• Tribuna
  • 26 Dekabr 2023 16:42
  •  8 383

“Siyasi sehrbazlar”

Yaşadığımız “informasiya dövrü”ndə hətta məktəbli uşaq belə çox gözəl bilir ki, hər bir sehrbazın əsas sirri seyrçinin diqqətini yayındırmaqdan ibarətdir. Məhz diqqətin yayındırılması nəticəsində sirk sənətinin nümayəndələri öz manipulyasiyalarını həyata keçirir və insanları əyləndirirlər. Heç tərəddüd etmədən deyə bilərik ki, bizim siyasi şoumenlərimiz olan radikalların “boykot-boykot” oyunlarının əsas hədəflərindən biri məhz ictimai diqqətin yayındırılmasıdır.

Bu fikirlər politoloq A.Adilin “Siyasi sehrbazlar” sərlövhəli məqaləsində yer alıb.

AzNews.az məqaləni təqdim edir:

Haqlı olaraq sual yarana bilər ki, cəmiyyət üçün onsuz da faydasız olan siyasətciklər bu cür davranışları ilə ictimaiyyətin diqqətini hansı həqiqətdən yayındırmağa çalışırlar? Bu hansı “əlahəzrət” həqiqətdir ki, onların ifşasından radikallar alov sudan qorxduğu qədər qorxurlar? Əslində, cavab sualın özündə gizlənib və cəmiyyət üçün hər şey çoxdan bəllidir, bizim xalq müdrik və təcrübəlidir. Təxribatçı siyasi şivənlərin nəinki faydasız, hətta cəmiyyətin həmrəyliyi üçün ziyanlı mövcudluğu təəssüf ki, siyasi münasibətlərimizin reallığıdır.

Bəli, öncəki yazılarda Qərbin siyasi texnologiyası olan boykotun strateji təyinatı haqqında fikirlərimizi bölüşmüşdük. Ancaq, əlbəttə, sözügedən siyasi texnologiyanın “potensialı” və neqativ təzahür formaları daha genişdir. Boykot qərəzli siyasi manevrlər üçün geniş imkanlar yaradır. Elə buna görə də radikallar öz seçkiqabağı tamaşalarını ölkənin siyasi səhnəsinə gətirdikcə biz həmin siyasi texnologiyaları tədricən ifşa edəcəyik. Cəmiyyət bütün həqiqətləri bilməli və bu oyunbazların kirli oyunlarına uymamalıdır.

Mövcud kontekstdə növbəti əlamətdar bir məsələyə mütləq olaraq diqqət yetirilməlidir. Ölkənin informasiya məkanında radikallardan başqa “boykot” mahnısını heç kəs oxumur. Onlar boykotla ictimaiyyətin diqqətini hansı həqiqətlərdən yayındırmağa çalışırlar, onların bu “fokusu” nəyi gizlədir?

Əlbəttə, çox bəsit olan cavab üzdədir. “Boykot sehri” onların acizliyini və hətta “yoxluğunu” gizlədir. Bu siyasi “dəstəcik” seçkilərdə iştirak etsə nə olacaq, etməsə də nə dəyişəcək? Şübhəsiz, heç nə olmayacaq və heç nə dəyişməyəcək. Əgər bu “boykot şivənliyi” ortalığa atılmasaydı, onların seçkiyə gedib və ya getməyəcəyindən belə cəmiyyətin xəbəri olmayacaqdı. Radikallar və radikal düşüncə tərzi ümumiyyətlə sağlam bədənin apendisitidir, yalnız ağrı olan zaman onun mövcudluğu haqqında xəbər tuturuq. Dünya səhiyyəsində apendisitə qarşı tətbiq olunan müalicə növü hər kəs üçün bəllidir. Düşünürəm, indi “boykot” adlı siyasi texnologiyanın strateji təyinatı bütün çıraqlığı ilə aydın oldu.

“Boykot fokusu”nun hesabına onlar özlərini cəmiyyətə “siyasi qüvvə” kimi təqdim etməyə çalışırlar. Qərbin “boykot” siyasi texnologiyasının növbəti hiyləsi və təzahür forması budur. Unutmayaq ki, sözügedən siyasi texnologiya eyni zamanda radikalların növbəti yalan, ucuz hiyləsi və cəmiyyətə qarşı məsuliyyətsiz davranışının təzahürüdür.

Odur ki, ictimaiyyətin diqqətini məhz boykota yönəldərək radikallar sadəcə öz zəifliyini yox, mənasız mövcudluğunu da gizlətmək istəyirlər. Boykot tryukunun hesabına radikallar siyasətdə guya hansısa gücə və nüfuza malik olduqlarını nümayiş etdirmək çalışırlar. Bu cür “mahnı”lar hesabına siyasi proseslərdə öz əhəmiyyətini süni şəkildə qabardan siyasi-şivənlər əslində sadəcə öz ibtidai mövcudluğunu qoruyurlar. İbtidai mövcudluğunun isə tək bir məqsədi var: Qərbin təxribat niyyətli qrantlarını “yemək”.

Təsbitlərimizi təsdiqləmək üçün məsələyə digər tərəfdən yanaşaq. Boykot məsələsi ortalığa atılmasa idi, bu bəla-radikallar kiminsə yadına düşərdimi? Sual ritorikdir, çünki cavab bəllidir: əlbəttə, yox. “Boykot şivəni” olmasaydı, onlar heç kəsin yadına belə düşməzdi. Seçkilərdə hansısa rəqabət aparmaq üçün hətta nəzəri şansı belə olmayanların boykot elan etməsi acizlik və gülüncdür. Çəkinmədən deyə bilərik ki, daim milli həmrəyliyə, sabitliyə və dialoq mühitinə qarşı çıxış edənlərin hətta mənəvi haqları belə yoxdur ki, onlar seçkidə iştirak etsinlər və cəmiyyətin ictimai şüurunu zəhərləndirsinlər. “Kirli” siyasi texnologiyalarının ifşasına davam...