• Tribuna
  • 24 Dekabr 2023 18:11
  •  15 471

FATEH - Sahib Alıyev yazır

Bu gün cənab İlham Əliyevin anadan olmasından 62 il ötür. Özünün doğum günü ərəfəsində o, müstəqilliyimizin bərpasından sonra heç bir dövlət başçısının getmədiyi və gedə bilmədiyi yerlərdə oldu ki, son 3 ayda oralarda baş verənlər təkcə Prezidentimizin ömrünün 62-ci səhifəsinə yox, bütövlükdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Dəyişiklikdir. Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi hissəsində də suverenliyimizin tam təmin edilməsi ilə cənab İlham Əliyev 20 il öncə verdiyi vədi artıqlamasıyla, həm də heç kəsin proqnozlaşdırmadığı bir şəkildə yerinə yetirdi ki, bu, hələ də bizə röya təsiri bağışlayır.

Bəzən tanıdıqlarımızdan kimsə bu etdiklərinə görə dövlət başçımızı Qarabağ fatehi adlandıranda açığı mən düşünmüşəm ki, görəsən burada “fateh” sözü nə dərəcədə yerində işlədilir. Axı keçmişdə biz başqalarının torpağını ələ keçirən qoşunun sərkərdəsini fateh adlandırmışıq. Cənab İlham Əliyev isə öz torpaqlarımızı azad edib.

Ancaq düşünəndə ki, tək haylar deyil, onları bizim torpaqlara yerləşdirənlərin Qarabağla, bütövlükdə Qafqazla bağlı hələ yüz illər öncəki planları nədən ibarət idi və həmən plan Rusiya imperiyasının, sonra da bolşeviklərin əli ilə addım-addım nə cür reallaşdırılırdı, region get-gedə necə başqalarınınkılaşdırılırdı görürsən ki bəli, bu edilənlər məhz elə fatehlikdir. Özü də burada söhbət təkcə Qarabağın fəthindən getmir. Niyə təkcə Qarabağın fəthindən söhbət getmədiyinə aydınlıq gətirəcəyəm, amma öncə “Rusiya imperiyasının əli ilə reallaşdırılırdı” fikrinin arxasında nələr dayandığını diqqətinizə çatdırmaq istəyirəm.

Bir dəfə bu məsələyə ötəri toxunmuşam, əgər tarixə nəzər salınsa, görərik ki, Rusiya haylara bu regionda ən böyük dəstəyi o zaman verib ki, onun başında ya birinci Pyotr kimi qərbdəki bəlli çevrələrə bağlı, ya ikinci Yekaterina sayaq həmən çevrələrin öz təmsilçiləri, yaxud da onlardan tam asılı şəxslər durublar ki, Qorbaçovla Yeltsin məhz elələrindən idilər. Xatırlatmaq istərdim ki, Stalinin Axıska türkləri, vaynaxlarla birgə azərbaycanlıların da Qafqazdan Mərkəzi Asilyaya deportasiya edilmələri planı da elə məhz qərbdəkilərin, daha dəqiqi anqlosaksların yardımına ən çox ehtiyac duyduğu zaman meydana çıxmışdı. Nədənsə xristian məbədlərinə qarşı sərt bolşevik basqıları da o zaman dayandırılmış və onların bir neçəsində yenidən ibadətlərə izin verilmişdi. Üstəlik, bu sualın hələ də cavabı yoxdur ki, Çörçillə Ruzvelt yerli əhaliyə- tatarlara qarşı Hitlercəsinə davranılaraq etnik təmziləmə aparılan Krımda bu dəhşətli olaydan heç yarım il keçməmiş Satalinlə bir araya gəlməyə nədən razılıq vermişdilər? Bəlkə ona görə ki, Krımın tatarlardan təmzilənməsi də dünyanın yenidən bölüşdürülməsi kimi “böyük üçlük” arasında öncədən, məsələn, Tehran konfransında razılaşdırılmış, ancaq bəlli səbəblərdən bu razılığın sənədlərdə əksini tapmaması qərara alınmlşdı

Beləliklə, fikrimcə, azəbaycanlıların Qafqazdan sürgün edilməsini nəzərdə tutan plan, bu alınmadıqda soydaşlarımızn Qərbi Azərbaycandan deportasiyasında Mikoyanın rolu şişirdildiyi kimi, bizim regionun nə qədər mümkündür bir o qədər xristianlaşdırılması da təkcə Rusiyalıq məsələ olmayıb. Bu, Rusiyanı qabağa verməklə reallaşdırılmağa cəhd edilən bir plan idi və hələ sözü gedən dövlət imperiyaya çevrilməmişdən öncə onun hazırlığı görülmüşdü. Çünki yenə tarixə nəzər salsaq görərik ki, səlibçilər hələ hülakilər dönəmində Azərbaycan torpaqlarında möhkəmlənməyə çalışmış, səfəvilər isə avqustinlər, karmelitlər, kapusinlər, dominikanlar, yezuitlər kimi katolik ordenlərinə burada sərbəst hərəkət üçün istədikləri şəraiti yaratmışdılar. Birnci Şah Abbas taxta çıxanda onlar artıq Gəncə qarışıq bir çox yaşayış məskənlərimizdə meydan sulayırdılar.

Orası da unudulmamalıdır ki, Gülüstan və Türkmənçay anlaşmalarından sonra Azərbaycanda, elə həmən Gəncə ətrafında təkcə haylar deyil, molokanlar, duxoborlar və digərləri ilə yanaşı protestantlar da yerləşdirilməyə başlandı. Təsəvvür edirsinizmi, 1818-ci ildən başlayaraq Almaniyanın Vürtemberq əyalətindən Göygöl, Şəmkir, Qazax, Tovuz və Ağstafa rayonlarına köç gətirilirdi. Yəni Gürcüstanla haylaşdırılmağa başladılan İrəvan xanlığına həmsərhəd yerlərdə satarover və protestant koloniyaları salınaraq böyük bir xristian zolağının özülü qoyuldu. Maraqlıdır ki, Almaniyadan köçürülən dindarlar Qafqaza “bəşəriyyətin beşiyinə”, yəni Yerusəlimə yaxın yer adı altında həvəsləndirilib gətirilirdilər. Bir sözlə, bu bir növ 11-ci əsrdə başladılan prosesin davamıydı.
Bax, bu reallıqları nəzərə alıb da cənab İlham Əliyevin tarixin necə yüz illik gərdişinə son qoymaqla çağdaş sərhədlərimiz çərçivəsində torpaqlarımız üzərində suverenliyimizi təmin etməsinin adının doğrudan da fatehlik olduğunu düşünürsən. Elə qərbdəki bəlli çevrələrin bizim qələbəmizdən yumşaq desək, qıcıqlanmalarının arxasında da məhz onların səlibçi təfəkkürü durur.

Proseslərin gedişi, ən sonuncu olay- COP 29-un məhz Ermənistanın da dəstəyi ilə Bakıda keçirilməsinə razılıq verilməsi də göstərir ki, Fateh liderimiz onlara da zəfərimizi həzm etdirəcək. Diqqətinizə çatırım ki, məhz həmən çevrələr hayların Qarabağı tərk etmələrindən sonra onlara Azərbaycanı Serbiyaya, “Arsax”ı isə Kosovoya çevirəcəklərini bildirirdilər. Nəticə isə ortadadır. Elə həm də haylardan dəstək almaqla biz ökləmizi təcriddə saxlamağı planlaşdıranları təcrid etmiş olduq və bu, cənab İlham Əliyevin böyük güclərin qarşı çıxmalarına rəğmən BMT qətnamələrini təkbaşına yerinə yetirməklə beynəlxalq konyunkturanı sarsıtmasının, başqa sözlə desək, reallaşdırdığı geosiyasi inqilabın davamıdır. Maraqlıdır deyilmi, o, hakimiyyətə təzə gələndə elə ilk növbədə Azərbaycanı hədəf almaqla postsovet məkanında rəngli inqilab planı hazırlayan və bəzi yerlərdə reallaşdıranları Prezidentimiz təkcə Azərbaycanın deyil, maraq obyekti gözündə görülən bütün regionun subyektliyinə yol açan Dəyişikliklə, yəni geosiyasi inqilabla fakt qarşısında qoydu.
Fransa neokolonializminə qarşı ayağa qalxanların öz bayraqlarıyla yanaşı bizim üçrənglimizi də başları üzərinə qaldırmaları sizcə, həm də bu geosiyasi inqilabın başqa bir göstəricisi deyilmi

Əminəm ki, ötən günlərdə Şıx Dursun kəndində gedib ziyarət etdiyi ən qoca ağaclarından biri, yaşı 2500 ilə çatan “Müqəddəs Çinar” da, yanındakı "Tenqri" bulağı da Tanrı sevimlisinin bu uğuruna bizim qədər sevinir. Açığı düşünmürəm ki, cənab Prezident “Tenqri”, “Turşsu” və “Saxsı” bulaqlarına təkcə o yerlərin böyük turizm potensialı olduğunu bildiyi və onun reallaşdırılması yönündə addımların elə yerindəcə müəyyənləşdirilməsi üçün baş çəkirdi. Onun həmən bulaqları qədim türklərin gündüzün gecə üzərində qələbə çalmasının şərəfinə Narduğan, yəni Günəşdoğan adlandırdıqları bayram günlərindəki ziyarətində mən bir rəmzilik də görürəm.
Altayda, Tıvada, Xakasiyada və tayqa boyunca digər türk torpaqlarına gedənlər bilirlər ki, oralarda bulaqlar müqəddəs sayılır. Bəlkə ona görə ki, qədim türklər əslində suyu Tanrı ilə eyniləşdirirdilər. Hunlar boş yerə Tanrını Çənli adlandırmırdılar ki.

Yəqin, Narduğan bayramı günlərində Müzəffər Ali Baş Komandanımızın türklərin müqəddəs bildikləri bulaqlarımıza baş çəkməsi xeyirin şər üzərində zəfərinin sərgilənməsi idi. Qoy xeyir şər üzərində həmişə zəfər çalsın, yerli qara dağlarımız yıxılmasın, gur-gur axan gözəl sularımız qurumasın, kölgəlicə qaba ağacımız kəsilməsin, Şıx Dusundakı çinarımız indən sonra da 2500 il ömür sürsün, Tanrı fatehimizi qorusun!

Sahib ALIYEV,

Millət vəkili