Paşinyan Əliyevin sözlərini təkrar etdi. Ermənistan sülh sazişini nə qədər yubada bilər? - ŞƏRH

18 aprel 2023-cü il. Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonuna səfər edir. Səfər zamanı prezident kamera qarşısına keçir və Azərbaycan Dövlət Televiziyasına müsahibə verir. Dövlət başçısı həmin müsahibədə bəyan edir:

"Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir".

“Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma- Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”, – İlham Əliyev həm ölkə ictamiyyətinə, həm də Ermənistan rəhbərliyinə mesaj verir.

Azərbaycan prezidentinin bu mövqeyi, heç şübhəsiz, Ermənistanla aparılan danışıqlarda gündəmin ana maddələrindən olur.

Bəyanatın verilməsindən az müddət sonra- may ayının 2-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ABŞ-da dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə masa arxasına oturur və 4 gün ağır müzakirələr aparırlar.

Danışıqlar getdiyi günlərdə Azərbaycan prezidenti Şuşada keçirilən beynəlxalq tədbirdə çıxış edir və nazirlərin ABŞ-dakı görüşü barədə danışır:

“Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”.

Prezident daha sonra deyir ki, Azərbaycan Ermənistan tərəfinə sülh sazişi layihəsinin dörd yeni variantını göndərib və qarşı tərəfdən bu təkliflərə sonuncu şərhi qırx gündən çox gözləyib:

"Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər. Lakin bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada iki istiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”.

Mayın 14-də Azərbaycan və Ermənistan rəhbərləri Brüssel formatında növbəti- beşinci görüş keçirirlər.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçidən daha çox, dəstəkləyici statusunda təşkil etdiyi görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəbul edir.

Danışıqlar barədə məlumat verən Şarl Mişel qeyd edir ki, görüşdə sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edilib:

“Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29 800 kvadratkilometr və Azərbaycanın 86 600 kvadrat kilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər”.

Daha bir görüş mayın 19-da Moskvada, Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında keçirilir.

Xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli görüşdə qeyd edir ki, postmünaqişə dövründə münasibətlərin normallaşması prosesi müxtəlif mərhələlərdən ibarətdir: "Ötən ilin sonundan etibarən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müəyyən durğunluq müşahidə olunub".

XİN rəhbəri həmçinin Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı bu məsələdə irəliləyiş əldə olunduğunu vurğulayır.

"Bugünkü danışıqlar Ermənistan nümayəndə heyəti ilə bütün mövcud məsələlərin, o cümlədən mümkün sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirməyə imkan verəcək", - diplomat əlavə edir.

Bütün bu müzakirələrin nəticsə olaraq Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə açıqlamalar verir. Məsələn, bazar ertəsi keçirdiyi mətbuat konfransında o bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən tanınan 86.6 min kv. km-lik ərazisinə Dağlıq Qarabağ daxildir.

Azərbaycan üçün nə özünün, nə də Ermənistanın ərazi bütövlüyü ilə bağlı heç bir sual mövcud deyil. Rəsmi Bakı Ermənistanın müstəqilliyini və ərazi bütövlüyünü tanımağa həmişə hazır olub və yenə hazırdır. Bu şərtlə ki, Azərbaycanla bağlı eyni qərarı Ermənistan da versin.

Ermənistan bir dövlət olaraq öz gələcəyini necə görür?

Zənnimcə, erməni toplumu və siyasi istibleşmenti üçün əsas sual budur.

Əgər onlar hesab edirlərsə ki, başqa bir dövlətin ərazisinə iddia ortaya qoymaqla dövlət kimi formalaşa, mövcud ola və uğur qazana bilərlər, yaxın və bir qədər uzaq tarixin təcrübəsi təsdiq ki, bu, Qafqazda münaqişələri alovlandırmaqdan başqa heç bir perspektiv vəd etmir, gec-tez Ermənistanın likvidasiyası ilə nəticələnəcək.

Yox, Ermənistan cəmiyyəti və hakimiyyəti artıq başa düşürsə ki, Azərbaycandan bir qarış belə torpaq qopara bilməyəcəklər, o zaman iki dövlət arasında sülh sazişinin imzalanması qaçılmazdır və müxtəlif maraqlı dövlətlərin küyünə düşərək bu prosesi uzatmağın mənası yoxdur.

Sülh sazişinin imzalanması ilə ortaya iki əsas problem çıxacaq:

1) Sərhədlərin demarkasiya və delimitasiyası;

2) Anklavlar və eksklavlarla bağlı məsələlər.

Hər iki məsələ hər iki ölkədə müəyyən ictimai həyacanlara səbəb olsa da, müzakirələrlə həll olunmayacaq, beynəlxalq hüquq və təcrübəyə əsasən çözülməyəcək problemlər deyil. Erməni mediasında ortaya atılan iddialara görə, anklavlar və eksklavlar məsələsinin həlli üçün ərazi dəyişikliyi həyata keçirilə bilər. Nəzəri cəhətdən mümkün olsa da, bu ehtimalı bölüşmək çətindir. Konstitusiyamıza görə, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

Odur ki, indi qarşıda duran əsas məsələ məsələnin texniki detallarına girmədən, köklü həll üçün vacib olan prinsip və normaları müyyənləşdirən sülh sazişinin imzalanmasıdır.

Fəqət bu sazişdə heç bir halda və formada Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan ermənilərlə bağlı müddəalar əks oluna bilməz və olunmamalıdır. Çünki bu istənilən halda və formada Azərbaycanın dövlət suverenliyini məhdudlaşdıran nüans olacaq.

Nikol Paşinyanın açıqlamalarından sonra Ermənistandakı revanşist qüvvələr və Xankəndidəki cinayətkar çətənin qalıqları arasında təşviş böyüyüb, aqoniya dərinləşib. İsterik halda bəyanatlar verir, tədbirlər planlaşdırırlar. Ermənistan cəmiyyətində baş verənlər Azərbaycan üçün xüsusi əhəmiyyətli məsələlər deyil. Ürəkləri istədikləri qədər toplaşa, qışqıra, istəsələr lap vətəndaş müharibəsi sala bilərlər. Fəqət öhdəliklər yerinə yetirilməlidir və nə Nikol Paşinyan, nə də onun yerinə göz dikən kimsə, hətta arzusuna çatsa belə, post münaqişə dövründə aparılan danışıqlar zamanı İrəvanın üzərinə götürdüyü mükəlləfiyyətlərini icra etməkdən yayına bilməz. Bunun cavabını Azərbaycan deyil, Ermənistan ərazisində alacaqlarını sırğa edib qulaqlarından asmalarında fayda verir.

Qarabağdakı ermənilərin təhülkəsizliyinə və dinc yaşamına gəlincə, bu məsələdə də təzədən velosiped icad etməyə gərək yoxdur: Azərbaycanın Konstitusiyası var, qanunları var, beynəlxalq konvensiyalar var. Bu hüquq çərçivəsində Azərbaycan Respublikasının vətəndaşı kimi yaşamaq istəyənlər ölkəmizdə ömür sürə bilərlər. Fəqət Azərbaycan Respublikasının vətəndaşı kimi yaşamaq istəməyənlərin ölkəmizdən köçmək hüququnu da məhdudlaşdıra bilmərik. Laçındakı sərhəd qapısı çıxış üçün üzlərinə açıqdır.

Ancaq iş ondadır ki, məsələ heç də beynəlxalq hüququn prinsipləri ilə həll olunacaq qədər sadə deyil və iki qonşu dövlət- Rusiya və İran Qarabağda separatizmin davam etməsində maraqlı görünür. İran hər nə qədər çeşidli üsullarla Azərbaycana təzyiq göstərməyə çalışsa belə, Arazı keçib Qarabağ ermənilərini "qorumaq üçün" üstümüzə qoşunla gəlməyə cürəti çatmaz. Elə bu səbəbdən də əsas problem mənbəyi Rusiya olaraq qalır. Bununla belə, Rusiya xarici siyasətinin texnoloqları iki məqamı mütləq nəzərə almalıdırlar.

Birincisi, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanat heç bir halda və formada davam etməyəcək. Azərbaycan sülh sazişinin imzalanmasından və imzalanmamasından asılı olmayaraq, Ermənistanı Bəyanatın tərəfi olaraq sıradan çıxaracaq. Əgər Rusiyanın Sülhməramlı Kontingenti Azərbaycan ərazilərində qalmaqda davam edəcəksə, bu, artıq Üçtərəfli deyil, İkitərəfli- Azərbaycan və Rusiya arasında imzalanmış sənədin əsasında baş verəcək.

İkincisi, Rusiya və Azərbaycan arasında bağlanmış müqavilələrə görə, Rusiya Azərbaycanda seperatizmi dəstəkləyə və müdafiə edə bilməz. Odur ki, RSK-nın bölgədə mövcudluğu Xankəndidəki cinayətkar xuntanın fəaliyyətinin davam etməsini şərtləndirməməlidir.

Bütün bunlardan çıxan əsas nəticə odur ki, Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanması labüddür, lakin rəsmi Bakı üçün daha əsas prioritet Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetməsidir.

Taleh ŞAHSUVARLI