Türkiyə PA Hindistan KİV-lərində yayımlanmış təxribat xarakterli xəbərlərə münasibət bildirib

Hindistan KİV-lərində Türkiyənin terror təşkilatlarına dəstək verdiyi barədə yayılan xəbərlər iki ölkə arasındakı münasibətlərə xələl vurmaq məqsədi daşıyır.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Bildirilib ki, bəzi Hindistan mediasında Türkiyənin Hindistandakı terror aktları ilə əlaqəli olduğu barədə iddialar əsassızdır:

“Türkiyə harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq bütün terror aktlarını qətiyyətlə pisləyir və beynəlxalq əməkdaşlıqla terrorla mübarizədə öncül rol oynayır. BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasına və NATO-nun müvafiq siyasətlərinə fəal töhfə verir. Türkiyənin Hindistan və ya digər ölkələrdə radikallaşma fəaliyyəti yürütməsi iddiaları tamamilə əsassızdır”.

Qurum ictimaiyyəti bu cür manipulyativ və böhtan xarakterli xəbərlərə inanmamağa çağırıb.