Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının da ildən-ilə güclənməsi çox vacib amillərdəndir. Çünki idman ictimai həyatın mühüm bir hissəsidir. Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının da ildən-ilə güclənməsi çox vacib amillərdəndir. Çünki idman ictimai həyatın mühüm bir hissəsidir.

2017-ci ilin idman yekunları: Uğurlu siyasət və böyük nailiyyətlər

Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının da ildən-ilə güclənməsi çox vacib amillərdəndir. Çünki idman ictimai həyatın mühüm bir hissəsidir.

Təsadüfi deyil ki, müstəqillik illərində tikilən idman qurğuları, Olimpiya oyunları səviyyəli arenalar, ümumilikdə bu istiqamətdə infrastrukturun yenilənməsi son illərdə daha böyük vüsət alıb. Çox yaxşı haldır ki, bu istiqamətdə həm dövlətimizin, həm də gənc idmançılarımızın göstərdiyi çabalar zaman-zaman öz bəhrəsini verir. Nəticə etibarilə, ölkənin idman nailiyyətləri günbəgün, ilbəil artır.

Bu mənada, 2017-ci ili də Azərbaycan idmanı üçün çox uğurlu hesab etmək olar. Artıq 2017-ci il başa çatır. Ona görə də il ərzində ölkəmizin idman sahəsində qazandığı uğurlarını qruplaşdıraraq xatırlatmaq istərdik:

  • İlin tarixi qələbələri

Məlumdur ki, bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindiriblər. Bu il də müxtəlif beynəlxalq yarışlarda qazanılan medalların sayı kifayət qədər çox olub. Belə ki, idmançılarımız bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanıb ki, bunlardan 347-si qızıldır. Bu rəqəm ötən illə müqayisədə daha çoxdur. Bu da onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar.

Təbii ki, bu il ən böyük qələbəmiz Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında qeydə alındı. Bu Oyunlar, sözün əsl mənasında, böyük idman, dostluq, qardaşlıq bayramı oldu. Azərbaycan bütün müsəlman ölkələrinin aparıcı idmançılarını qəbul etdi, onlar öz vətənlərinə xoş təəssüratlarla qayıtdılar. Bu Oyunlar bir daha göstərdi ki, Azərbaycan dünya miqyasında böyük idman dövlətidir. Necə ki, 2015-ci ildə I Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə Azərbaycan komandası layiq görüldü. Bu Oyunlarda üç mindən çox idmançı, minlərlə mütəxəssis, qonaq iştirak etdi və Azərbaycan həqiqətləri ilə tanış oldular.
2017-ci ildə şahmatçılarımız üçün də uğurlu oldu. Peşəkar şahmatçılarımız bu il üçüncü dəfə Avropa çempionu oldular. Bu böyük qələbə onu göstərir ki, bizim idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar.

Həmçinin, bu il iki idmançımız - Məhəmmədrəsul Məcidov və Hacı Əliyev boks və sərbəst güləş üzrə üçqat dünya çempionu oldular. Bu da tarixi qələbədir. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq böyük uğurdur. Eyni zamanda, Azərbaycan idman məktəbinin yetirməsi – azərbaycanlı idmançı Ramil Quliyev bu il ilk dəfə olaraq yüngül atletika üzrə dünya çempionu oldu. Bunu da tarixi qələbə kimi qiyətləndirmək olar.
Bu il komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstərdilər. Bakıda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatında voleybolçu qızlarımız dördüncü yerə layiq görüldü. Onlar hətta yarımfinal görüşündə qələbəyə çox yaxın idilər. Lakin Avropada qitəsində voleybol kimi çox məşhur idman növündə dördüncü olmaq da bir nailiyyətdir.

İlin uğurlarından danışarkən təbii ki, futbolçularımızın adını çəkməmək günah olar. Belə ki, hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində iştirak etdi. Bu, Azərbaycan futbolunun tarixi qələbəsi idi. Sevindiricidir ki, komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil etdi.

  • Beynəlxalq yarışlar Azərbaycanı dünyaya dinamik inkişaf edən, müasir dövlət kimi təqdim etdi

Hətta Prezident İlham Əliyev dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə futbolçularımızın bu nailiyyətlərinə belə şərh verdi:

“Mən xatırlayıram, biz Olimpiya Stadionunu inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena bəlkə də bizə lazım deyil, Tofiq Bəhramov adına 30 minlik stadionumuz, digər stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, “Qarabağ” futbol klubunun oyunlarına 60 mindən çox tamaşaçı gəlmişdi. Bu gün Bakı Olimpiya Stadionu dünya miqyasında seçilən Olimpiya stadionlarından biridir. Təsadüfi deyil ki, UEFA Avropa Liqasının final görüşü də bir neçə ildən sonra bu stadionda keçiriləcək. Eyni zamanda, futbol üzə Avropa çempionatının bir neçə oyunu da bu stadionda keçiriləcək”.

Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi də ölkə idmanının uğuru idi. Çünki bu günə qədər heç vaxt Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik etməyib. Bu da son illər ərzində Azərbaycanda gimnastika idman növünün, ümumiyyətlə, idmanın inkişafının təzahürüdür. Ölkəmizdə keçirilmiş bir çox beynəlxalq yarışlar artıq Azərbaycanı bütün dünya idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidir ki, bizim nümayəndələrimiz indi Avropanın idman ailəsində də yüksək vəzifələr tuturlar.

Bu il ikinci dəfə olaraq Bakıda Formula-1 yarışı keçirildi. Ümumi rəyə görə, bu yarışlar 20 yarışın arasında ilin ən yaxşı yarışı hesab olunub. Bunu da ciddi uğur kimi qəbul etmək olar. Bir çox Formula-1 yarışlarından fərqli olaraq Bakı mərhələsi şəhər yarışıdır və bu, eyni zamanda, bütün dünyaya - yarım milyardlıq tamaşaçı auditoriyasına Bakı şəhərinin gözəlliyini nümayiş etdirir. Təsadüfi deyil ki, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 24 faiz və 2017-ci ilin 11 ayında isə daha 20 faiz artıb.

  • İdmanın inkişaf etdirilməsi bütün ölkələr üçün aktualdır.

“Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir. Əminəm ki, idmançılarımız bundan sonra da bizi qələbələrlə sevindirəcəklər. Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir, dövlət siyasəti aparılır, idmanın maddi-texniki bazası möhkəmləndirilir. Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədi rayonlarında iki gözəl Olimpiya İdman Mərkəzi yaradılmışdır. Əlbəttə, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Əminəm ki, idmançılarımız bizi beynəlxalq yarışlarda bundan sonra da sevindirəcəklər. Bütün bu uğurların səbəbləri aydındır. İdmana dövlət dəstəyi, idmançılarımıza qayğı göstərilir. İdmanla məşğul olan bütün qurumlar – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vurur. Yəni, bizim məqsədimiz Azərbaycanda idmanın inkişaf etdirilməsidir, Azərbaycanın dünyada güclü idman dövləti kimi tanıtdırılmasıdır və idmanın kütləviliyinin təmin olunmasıdır. Regional Olimpiya mərkəzlərinin tikintisinin səbəbi də məhz budur ki, idman kütləvi xarakter alsın”

- deyə, 2017-ci ilin idman nailiyyətlərinə yekun vuran Prezident İlham Əliyev yeni nəsil idmançılarımızın da yetişdiyini qeyd etdi. Həqiqətən də yeniyetmə, uşaq idmanı olmadan idman uğurlarından, onun gələcəyindən danışmaq mümkün deyil. Ona görə, bu istiqamətdə də dövlət səviyyəsində ciddi tədbirlər görülür.

Nəticə etibarilə, bu gün idman hər bir ölkənin ictimai həyatında çox mühüm rol oynayır. İstər ölkənin beynəlxalq nüfuzu, istər turizm sektorunun inkişafı, istərsə də xalqın rifah halının yaxşılaşdırılması baxımından idmanın inkişaf etdirilməsi bütün ölkələr üçün aktualdır. Ona görə, Azərbaycan da bu faktorları önəmsəyərək idmanın inkişafına xüsusi diqqət yetirir. Şübhə yoxdur ki, gələcək illərdə də ölkəmiz digər sahələrlə bərabər, idmanın inkişafını xüsusi nəzarətdə saxlayacaq.

Elgün Mənsimov
AzNews.az