İki ilə yaxındır ki, dünyanın başı üzərini koronavirus pandemiyası bürüsə də, ölkəmizdə qarşıya qoyulan layihələr uğurla icra olunur İki ilə yaxındır ki, dünyanın başı üzərini koronavirus pandemiyası bürüsə də, ölkəmizdə qarşıya qoyulan layihələr uğurla icra olunur
  • Tribuna
  • 1 İyul 2022 11:57
  •  9 403

Azərbaycan hər zaman həm regional, həm də qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirir

İki ilə yaxındır ki, dünyanın başı üzərini koronavirus pandemiyası bürüsə də, ölkəmizdə qarşıya qoyulan layihələr uğurla icra olunur

Azərbaycan müharibədən yeni çıxmış ölkə kimi, beynəlxalq əlaqələrini getdikcə genişləndirir, mühüm əhəmiyyətli tədbirlərə ev sahibliyini davam etdirir. Bu da respublikamıza dünya birliyində olan inam və etimaddan irəli gəlir. Son vaxtlar Bakıda və işğaldan azad edilmiş ərazilərimizdə ardı-arası kəsilməyən beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın dünyada sabitlik məkanı kimi tanınmasının göstəricisidir. Ölkəmiz bu günlərdə daha bir nüfuzlu beynəlxalq təşkilatın tədbirinə ev sahibliyi edir. Söhbət Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransdan gedir.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AZƏRTAC-a açıqlamasında söyləyib.

Hüquq müdafiəçisi bildirib ki, son illər Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünya ölkələri liderlərinin, nüfuzlu ictimai-siyasi xadimlərin, ekspertlərin, tanınmış elm, incəsənət və mədəniyyət nümayəndələrinin bu tədbirlərdə iştirakı ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Üç gün davam edəcək konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlamentin təmsilçilərinin iştirakı tədbirin əhəmiyyətindən xəbər verir. Belə tədbirlərin mühüm əhəmiyyət kəsb etməsinin digər səbəbi iştirakçıların işğaldan azad edilmiş ərazilərə səfərləri, erməni vandalizmi, 30 il ərzində işğal etdikləri ərazilərdə törətdikləri vəhşilik, həmçinin həmin torpaqlarda Azərbaycanın öz gücü ilə aparılan yenidənqurma, bərpa-quruculuq işləri ilə yaxından tanış olurlar. Müharibədən sonra ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları Qarabağa və Şərqi Zəngəzura səfərlər etmiş, hər şeylə yerində tanış olmuşlar. Bütün bunlar dünya ictimaiyyətində erməni vəhşiliyi barədə tam rəy formalaşdırıb.

Ç.Qənizadə deyib ki, bu tədbirin Bakıda keçirilməsi ölkəmizin dünyada sülh və tərəqqi işinə böyük töhfələr verməsinin göstəricisidir. Prezident İlham Əliyev konfransdakı çıxışında da bu faktı diqqətə çatdırıb. Deyib ki, Azərbaycan hər zaman həm regional, həm də qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirib. Biz Qoşulmama Hərəkatının sədri kimi ədalətsizliyə qarşı beynəlxalq hüququn qorunması uğrunda mübarizəmizi davam etdirəcəyik. Ölkəmizin Hərəkata üzv dövlətlərin fəal dəstəyini daim hiss etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyinin şahidi olduğunu bildirib. Ölkəmizin təşkilata sədrlik müddətinin uzadılmasının da Hərəkata üzv dövlətlərin Azərbaycana dəstəyinin bariz nümunəsi olduğunu deyən Prezident İlham Əliyev respublikamızın tarixi və mədəni irsinin işğal dövründə ermənilər tərəfindən məhv edildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib ki, işğaldan azad edilmiş ərazilərə səfər edənlər bu vəhşiliyin miqyasını öz gözləri ilə görürlər. On minlərlə insan azad olunmuş ərazilərə səfər edib. Onların arasında xarici siyasətçilər, parlamentlərin sədrləri və üzvləri, ekspertlər və sadə vətəndaşlar da var.

Məscidlərimizin, dini ibadətgahlarımızın da ermənilər tərəfindən təhqir olunması barədə danışan hüquq müdafiəçisi deyib: “Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib. Konfransda Prezident İlham Əliyev ölkəmizin İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazanmasından da söhbət açıb. Azərbaycanın otuz il böyük ədalətsizliklə üzləşdiyini diqqətə çatdırıb və bizim torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduğumuzu bildirib”.

Ç.Qənizadə, həmçinin “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə”nin qəbul edildiyini, təşkilatın rəsmi loqosunun və bayrağının təsdiq olunduğunu, qurumun sədrinin və sədr müavinlərinin seçildiyini bildirib.

Komitə sədri xatırladıb ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təşkilatdır. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürüb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.