• Qərb
  • 22 İyul 19:01
  •  1 485

YUNESKO-nun baş direktoru ABŞ-nin təşkilatdan çıxmaq qərarını şərh edib

ABŞ, 2 il əvvəl geri döndüyü təşkilatdan yenidən ayrılır...

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş direktoru Odri Azule, ABŞ-nin bu qurumdan yenidən çıxmaq qərarına münasibət bildirib.

ABŞ Prezidenti Donald Trampın bu qərarından dərin üzüntü duyduğunu ifadə edən Azule, qərarın “çoxtərəfliyin əsas prinsipləri ilə ziddiyyət təşkil etdiyini” və ABŞ-dəki UNESCO tərəfdaşlarına mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Digər tərəfdən, Azule qeyd edib ki, UNESCO Trampın bu qərarına qarşı hazırlıqlı olub. O, 2018-ci ildən bəri BMT qurumu daxilində struktur islahatlarının həyata keçirildiyini və maliyyə mənbələrinin şaxələndirildiyini diqqətə çatdırıb.

Azule bildirib ki, ABŞ-nin UNESCO-ya maliyyə dəstəyi qurumun ümumi büdcəsinin 8 faizinə bərabərdir və bu göstərici digər BMT qurumları ilə müqayisədə aşağıdır.

ABŞ-nin UNESCO-dan çıxma qərarının səbəblərinin, 2017-ci ildəki çıxma prosesi zamanı göstərilən səbəblərlə eyni olduğunu deyən Azule, təşkilata yönəlmiş “İsrail əleyhinə qərəz” iddialarını da rədd edib.

Mövsüm,

AzNews.az