Nazirliyinin 260 min manatın mənimsənilməsi ilə bağlı açıqlaması

Bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin qanunsuz olaraq 260. min manat məbləğində vəsaiti rəsmiləşdirərək silinməsi, eyni zamanda anbarda 65. min manat məbləğində mal-material çatışmazlığının aşkar edilməsilə bağlı məlumat yayıldı. Bununla bağlı "Qafqazinfo" Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, əslində ajiotaja elə bir səbəb yoxdur: "Məndə olan məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır. Nəticəni araşdırma göstərəcək. Aparılan araşdırma başa çatmadan heç nə demək mümkün deyil, yəni burada korrupsiya faktı var ya yox, bunu yenə aparılan araşdırmanın nəticəsi göstərəcək" .

İ. İbrahimova onu da qeyd edib ki, mətbuat nümayəndələrinin bununla bağlı çoxsaylı müraciətləri təbiidir: "Amma madam ki, məlumat yayılıb, o aydınlıq istəyir. Ona görə ki, adi bir məlumat barədə olduqca çoxlu sayda müraciətlər edilir, sadə bir məsələnin şişirdilməsinə cəhd təəssüratı görünür. Odur ki, məsələyə aydınlıq gətirmək istəyirəm.

Bundan əvvəl də belə halların qarşısının alınması məqsədilə Nazirlik tərəfindən dəfələrlə tabeli qurumlarda araşdırmalar, yoxlamalar aparılıb, yol verilən nöqsanlara görə qurumların rəhbər işçiləri işdən azad olunub və barələrində toplanmış materiallar araşdırma aparılması üçün aidiyyəti orqanlara təhvil verilib. Məsələn, 2012-ci ildə və 2013-cü ilin ötən müddəti ərzində ETSN tərəfindən aparılan araşdırmalar zamanı Meşələrin İnkişafı Departamentinin 71 nəfər əməkdaşı işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad olunub, 87 nəfərə töhmət verilib, 14 meşə mühafizəsi və bərpası müəssisəsində yol verilən ciddi nöqsanlara görə isə 18 iş araşdırılması üçün müvafiq qurumlara göndərilib. Bundan başqa, xüsusi mühafizə olunan təbiət ərazilərində aparılan araşdırmalar zamanı işlərində yol verdikləri nöqsanlara görə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru və 3 nəfər sahə müfəttişi, eləcə də Şahdağ Milli Parkının bir neçə əməkdaşı tutduqları vəzifədən azad olunub və barələrində toplanmış sənədlər ETSN tərəfindən aidiyyəti üzrə göndərilib. Həmçinin vəzifələrini lazımi şəkildə yerinə yetirmədiklərinə görə Ətraf Mühitin Mühafizəsi Departamentinin 11 nəfər işçisi tutduğu vəzifədən azad olunub, 38 nəfərə töhmət verilib, 14 nəfər isə aşağı vəzifəyə keçirilib.

Eyni zamanda, "Azəryaşlandşaft" ASC tərəfindən aparılan araşdırmalar zamanı "Azəryaşlandşaft" ASC-nin 6 saylı Bakı-Quba yaşıllaşdırma idarəsinin direktoru İlham Şahverdiyev işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub və barəsində toplanmış araşdırma materialları ASC tərəfindən müvafiq orqana göndərilib".

Nazirliyin sözçüsünün dediyinə görə, bu hal da eyni sıradan olan hesab olunmalıdır. Çünki ETSN-nin 10 mindən çox işçisi, 200-dən artıq idarəsi və tabeli qurumu var. Bu idarələrin hansındasa belə halların olmasını istisna etmək üçün Nazirlik daim mübarizə aparır və bu istiqamətdə vaxtaşırı görülən tədbirlərdən biri də elə bu idarələrin fəaliyyətinin araşdırılmasıdır. Nazirlik belə araşdırmaları davam etdirmək fikrindədir və bu işə müvafiq təşkilatların cəlb edilməsini də nəzərdə tutur.

"Xəzər sahil sularına ekoloji nəzarət və mühafizə mərkəzi ETSN sisteminə aid olsa da, Nazirliyin yox, onun tabeliyindəki Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin bir qurumudur. Qeyd edim ki, Xəzər dənizinin Abşeron yarımadası hissəsində 16 çirkab sutəmizləyici qurğu quraşdırılıb, artıq 6 ildir ki normal işləyir və bu qurğuların fəaliyyətinə daim nəzarət olunur. Nəzərə alınmalıdır ki, qurğuların yerləşdiyi ərazi rütubətli və şoran olduğundan qurğularda mütəmadi təmir işləri aparılır, lazım olan avadanlıqlar alınır və texniki xidmət göstərilir. Xəzər sahillərində quraşdırılan qurğuların 15 mart 2013-cü ilə olan vəziyyəti barədə fotolar Nazirliyin saytının (eco.gov.az) "Xəzər dənizi" bölməsində yerləşdirilib (http://www.eco.gov.az/x-ms.php). Lakin hər halda araşdırma vəziyyəti daha dəqiq müəyyənləşdirməyə ancaq kömək edəcək və idarənin daha da şəffaf işləməsinə xidmət edəcək." – deyə, İ. İbrahimova vurğulayıb


Qeyd edək ki, "Qafqazinfo" sözügedən məsələ ilə bağlı Xəzər sahil sularına ekoloji nəzarət və mühafizə mərkəzinin tabeçiliyində olan çirkab sutəmizləyici qurğuların vəziyyəti və işləmə şəraiti ilə tanış olub. Əvvəla bildirək ki, ETSN-nin saytında qurğular barədə şəkillər və məlumatlar yerləşdirilib. 15 mart 2013-cü il tarixində çəkilmiş fotolardan qurğuların çox yeni (elə bil ki 6 il bundan əvvəl quraşdırılmayıb, lap təzə görünürlər) olduğu aydın görünür. Buna baxmayaraq Nazirliyin mətbuat xidmətinin də iştirakı və köməkliyi ilə bir neçə qurğuya yerində baxış keçirdik. Nazirliyin saytındakı fotolarla real vəziyyətin üst-üstə düşdüyünü təsdiqləmək birmənalı olaraq mümkündür. Elə oradaca Mərkəzin direktoru Rövşən Gözəlov ilə də görüşdük. Onun dediyinə görə, (əslində bu hamının bildiyi həqiqətdir) qurğuların yerləşdiyi ərazilər dəniz kənarında olduğundan daim rütubətlidir, dənizin şor suyu və küləklər buradakı avadanlıqların və tikililərin görkəmini çox qısa zamanda bərbad hala salır. Belə bir şəraitdə işləyən 16 qurğunun çox səliqə-səhmanlı olduğu aydın görünürdü.

Yayılan məlumatda bildirilir ki, bu qurğuların təmirinə 126 min manat vəsait silinib, 101 min manat vəsait isə mənimsənilib. Qanunvericiliyə uyğun olaraq silinmiş 126 min manatın 19,2 min manatı ƏDV olaraq ödənilmişdir. Əgər göstərildiyi kimi 101 min manat mənimsənilmişdirsə, belə çıxır ki, təmir olunmuş 16 ədəd qurğuya 5,8 min manat (yəni hər qurğunun təmirinə 362 manat) xərclənmişdir. Bu isə yerinə yetirilmiş və gözümüzlə gördüyümüz işlərə görə qeyri-mümkündür.

Açıq-aydın təxmin etmək olardı ki, stansiyaların hər birinin təmirinə bəlkə də elə 18-20 min manat civarında pul sərf olunub. Bundan az vəsaitlə belə nəticə əldə etmək real görünmür.

Əminik ki, Prokurorluq da məsələnin belə incəliklərini araşdırıb ədalətli nəticəyə gələcək.

AzNews.az