Gələcəkdə də bu cür qanunsuz hərəkətlərə və qanunvericiliklə qadağan olunmuş fəaliyyətlərə görə mütləq müəyyən inzibati tədbirlər görüləcək Gələcəkdə də bu cür qanunsuz hərəkətlərə və qanunvericiliklə qadağan olunmuş fəaliyyətlərə görə mütləq müəyyən inzibati tədbirlər görüləcək
  • Tribuna
  • 30 İyul 2022 15:08
  •  19 659

Çingiz Qənizadə: Reket jurnalistikaya qarşı mübarizədə görülən tədbirlər davamlı olmalıdır

Gələcəkdə də bu cür qanunsuz hərəkətlərə və qanunvericiliklə qadağan olunmuş fəaliyyətlərə görə mütləq müəyyən inzibati tədbirlər görüləcək

Təəssüflə qeyd etməliyəm ki, son günlər yenə də bəzi sosial şəbəkə istifadəçiləri və bəzi media nümayəndələri tərəfindən həm Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən, həm də vətəndaşlar arasında süni ajiotaj yaradan, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar yayılmaqda davam edir. Bununla əlaqədar bir sıra sosial şəbəkə, o cümlədən feysbuk istifadəçilərinin Baş Prokurorluğa dəvət olunaraq onlara xəbərdarlıq edilməsini uzun müddət prokurorluq orqanlarında işləyən bir şəxs olaraq çox düzgün addım kimi dəyərləndirirəm.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi bildirib ki, bu cür addımlar və tədbirlər davamlı olmalıdır. Nəzərə almalıyıq ki, işğaldan azad edilmiş ərazilərimizdən erməni separatçıları hələ də tamamilə çıxarılmayıb. Eyni zamanda, Qarabağda Ordumuzun müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən tədbirlər görülür, yeni hərbi hissələr yaradılır, sərhədlərimizin qorunması ilə bağlı qaşıya çıxan problemlər aradan qaldırılır. Bu günlərdə Kəlbəcərdə yüksək rütbəli hərbçimizin minaya düşməsi onu göstərdi ki, müharibə hələ tam başa çatmayıb. “Belə olan halda, bəzi sosial şəbəkə istifadəçilərinin həqiqətə uyğun olmayan məlumatlar yaymaları erməni dəyirmanına su tökmək deməkdir. Hesab edirəm ki, belə hallarda mütləq qanunun gücündən istifadə olunmalıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən, gələcəkdə bu kimi mənfi hallara yol verilməməsi ilə bağlı onlara xəbərdarlıq edilməsi çox düzgün addımdır. Bu, təkcə dırnaqarası jurnalistlərə deyil, belə əsassız məlumatlar yayan sosial şəbəkə istifadəçilərinə və sayt rəhbərlərinə də xəbərdarlıqdır”.

Komitə sədri belə məlumatlar yayan feysbuk istifadəçilərinə Baş Prokurorluq tərəfindən Qanunun 24-cü maddəsi rəhbər tutularaq xəbərdarlıq edilməsinin hüquqi cəhətdən düzgün olduğunu bildirib. Deyib ki, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 maddəsi, yəni, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyaların yerləşdirilməsinin qarşısının alınmaması maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq çox haqlı olaraq məhkəməyə göndərilib və bu cür subyektlərdən biri də məhkəmənin qərarı ilə 30 sutka həbs olunub.

Hüquq müdafiəçisi Prokurorluğun media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət etməsini qanunun aliliyinin müdafiəsi adlandırıb. Bildirib ki, qanun hər şeydən üstündür. Gələcəkdə də bu cür qanunsuz hərəkətlərə və qanunvericiliklə qadağan olunmuş fəaliyyətlərə görə mütləq müəyyən inzibati tədbirlər görüləcək. “Bu cür şəxslərin hərəkələrinin qarşısını alan dövlət qurumlarına və dövlətin imicinə, müdafiə qabiliyyətinə, insanların hüquq və azadlıqlarının pozulması hallarına, ölkədə süni ajiotaj yaradılmasına qarşı yönələn hərəkətlərə qarşı Baş Prokurorluq tərəfindən “Prokurorluq haqqında” Qanunun tələblərinə uyğun olaraq görülən tədbirlərin əleyhinə bir sosial şəbəkədə müəyyən addımların atılması diqqəti cəlb edir. Məgər bu insanlar başa düşmək istəmirlər ki, hamı qanun qarşısında cavab verməlidir? Biz hamılıqla deyirik ki, qanun şahdır. Bu halda Prokurorluğun atdığı addımlar, həqiqətən qanunun şah olduğunu göstərir”, - deyə o əlavə edib.

Ç.Qənizadə vurğulayıb ki, Vətəni, torpağı, milləti sevən və 44 günlük müharibə zamanı şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edərək bu ərazilərimizdə möhkəmləndiyimiz, eyni zamanda, hər tərəfdən Azərbaycana müəyyən təsirlərin olduğu bir dövrdə öz içimizdə olan bu cür “jurnalistlər” və sosial şəbəkə istifadəçiləri tərəfindən düşməni sevindirən addımların atılması çox güman ki, anti-Azərbaycan qüvvələrin sifarişidir və ya həmin “jurnalistlərin” bu məsələləri kifayət qədər anlamamasından irəli gəlir. Hüquq müdafiəçisinin fikrincə, Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi qərar vaxtında atılmış addımdır. O əminliklə bildirib ki, gələcəkdə də belə hallar baş verərsə, Prokurorluq bu cür hallara qarşı barışmaz mövqeyini davamlı şəkildə həyata keçirəcək.

Komitə sədri bildirib ki, bütün hüquq müdafiəçiləri, eyni zamanda, QHT və siyasi partiya nümayəndələri və xalqımız ölkəmizin getdikcə artan reytinqinə xələl gətirən belə xoşagəlməz halların qarşısının alınmasında dövlətin və Prokurorluğun yanında olmalıdırlar. Çünki hazırda ölkəmizdə cəmiyyəti narahat edən məqamlardan biri də elə məhz reket jurnalistikadır. Onların hərəkətləri cinayət olsa da, indiyə qədər belə “jurnalistlərə” müəyyən güzəştlər olunub. Ancaq indi baş prokurorun dediyi kimi, onların bu hərəkətləri cinayətdir. Cinayət də cəzasız qala bilməz.