Məkanın cənnət olsun, Səbuhi! - Pərvanə İbrahimova yazır

- Salam Pəri, artıq dönmüşəm. Sabah universitetə gələcəm. İndilik onu deyim ki, muzeyin direktoru Alla Vladislavovna və Anton bir məqamı ürək ağrısı ilə etiraf etdilər: "Nə yaxşı ki, gəldiz, sanki unudulmuşdu bu nəhənglikdə adam. Nə qəbirüstü abidəsi var, nə xatirə lövhəsi, nə də hansısa barelyefi".

Səbuhi bir təsadüf nəticəsində Stavropol vilayətinin Yessentuki şəhərinin arxivi ilə əlaqə yaratmışdı. Muzey əməkdaşlarının dəvət təklifini və Səbuhinin getmək istəyini BDU rəhbərliyi də dəstəkləmişdi! Nəticədə Səbuhi Yessentukidən universitetin yaradıcılarından biri və ilk rektoru, professor Vasili İvanoviç Razumovskiylə bağlı maraqlı faktlarla zəngin və gözəl bir reportajla geri dönmüşdü.

28.10.2015, Səbuhinin reportajından: "Yeri gəlmişkən, Bakıya qayıtdıqdan sonra BDU-nun rektoru Abel müəllimə bu barədə deyəndə anındaca reaksiya verdi. Rektor təşəbbüs qaldırdı ki, Razumovskinin barelyefinin və xatirə lövhəsinin qoyulmasına böyük zərurət var. Hətta qərara alındı ki, bu məsələ yaxın vaxtlarda, noyabrın 15-dək həllini tapsın. Çünki məhz noyabrın 15-də BDU-da ilk mühazirə oxunub, necə deyərlər, ilk dərs günü başlayıb".
Öz təbirincə desək, #zaman 26.11.2015! #Məkan - Stavropol vilayətinin Yessentuki şəhəri! BDU-nun ilk rektoru, professor Vasili Razumovskinin xatirə barelyefinin açılış mərasimi! Nümayəndə heyətində Səbuhi də təmsil olunurdu!

Və əlbəttə ki, öz gözəl, bənzərsiz reportajları ilə universitetin Razumovski dönəmindən yola çıxaraq 3 hissəli reportaj da hazırlamışdı!

Səninlə bağlı, xatirələr çoxdur, əziz həmkar! Təxminən 1999-2000-ci illər aralığında "Elçi" qəzetində "Vətən tarix kitabının 5-ci sinfindən başlayır" sərlövhəli elə gözəl yazı yazmışdın ki... Səhərisi gün elə özünün iştirakınla bəzi məqamları müzakirə də etmişdik!

Məkanın cənnət olsun, Səbuhi!

https://525.az/news/44525-50-il-sonraki-mektub-unudulmus-dahi-sonuncu-teleqram-fotolar?fbclid=IwAR1H2HyTFDojcdlq09fmp4LeBaman8aHzo6-QeFrE6G1rCJ_tMRCyrJoePQ

image description