“Qüsurlarını xatırlamaq səni sevməkdi“


Qəşəm Nəcəfzadə

Hər şey unudulur, hər şey yaddan çıxır, ən möhtəşəm gözəllik belə, ən gözəl şeir də yaddaşdan silinir, təkcə adı qalır, o da yavaş-yavaş yaddaşın sirli dərəsinə yuvarlanır. Amma yaddan çıxmayan bəzi şeylər var...

Hamı deyirdi ki, sən çox yaxşı adamsan, nə bilim ürəyi genişsən, adamlara yaxşılıq etmək üçün doğulmusan. Bunu özüm də bilirdim, başqaları deyəndə isə qısqanırdım. Səni kimi heç kəs şeir yaza bilməz, səni kimi heç kəs şeiri duymur, təhlil edə bilmir, sən Azərbaycanın dəyərli şairisən. Bu həqiqəti dərindən dərk eləyirdim.

Şairliyin bir yana, hələ müəllimliyin... Dərs dediyin tələbələr sənin dərsindən sonra şeir yazmağa başlayır deyirlər. Jurnal sənə nə gözəl yaraşır, bunu demişdilər, amma görməmişdim, axır ki, bu səhnəni öz gözlərimlə gördüm. İşə bax, köynəyinin qırışı da sənə bir bəzək olur. Ayaqqabının üstündəki toz da yaraşır. Adını "Yaraşıq" qoymuşdum.

Məhəmməd Füzulun "Leyli və Məcnun"undan danışanda o biri qrupun tələbələri də gəlib sənə qulaq asırdılar. Səni çox qısqanırdım, hətta Leyli və Məcnuna da...

Səni çox sevirdim, sənin mənə olan sevgini də çox sevirdim, mənə çoxlu şeirlər yazmışdın, kitablarının biri lap mənim adımadır. Bunu heç kəs bilmir , təkcə mən bilirəm.

Azərbaycan şairlərini yanaşı düzsələr, mən yalnız barmağımı sənin üstünə qoyaram. Allah-təala ömrümdə bir dəfə mənə şeir yazmaq şansı versəydi, inan ki, o şeiri sənə yazardım.

Sən feilləri çox sevirdin, mən isimləri. Sən təsirli fel olsan da mən sənə tabe olmadım, daha doğrusu, olmaq istəmədim.

Şəhərin hər tinində xatirəmiz var, bir gün Azərbaycan dilində danışmaq imkanımız olmazsa belə, bizim ağacla, quşla, küçə ilə, tinlə, dirəklə, metro ilə danışmaq şansımız vardı... Şəhər bizim üçün sevgi əlifbasıdır. Bəlkə də, heç kəs bizim kimi bu əlifbanı oxuya bilmir.

Sən əgər "Əhmədli" metrosu desəydin, bilərdim ki, məndən incimisən, mən də o saat deyərdim "Qız qalası" yəni niyə küsmüsən məndən? O saat deyəydin ki, "28 may" yəni mənsiz şəhərə niyə çıxmısan? Mən də deyərdim "laçın", yəni özümə yaz paltarları almağa getmişdim... O saat hirsli bir bir sözün olardı: "20 yanvar", yəni bu soyuqda adam çölə çıxar, dalınca deyərdin "Sahil ", yəni səni bahar kimi sevirəm, gəl özüm sənə paltar alım. "Sahil" sənin sevginin baş cümləsi idi, "İçərişəhər" isə budaq cümləsi. Baş cümləyə minib, budaq cümlədə düşərdik.

Sən həmişə əyin-başıma fikir verirdin, yeməyimin qeydinə qalırdın, gündə neçə dəfə halımı soruşurdun. Şəhərin hər tərəfində postların vardı. Mən oralardan keçəndə həmişə səni görürdüm, Sənin yaradıcılığın haqqında hər yerdə danışırdılar. Şeirlərini əzbər deyirdilər. Özü də o şeirlərin çoxu mənə aid olardı. Televiziyada haqqında verilişlər verirdilər, o verilişlərin içində də sən məni hökmən xatırlayırdın. Nazlanıb özümdən çıxardım, yerə, göyə sığmazdım.

Mənə çoxlu dibçək çiçəkləri alardın, indi o çiçəklər hələ də mənim evimdədir, böyüyüblər.

Mənə aldığın ayaqqabılar hələ də təzədir, köhnəlməyib, aldığın paltarlar hələ dağılmayıb, elə ətirlər var ki, hələ başları açılmayıb.

Mən indi səni unutmuşam, hər şeyini, hətta mənə yazdığın şeirləri unutmuşam. Şəhər də səni mənə xatırlatmır, bütün yaxşılıqlarınla mənə yadsan. İstəyir "Nobel" mükafatı al, mənim üçün heç bir mənası yoxdur. İstəyir Təhsil naziri ol, təbrik də eləmərəm heç, müəllimlik şöhrətin daha eynimə deyil.

Amma mən sənin qüsurlarını, nöqsanlarını unuda bilmirəm. Rus dilini yaxşı bilməməyin məni həmişə ağladır. Yaxşı yadımdadı bir rus dilli yazıçının verdiyi suala cavab verə bilmədin, o sənə bir də nə vaxt görüşək sualını vermişdi? Mənim yanımda qıpqırmızı oldun, pərtliyini gizlədə bilmədin. Əvəzində mən cavab verdim. Bax, mən bunu unuda bilmirəm.

Mənimlə çörək yeyəndə barmaqlarının hamısını yağa batırmağın yadımdan çıxmır. Mən yağa batmış barmaqlarını rus dilində cavab verə bilməməyin qədər çox sevirəm. Əgər stolda bir stəkan su varsa, hökmən sən onu öz üstünə calamalıydın, çünki xasiyyətin bu, idi. Səni balam kimi sevirdim. Həmişə qalstukun əynində əyri durardı, mən bu, əyrilik üçün ölürəm. Saçının pırtdaşıqlığını, köynəyindəki ləkələri unuda bilmirəm, tozlu ayaqqabın gecələr yuxuma girir. İndi səni yaşadan qüsurlarındı.

Hərdən mənə yalan danışmağın vardı, onu o qədər təcrübəsiz deyirdin ki, az qala elə küçədəcə səni qucaqlayıb öpüm. Həmişə küçədə mənə nəsə bir söz deyəndə, dayanırdın, hətta metronun girişi olsa belə. Bilirdim ki, bu sənin abzasındı, təzə sətrə keçirsən. Ay allah, mən niyə bunlar üçün darıxıram.

Özümü heç cürə ələ ala bilmirəm. sənin nöqsanlarını, qüsurlarını həyatım qədər sevirəm... Qayıt, mənimlə "metro" dilində danış, qayıt nə olar.//lent.az//