Yeni dövrün seçkisi

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına 10 yanvar tarixində verdiyi müsahibəsində səsləndirilmiş fikirlərə biz hələ uzun müddət ərzində öz mülahizələrimizdə müraciət edəcəyik. Tarixi həqiqətləri, obyektiv reallığı və ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyən edən Prezident İlham Əliyevin sözügedən müsahibəsi ünvanlı mesajlarla zəngindir. Səsləndirilmiş bütün fikirlərin gələcəkdə tədricən real həyatda açıqlamalarını görəcəyik və onları yaşayacayıq. Müasir tariximiz bunun bariz sübutudur.

Bilavasitə seçki ərəfəsində reallaşdırılmış sözügedən müsahibə, eyni zamanda Prezident İlham Əliyevin öz xalqına və seçicilərinə verdiyi hesabat, habelə gələcəklə bağlı vədlər kontekstində də təhlil oluna bilər. Ötən illərin təcrübəsi onu göstərir ki, cənab Prezident ucuz populizm və demaqogiyadan hər zaman uzaq olub. Məhz elə bu səbəbdən də “sözümüz imzamızdır” ifadəsi dövlət başçısının siyasi fəaliyyətini xarakterizə edə biləcək əsas ifadələrdəndir.

16419845563214663473_1000x669.jpg (91 KB)

Əlbəttə ki, yalnız demaqoq və boş-boğaz populist çıxış etdiyi zaman uydurma rəqəmlərlə jonqlyorluq edər. Bu növ siyasi ritorika çoxdandır ki, babin kasetlər kimi siyasi dövriyyədən çıxıb. Qeyd olunan üslub boş-boğaz ritorikadan başqa bir şey deyil, xüsusən də bizim siyasi şivənlərin ifadəsində. Məsuliyyətsiz bəyanatlarla öz siyasi aktuallığını qoruyub saxlamağa çalışan siyasi şoumenlər çoxdandır ki ifşa olunublar və bütün mümkün olan ictimai etibarı itiriblər. Ötən illərin nailiyyətləri və tam ərazi suverenliyimizin bərpası real siyasətin nəticəsidir, demaqoq xarakterli ucuz bəyanatların nəticəsi deyil. Görünür, məntiq və rasionallıqdan uzaq olan radikallar hələ də siyasəti şərqin səsli-küylü bazarlarından ayırd edə bilmirlər.

Ölkənin perspektiv inkişaf strategiyası kontekstində sözügedən müsahibədə öz əksini tapmış Prezident İlham Əliyevin ən maraqlı fikirlərindən birinə diqqət yetirək: “Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik…”.

Dövlət başçısının məhz bu sözlərində çoxlarını düşündürən, bəzilərin isə qərəzli manipulyasiyalarına səbəb olan seçkilərin nədən növbədənkənar keçirilməsinin səbəbini aydın şəkildə görə bilirik.

Bununla da Azərbaycan xalqı haqlı olaraq adlandırdığı “Zəfər seçkiləri”ni biz eyni zamanda mahiyyət etibarı ilə “Yeni dövrün seçkiləri” kimi də adlandıra bilərik. 7 fevralda keçiriləcək Prezident seçkiləri Vətənimizin tarixində yeni inkişaf dövrünün başlanmasının təcəssümüdür.

Beləliklə, sözün əsl mənasında, həm də “yeni dövrün seçkisi” olan 7 fevral tarixində Azərbaycan xalqı sadəcə öz rəhbərini seçməyəcək, Qalib xalq eyni zamanda dövlətin gələcək inkişafının məzmununu seçəcəkdir. Prezidentin “Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik…” sözləri sadəcə islahatların anonsu deyil, bu sözlər açıq-aşkar gələcəkdə bütün sistemin format olunacağından bizə xəbər verir. Prezidentin “köhnə hədəflərlə gedə bilmərik” ifadəsi isə artıq o cümlədən idarəetmədə yanaşmaların dəyişdirilməsinin zamanı çatıbdır deməkdir.

1b6f3ee74c70dd5cd522f2361c7734a2.jpg (157 KB)

Ehtimal edə bilərik ki, ictimai münasibətlərin format olunmasına xidmət edən islahatlar radikalları çox narahat edir. Yeni dövrün yeni münasibətlər sistemində cəmiyyətdə ixtilafın yaradılmasına xidmət edən radikal düşüncəyə artıq yer olmayacaq. Yeni dövrün çağırışları ictimai və siyasi proseslərdə iştirak edən bütün subyektlərdən peşəkar münasibətləri tələb edəcək. Peşəkar münasibətlər isə eyni zamanda məsuliyyətli münasibətlər deməkdir. Cənab Prezident məhz bunun anonsunu öz sözləri ilə bizə vermiş olur. Əlbəttə, radikal düşüncə həm mahiyyət, həm forma etibarı ilə bu cür münasibətlər sisteminə hələ də hazır deyil. Onların 7 fevral tarixli seçkilər ilə bağlı bütün “mırıldamaların” səbəbi də elə məhz budur.

Müasir gəncliyin, məsuliyyətli vətəndaşın, vətənpərvər Azərbaycan övladın, təcrübəli millətin və sözsüz ki, Qalib Azərbaycan xalqının seçimi cəmiyyətin ictimai təfəkküründə isbatlanmış nəticələrin, məsuliyyətli mövqeyin, peşəkarlığın və dayanıqlı inkişafının təcəssümü kimi həkk olmuş Prezident İlham Əliyev olacaq!

A.Adil

Politoloq