- Tribuna
- 1 İyun 2021 14:19
- 12 824
“Qüdrətli dövlətlər Azərbaycan qədər məsuliyyətli davransaydılar...” - Sahib Alıyev
Deputat: "Koronavirusla mübarizədə effektli addımlar atmağı bacaran dövlətlərdən biri də heç şübhəsiz ki, bizimkidir"
Millət vəkili Sahib Alıyev İlham Əliyevin Dünya Səhiyyə Assambleyasının 74-cü sessiyasındakı çıxışı haqqında “Facebook” sosial şəbəkəsində fikirlərini bölüşüb.
AzNews.az millət vəkilinin fikirlərinin təqdim edir:
“Prezident İlham Əliyevin dünən Dünya Səhiyyə Assambleyasının 74-cü sessiyasındakı çıxışından gəldiyim nəticə budur ki, ən qabaqcıl səhiyyə sistemi qurmuş, iqtisadi və texnoloji baxımdan qüdrətli dövlətlər Azərbaycan qədər məsuliyyətli davransaydılar, xudbinlik etməsəydilər, "vaksin millətçiliyi"nə yol verməsəydilər, onda COVID-19 pandemiyası ilə mübarizənin effekti indikindən qat-qat təsirli olardı və bəlkə də pandemiya artıq aradan qalxmışdı.
Ancaq cənab Prezidentin də çıxışından göründüyü kimi çox təəssüf ki, bu, belə deyil.
Cənab Prezidentin də vurğuladığı kimi bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82%-ni zəngin ölkələr aldığı halda onun yalnız 0.3%-i azgəlirlilərin payına düşür.
Xatırladaq ki, bu problemin aradan qaldırılması üçün dövlət başçımızın təşəbbüsüylə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təminiylə bağlı qətnamə qəbul edilmişdi. Ancaq böyük dövlətlərin maraqlarına cavab verməyən əksər qətnamalər kimi orada səslənən çağırış da təəssüf ki, hələlik çağırış olaraq qalmaqdadır.
Belə də şükür etməyə bilmirsən ki, nə yaxşı Azərbaycan pandemiya dönəmində köməksiz qalan yox, köməksizlərə kömək edənlər sırasında, özü də imkan baxımından götürdükdə bəlkə də ən başda yer aldı. Koronavirusla mübarizədə effektli addımlar atmağı bacaran dövlətlərdən biri də heç şübhəsiz ki, bizimkidir.
Belə çətin sınaqla üzləşdiyimiz vaxtda işğal altındakı torpaqlarımızı azad etməyimiz isə tarixdə həddən artıq az rast gəlinən bir möcüzədir. Azərbaycan xalqının vətən sevgisinə, fədakarlığına, toparlanaraq "Dəmir yumruq" olmasına, Ali Baş Komandanımızın qətiyyətinə, sərkərdəlik və diplomatik bacarığına, ordumuzun mətanətinə, yüksək peşəkarlığına dayanan bir möcüzədir.”
AzNews.az