(Millət vəkilinin yeni məqaləsi) (Millət vəkilinin yeni məqaləsi)

Qəbul olunan qanunlar yerinə yetirilməlidir!

(Millət vəkilinin yeni məqaləsi)




Siqaret satışı uşaqlara qadağandır! Qanunla bəli, amma praktikada uşaqlara hər yerdə siqaret satılır. Azyaşlılara siqaret satışını qadağan edən qanun maddələri yerinə yetirilməli və bu sahədə dəhşətli vəziyyət aradan qaldırılmalıdır¬! Bu gün ürəkağrıdıcı bir mənzərə var. 18 yaşından kiçik hər bir uşaq çox rahatlıqla hər yerdə siqaret ala bilər. Uşaqlar arasında siqaret çəkənlərin sayının artması və bununla bərabər tütün məhsullarından istifadə edən gənclər arasında xəstəliklərin artması bizi ciddi narahat etməlidir.

Azərbaycan Respublikası "Tütün və tütün məmulatları haqqında" qanunun 15.3-cü maddəsi siqaret satışı ilə bağlı qadağaları tənzimləyir. Qanunun tələbinə görə, siqaretin 18 yaşına çatmayanlara satılması qadağandır. Amma çox təəssüf ki, hətta parlament səviyyəsində bu məsələni bir neçə dəfə səsləndirməyimi¬zə baxmayaraq hələ də qanunun maddəsi yerinə yetirilmir.

Qanunun 15.5-ci maddəsinin tələbinə görə isə tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı qadağandır. Amma bu gün tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı çox rahat şəkildə həyata keçirilir. Bu qanunlar nə üçün qəbul olunub. Kağız üzərində qalmaq üçünmü? Bu məsələləri bir neçə dəfə parlamentdə qaldırmaqla bərabər bir daha bu qanunu həyata keçirməli olan qurumlara səslənərək onların həyata keçirilməsinə ciddi nəzarət edilməsinə çağırırıq. Bu gün hər bir məktəbli elə dərs fasiləsində məktəbin düz yaxınlığından rahat siqaret alıb çəkə bilir. Nə olacaq bu uşaqların gələcəyi... Onların sağlam gələcəyi bizim üçün hər şeydən vacib olmalıdır!

Qanunun 15.6-ci maddəsinə əsasən isə tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılm¬asına xidmət edən digər yazılar olmalıdır. Mən şəxsən belə yazıları görmədim və bu gün də demək olar ki, heç yerdə görmürəm. Nə üçün yoxdur bu xəbərdarlıq yazıları? Qanunun həyata keçməsinə, bu məsələyə nəzarət etməli orqanlar nə üçün bu məsələyə ciddi nəzarət etmirlər? Dünyanın sivil ölkələrinin hamısında bu məsələ öz həllini tapıb. Bizdə isə bu istiqamətdə qəbul olunan qanunların həyata keçirilməməsi üzündən hələ də xoşagəlməz vəziyyət davam edir. Bu istiqamətdə təcili addımların atılması, qəbul olunan qanunun maddələrinin yerinə yetirilməsi lazımdır. Qeyd edək ki, qanun ona əməl etməyənlər üçün də müəyyən cəzalar nəzərdə tutur. Əslində mənim fikrimcə Bu istiqamətdə problemlərin daha effektivli həlli üçün gələcəkdə bu cəzaların daha da artırılması vacibdir. Amma elə indiki qanunla Azərbaycan Respublikasının¬ İnzibati Xətalar Məcəlləsinin 236.2-ci maddəsinə görə, "Ticarət və ya ictimai iaşə müəssisələrinin¬ işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə - şərti maliyyə vahidinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

Maraqlıdır indiyədək kimlər cərimə edilib? Bu barədə cəmiyyəti maarifləndirmə işinə kömək istiqamətində niyə məlumatlar verilməyib? Bir sözlə bu məsələdə həm qanunların tətbiqi həm də cəmiyyətin maarifləndirilm¬əsi istiqamətində ciddi işlər görülməlidir. Maarifləndirmə bu istiqamətdə ən vacib məsələdir ki, KİV-lərimizin də üzərinə bu məsələdə böyük iş düşür. Təəssüf ki, bu önəmli mövzuya KİV-lərimiz, televiziyalarım¬ız da çox az diqqət yetirir. Mən həmkarlarımı bu istiqamətdə maarifləndirmə işinə daha çox diqqət yetirməyə çağırıram. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarına görə, ötən əsrdə 100 milyon insan siqaretin qurbanı olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırıl¬ır. Bu problemlə bağlı Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Belə ki, ÜST-ün açıqlamalarına görə, Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə isə dünya ölkələri arasında 22-ci yeri tutur. Siqaret çəkənlər arasında azyaşlıların sayının daha da artması isə xüsusi narahatlıq yaradır. Təəssüf ki, biz hələ "İctimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi" haqqında qanunu da qəbul edə bilməmişik və ümid edirəm ki, yaxın zamanlarda biz bu istiqamətdə qanunu nəhayət ki, qəbul edə biləcəyik.

Yazımın sonunda bir neçə kəlmə də valideynlərə səslənmək istəyirəm. Təəssüf ki, bir çox hallarda bu işdə valideynlərin də günahı olur. Bütün valideynlər uşaqlarını bu təhlükəli bəladan qorumaq üçün daha çox diqqətli olmalı, onlara ciddi nəzarət etməlidirlər. Təəssüf ki, bəzi insanlar hətta uşaqlarını onlara siqaret almağa göndərirlər. Övladını siqaret almağa göndərənlər siz nə qədər təhlükəli bir addım atdığınızın gerçəkdən fərqində deyilsinizmi?
Bu məsələdə təhsil qurumlarının da üzərinə böyük məsuliyyət düşür. Məktəblərdə tütünün zərərləri ilə bağlı maarifləndirmə tədbirləri ciddi şəkildə artmalıdır. İctimai qınaq da artmalıdır. Azyaşlı və yeniyetmələri siqaret çəkərkən gördükdə laqeyd keçməməliyik onlarla dostcasına danışıb zərərli vərdişdən uzaqlaşmasının vacibliyini söyləməli, ailəsini, məktəbini tanıyırıqsa bu barədə mütləq onlara məlumat verməliyik.

Bir sözlə bu işləri görməkdə gecikdiyimiz hər dəqiqə, hər saat, hər gün bir neçə uşağımızın, yeniyetməmizin,¬ gəncimizin həyatını məhv edir...