Avropada güclü fırtına: ölənlər var - Fotolar

Qərbi Avropada davam edən şiddətli fırtınalar 3 nəfərin ölməsinə, 20 nəfərin yaralanmasına səbəb olub.

AzNews.az "BBC"yə istinadən xəbər verir ki, Avropada onminlərlə insan elektriksiz qalıb, bütün uçuşlar təxirə salınıb.

İspanyanın şimalındakı Bask bölgəsində iki nəfər güclü dalğa səbəbindən boğulub, bir nəfərin isə Fransız Alpsda xizək sürərkən üstünə ağaç aşıb. Hər üçü həyatını itirib.

Niderlandda səlahiyyətlilər eyni anda ölkənin beş əsas dəniz baryerini bağlayıblar. Amsterdamda saatda 110 km/saat sürətlə əsən küləklər səbəbindən yüzlərlə təyyarə uçuşu təxirə salınıb.

Fransada isə küləyin sürəti saatda 147 kilometrə çatıb. Fırtına nəticəsində ölkədə 4-ü ağır olmaqla, 15 nəfər yaralanıb. Parisdəki Eyfel qülləsi və parklar qapadılıb.

İsveçrədə güclü külək qatarı relsdən çıxarıb. Vaqonun aşması nəticəsində səkkiz nəfər yaralanıb. Ölkədə ən güclü külək rekordu Lucerne şəhəri yaxınlığında - saatda 195 kilometrlə - qeydə alınıb. Ümumilikdə, 14 min evə elektrik verilişi dayandırılıb.

Stans şəhərində kiçik təyyarə çevrilib, Bern şəhərində isə 13 metrlik Yolka ağacı aşıb.

Almaniya və Avstriyada təqribən 20 qayıqçı köməksiz qalıb.

Belçikada ağaclardan düşən budaqlarla və havada uçan digər əşyalarla bağlı xalqa xəbərdarlıq edilib.

İngiltərədə də sürəti saatda 161 kilometrə çatan küləklər nəticəsində minlərlə evin elektriki kəsilib, rabitə sistemlərində problemlər yaşanıb.