım istəmək və Azərbaycan-Ermənistan sərhəddində yaranmış qarşıdurmada dəstək almaq niyyəti güdür. Amma düşünmürəm ki, o, görüşdüklərindən bir-iki təsəlliverici sözdən başqa yaxşı nəsə eşitsin", - deyə deputat əlavə edib.

Millət vəkili Nikol Paşinyanın artıq neçənci dəfədir ki, KTMT-ni və Rusiyanı sərhəddə yaranmış qarşıdurmada ölkələrinə operativ şəkildə yardım etməməkdə, eləcə də açıq mövqe bildirməməkdə günahlandırdığını deyib.

" Ancaq kim də olmasa, Kremldəkilər yaxşı bilirlər ki, Azərbaycanın Zəngəzurla Kəlbəcərdə atdığı bütün addımlar ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata dayanır və biz keçmiş SSRİ dönəmində məhz Moskvada hazırlanan xəritə üzrə sərhəddimizin bərpasını reallaşdırırıq.

Kremldəkilər onu da bilməmiş deyillər ki, sərhəddəki bu qarşıdurma Rusiyanın marağına cavab vermədiyi kimi Azərbaycanınkına da vermir. Azərbaycan regiondakı proseslərdən təcrid olunduqlarına görə su bulandırmağa, nəlbəkidə fırtına yaratmağa çalışan güclərə irəli atılmaq üçün fürsət yaratmaq, təbii ki, eyni zamanda da Rusiya ilə üz-üzə durmaq niyyətində deyil. Ermənistanın indiki rəhbərliyi də yaxşı görür ki, Rusiya da cənab Putinin təbirincə desək, "dünya arenasında yüksək nüfuz qazanan Azərbaycan"la əlaqələrə həssas yanaşır.

Nikol Paşinyan ondan da xəbərdardır ki, Moskva bu seçkidə başqalarının ön plana çıxmasını arzulayır və o yöndə ardıcıl şəkildə müəyyən addımlar da atılır. Ona görə də o, seçkisi öncəsi Rusiyanı gözdən salmaqla Kremlin daha çox dəstəklədiyi və ona daha çox bağlı olanların az səs toplamalarına çalışır.

İkinsisi və ən əsası, sərhədlərin keçmiş SSRİ-dən qalma xəritə üzrə bərpasıyla razılaşmaq Qarabağın dağlıq hissəsinin də Azərbaycanın tərkib hissəsi olduğunu tanımaq anlamına gəldiyindən bütün gücü və gücsüzlüyüylə təkcə Paşinyan deyil, əksər rəqibləri də buna qarşı çıxırlar".

S. Alıyev sonda vurğulayıb ki, yaxşı olardı ki, rəsmi Moskva torpaqlarımız işğal altında olarkən sərgilədiyi təcrübəyə son qoyaraq bu dəfə hər kəsi və hər şeyi öz adıyla çağırsın.

"Və hamı da bilsin ki, Azərbaycan-Ermənistan sərhəddində yararan qarşıdurma ikincinin suçu üzündən baş verir, rəsmi İrəvanın üçtərəfli bəyanatda nəzərdə tutulanların heç də hamısına əməl etmək istəməməsindən qaynaqlanır".