- Tribuna
- 6 Avqust 2021 15:07
- 23 991
Makron Əliyevi niyə aradı?
Dünən Fransa prezidenti Emmanuel Makron dövlət başçımız cənab ilham Əliyevə zəng etmişdi
Söhbət əgər iki dövlətin başçısı arasında telefon danışığından gedirsə, burada təşəbbüsün kimdən gəldiyi az önəm daşımır. O baxımdan ki, elə bu təşəbbüs özü edilən zəngdə ilk növədə hansı tərəfin daha maraqlı olduğunu üzə çıxarır.
İkinci Qarabağ savaşı başlayandan olunan digər 3 telefon zəngindəki( 27 sentyabr, 2-9 oktyabr)kimi avqustun beşində də təşəbbüsçü rolunda Makronun çıxış etdiyini görürük.
Savaş zamanı edilən zənglərdə Fransa Prezidentinin istəyi bəlli idi. Anındaca döyüşlər dayandırılsın və tərəflər yenidən danışıqlara başlasınlar. O danışıqlara ki ABŞ təmsilçisi Riçard Hoqlandın da etirafından bilindiyi kimi nə onu təşkil edənlər, nə də işğalçı Ermənistan müsbət sonluqla bitməsində maraqlı idi.
Savaş zaman Emmanuel Makronun istəyinə Prezident İlham Əliyevin verdiyi cavab da, proseslərin necə davam etdiyi və nə ilə bitdiyi də heç kimə sirr deyil.
O zaman və ondan sonra məhz Azərbaycana təzyiq məqsədiylə Makronun həm Türkiyə, həm də ABŞ, Rusiya Prezidentləri və Almaniya kansleriylə ardıcıl telefon danışıqları da oldu, ancaq Fransanın BMT Təhlükəsizlik Şurasındakı bəlli cəhdi kimi həmən danışıqlar da rəsmi Parisin arzuladığı sonuclarla bitmədi.
Belə görünür ki, Fransa Prezidenti bütün bunlardan nəticə çıxararaq yenidən cənab İlham Əliyevin özünə zəng edərək nisbətən konsruktiv davranış sərgiləmək qərarına gəlib. Son telefon danışığıyla bağlı hər iki tərəfin yaydığl açıqlamada 10 noyabr Bəyanatından və oradakı məsələlərin tam həllini tapmasından, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətdən və bir sıra problemlərin aradan qaldırlmasından söhbət getdiyi bildirilir. Maraqlıdır ki, Fransa Prezidentinin saytında rəsmi Parisin 10 noyabr Bəyanatını dəsətəklədiyi də vurğulanır. Və yaydıqları açıqlamadan belə anlaşılır ki, bu dəfəki zəngində Makronun əsas istəyi Minsk qrupu həmsədrliyi institutunun ölmədiyini, regionda sabitliyin möhkəmlədirilməsində müəyyən rol oynaya biləcəyini qabartmaqdır.
Azərbaycanın bununla bağlı mövqeyi bəllidir. Ötən il dekabrın 12-də ATƏT-in Minsk qrupunun həmsədrləriylə görüşdə cənab İlham Əliyev onların uzun illər aparılan danışıqlar zamanı çözə bilmədikləri məsələləri artıq özümüzün həll etdiyimizi, münaqişənin bitdiyini və indi regonda ən aktual məsələnin qarşılıqlı faydaya dayanan əməkdaşlıq olacağını diqqətə çatdırmışdı. Bu əməkdaşlq isə Fransa Prezidentinin rəsmi saytında da vurğlandığı kimi dəstəklədikləri 10 noyabr(orada Moskva, bəlkə də, Paris vaxtına oyğun olaraq 9 noyabr kimi qeyd edilir) Bəyanatında əksini tapan bütün məsələlərin həllindən, o sıradan da Zəngəzur dəhlizinin açılmasınan sonra baş tuta bilər.
Avqustun 5-dəki telefon danışığıyla bağlı yayılan açıqlamada diqqətimi çəkən bir məqam da Fransa tərəfin ikitərəfli əlaqələr üzərində də dayanıldığını unutmasıdır. Mənə elə gəlir ki, hər bir ölkənin Prezidenti digəri ilə söhbətində ilk növbədə ikitərfli əlaqələrdən çıxış etməlidir. Yəni hər bir dövlətin maraqları tələb edir ki, regionda yaranmış vəziyyət dəyərləndirilərkən bunun ikitərfli əlaqələrə təsiri nəzərə alınsın. Hər halda özünün yox, dövlətinin maraqlarını üstün tutan dövlət başçıları elə belə də edirlər. Təəssüf ki, Makronun bizim regiona yanaşmada atdığı addımlarda bu, elə də sezilmir.
Yeri gəlmişkən, bu gün cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı olub. Onların Türkiyədəki yanğınlarla yanaşı, "postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi" apardıqları açıqlanır. Bu isə o deməkdir ki, kim nə düşüncədə olursa-olsun, hansı təzyiqlərə əl atırsa-atsın, regionda proseslər iki qardaş dövlətin başçısının təklif etdiyi yöndə gedəcək. Həm də ona görə ki, bizim təklifimiz mövcud reallıqla yanaşı, beynəlxalq normalara dayanır, bəzi dövlətlər kimi xudbincəsinə hərəkət etmirik.
Sahib Alıyev
Milli Məclisin deputatı