Qərbin siyasi riyakarlığı və ikili standartları

Aprelin 3-də ABŞ Dövlət katibi Blinkenin telefon danışğı zamanı Azərbaycanda insan hüquqları ilə bağlı qaldırdığı məsələyə cənab Prezident tərəfindən verilən tutarlı cavab haqqında Prezidentin Mətbuat Xidmətinin dünən yaydığı açıqlama ilə hamımız tanışıq.

Həqiqətən, ABŞ Dövlət katibinin cinayət məcəlləsinin konkret maddələri ilə şübhəli bilinərək saxlanılan şəxslərin, xüsusilə Qubad İbadoğlunun,

“Abzas media”nın bəzi əməkdaşlarının və digərlərinin istintaqı başa çatmadan və ya məhkəmənin qərarı olmadan azad edilməsi haqqında absurd çağırışı nəinki Azərbaycanın daxilinə işlərinə kobud şəkildə müdaxilədir, eyni zamanda, qanunun aliliyinə, hər kəsin qanun qarşısında bərabər olması prinsipinə qarşı çox böyük hörmətsizlikdir.
Heç kim Azərbaycanda jurnalist və ya siyasi fəaliyyətinə, baxışlarına görə nə həbs olunur, nə də təhdid və hədə-qorxuya məruz qalır. Ona görə də ABŞ Dövlət katibinin insan hüquqları məsələsini manipulyasiya etməsi təəssüf doğurur.

Bu məsələnin birinci tərəfi.

Ikincisi, niyə Dövlət katibi öz ölkəsində və ya Ermənistanda jurnalist, bloqer və siyasi fəallara qarşı olan repressiyalardan danışmır?

Misal üçün, bu ilin fevralında dünyaca məhşur amerikalı jurnalist Taker Karlson sırf jurnalist fəaliyyətinə görə ABŞ rəsmiləri tərəfindən açıq şəkildə təhdid edildi, Avropa Parlamenti onu sanksiya ilə hədələdi, ancaq cənab Blinken buna səssiz qaldı.

Niyə ABŞ-ın Dövlət katibi, senator və konqresmenləri bir dəfə də olsun Vahid Ermənistan partiyasının sədr müavini, siyasi məhbus Mger Yegizaryanın Paşinyan hökumətinə etiraz əlaməti olaraq 54 gün aclıq aksiyası keçirəndən sonra həbsxanada ölməsi faktını pisləmədi?

Niyə bu ilin fevralın 28-də siyasi məhbus, yazıçı-publisist Narek Malyanın Paşinyanı tənqid etdiyi üçün qanunsuz həbs edilməsi, müxalif görüşlərinə görə Vanadzorun meri Mamikon Aslanyanın və Respublika partiyasının sədr müavini Armen Aşotyanın məhkəmənin qərarı olmadan 3-ildən çox həbsxanada saxlanılması, tanınmış həkim, dissident və siyasi məhbus Armen Qriqoryanın məhkəmə zalında ölməsi haqqında Fransanın presidenti Makrona göndərdiyi məktubuna məhəl qoyulmur? İki həftə öncə, martın 22-də isə Paşinyanın repressiv rejiminə qarşı çıxış etdiyinə görə tanınmış bloqer Narek Samsonyanın və Vazgen Saqatelyanın həbs edilməsi gözardı edilir?
Məndə hazırda Ermənistanda mövcud olan onlarla siyasi məhbusun siyahısı var, əgər cənab Blinken üçün maraqlı olsa, siyahını ona göndərə bilərəm.

Ancaq acı həqiqət ondan ibarətdir ki, indiyə kimi nə ABŞ-ın Dövlət departamenti və insan hüquqlarını müfafiə edən beynəlxalq təşkilatları, nə də Avropa Parlamenti bir dəfə də olsun Paşinyana və onun repressiv rejiminə Ermənistandakı siyasi məhbusların azad edilməsinə çağırış etməyib.

Bunun bir adı var: siyasi riyakarlıq və ikili standart!

Ona görə də yaxşı olardı ki, ABŞ-in və Avropanın rəsmiləri, parlamentləri ilk növbədə öz ölkələrində və Ermənistanda baş verən bu kimi siyasi repressiyaların qarşısını alsınlar, Azərbaycana demokratiya və insan haqlarından dərs keçməsinlər.

Unutmasınlar ki, bizim onların hər bir qərəzli və böhtan xarakterli mövqeyini yalanlayacaq yetərincə əsaslarımız və arqumentlərimiz var.

Azay Quliyev