Qarabağ məsələsini bəhanə edərək “Fəlsətin modeli”nə hazırlıq görülür Qarabağ məsələsini bəhanə edərək “Fəlsətin modeli”nə hazırlıq görülür

İrandan Azərbaycana qarşı ənənəvi təhlükə

Qarabağ məsələsini bəhanə edərək “Fəlsətin modeli”nə hazırlıq görülür

Dünyanın elə nöqtələri var ki, orada digər dövlətlər tərəfindən yüzillərdir idarə olunan problemlər mövcuddur. 40 ildir İranda hakimiyyətdə olan dini-klerikal mollakratiya rejimi öz mövqeyini qorumaq üçün “Fələsətin problemi”ni, İraqda “Şiə hərəkatı”nı, “Suriya şiələri Doktrinası”nı və Türkiyədə “Ələvi-cəfəri strategiyası”nı ortaya qoyub. Sırada “Qarabağ” problemini bəhanə edərək, Azərbaycan dövlətçiliyinə və Qafqaza nüfuz etməyi planlaşdırıblar.

Qarabağ uğrunda alyans yaratmaqla İranın hədəfləri

2013-cü il 6-11 noyabr tarixində Təbriz Universitetində “Beynəlxalq Qarabağ Konfransı” keçirildi. Konfransın baş tutması üçün İran mollakratiya rejimi tərəfindən hazırlıqlar görülmüşdü. İran tərəfindən yemlənən, maliyyələşdirilən bir sıra qurumlar bu konfransın ən dəyərli “qonaqlar”ı qismində təmsil olundular. Azad Qarabağ Uğrunda Alyansı, Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan İslami Müqavimət Birliyi, Azərbaycan İslam Partiyası və digər qurumlar həmin il iyunun 25-29-da Təbriz Universitetinin dəvəti ilə İranda səfərdə oldular. Burada İranın müxtəlif stukturları ilə görüşlər zamanı “Qarabağın işğalı İslam dünyasına ağır bir zərbədir” ideyası altında Azərbaycanın Fələstinə, Bakının da Beyruta çevrilməsi, fələstinliləşdirmə strategiyası ortaya qoyuldu. Guya Tehran rejiminin maddi və hərbi dəstəyi ilə Qarabağı azad etmək asan yollardan biriymiş. Bununla da İranın strateji hədəfində olan Azərbaycanda “Yeni Müxalifət Hərəkatı”nı yaratmaq, daha sonra, silahlı mübarizəni inkişaf etdirməkdir. Bunu hələ Tehran rejimi 1991-ci ildə Qarabağla bağlı siyasi hədəflərini belə izah edirdi: “Qafqazda Azərbaycan adlı bir dövlətin quruca adı İran üçün böyük bir təhlükədir”.



Quzey və Güney Azərbaycanda milli siyasətə sarsıdıcı zərbə taktikası

Azərbaycan Respublikasının 27 ildir dövlət müstəqilliyini qoruyub saxlaması Güney Azərbaycan siyasətində çox böyük önəm daşıyır. Güney Azərbaycan Milli Hərəkatının son 20 ildə inkişaf etməsi məhz bu amillə bağlıdır. Buna görə də İran molla rejiminin siyasi institutları “paniranizm” ideyasını qorunub saxlamaq üçün baş sındırır. Elə bu strateji hədəflərin uzantılarına hesablanmış ideyanın sosiallaşma taktikasına yetərincə miqdarda vəsait xərcləməkdə heç zaman xəsislik etməyib. Son 20 il-də İranın Qum, Məşhəd, Tehran, Mazəndaran, Yəzd, Kirman, Şiraz və digər şəhərlərindəki xüsusi düşərgələrdə, təhsil ocaqlarında Azərbaycandan gətirilən və onlara təhsil vermək adı ilə beyinləri yuyulan vətəndaşlardan bu gün yararlanmağa başlanılmışdır. İndi onların sayəsində ictimai qurumlar yaratmaqla, molla rejimi öz təsir dairəsini gücləndirməyə çalışır. “Azərbaycan Fədailər Dəstəsi”, “Mübariz Ruhanilər Hərəkatı”, “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı”, “Əhli Beyit Hərəkatı”, “İmam Hüseyn Aşiqləri Hərəkatı”, “DEVAMM” (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) və digər qurumlar buna örnəkdir.
İran kəşfiyyatının generalı olan, professor Məhəmməd Əli Pərgü Qarabağ məsələsinə işarə edərək belə demişdi: “Qarabağla bağlı münaqişənin həllində İranın fəaliyyətinə olan baxışlar əsas aparıcı prioritet hesab olunmalıdır. Qarabağ konfransı ilə bağlı İranın yeddi universitetinin strateji tədqiqatlar mərkəzi uzun müddətdir xüsusi proramlar hazırlamışdır. Biz həm də bu konfransa Güney Qafqazın mədəni və ictimai durumunda dönüş nöqtəsi kimi baxırıq”.

Etnik separatçı taktikasının hədəfləri

İran molla rejiminə qarşı beynəlxalq birliyin embarqo tətbiq olunmasına görə ağır böhran içindədir. Ona görə də mövcud durumudan çıxış nöqtəsi kimi, öz çevrəsində Türkiyə və Azərbaycanda demokratik təsisatların çökdürülməsi taktikasından yararlanmaq üçün hərəkətə keçmişdir. Bu strategiyaya etnik bəölücülük hədəfləri də daxildir. Azərbaycan Respublikası ilə bağlı “talış” faktoruna daha çox ümid edir. Belə ki, Güney Azərbaycanla sərhəd bölgələrində yaşayan “talış xalqının hüquqlarının müdafiəsi“ adı altında hədəflərini heç gizlətmir də. Gilan vilayətində modernləşmə adı altında 7 oktyabr 2013-cü ildə dövlət büdcəsindən 2 milyard 600 milyon dollar vəsait ayırmışdır. Bu vəsaitin müəyyən qismi Həştpər şəhərində yerli bankların hesabına köçürüldü.
Bölücü “Dağlıq Qarabağ” rejimində fəaliyyət göstərən “Çı Tolişoni Sədo Radioyi 133 bərnomə, AM-9677” (Talışstanın Səsi), “Tehran Humanitar Araşdırmalar İnstitutu”, Rəşt şəhərindəki “Tolişi sədo” (talışın səsi) radiosu, “Talış Strateji Araşdırmalar Mərkəzi”, qondarma “TMR” (Talış Muğan Respublikası) proyekti adına “TMR və DQR”, “TMR və Ermənistan” müqavisinin imzalanması proyekti (Əlikram Hümbətov İrəvana və Xankəndinə buna görə gəlmişdi), “Talysh News Agency”, “Talış Ağsaqqlar Şurası”, “Azəri-Talış Milli-Mənəvi Dəyərlər İctimai Birliyi”, “Rusiya Talış İcmaları Birliyi”, “Rusiya İrandilli Xalqlar Konqresi”, “Rusiya Talış Milli Mədəni Muxtariyyəti Federal Konqresi”, “Rusiya Şiələri Federasiyası” tipli şəbəkələri yaratmaqla Azərbaycan dövlətinə qarşı yeni müxalif gücün formalaşması hədəflərini irəli sürmüşdür.

“Hizbullah” və “bəsici” taktikası

Azərbaycanda əhalinin kasıb və savadsız təbəqəsinin yanında yer alan Tehran rejimi strateji hədəflərinə uyğun bir sıra sosial stukturları hərəkətə gətirmişdir. Onların fəaliyyət dairəsi Livan, Suriya, İraq, Türkiyə, Fələstində olduğu kimi “hizbullahçı” və “bəsici” təfəkkür tərzini xatırladır. Mümkün qədər bu kəsimi zombiləşdirmə taktikası ilə hərəkət edən Tehran rejimi 11-ci yüzildə sınaqdan keçən “Ələmut” düşüncə tərzindən məharətlə yararlanır. Bu, türkün əli ilə türkü məhv etmə taktikasıdır. Azərbaycanda problemləri qabartmaqla hərəkətə keçən İran, öz hədəflərinə nail olmaq üçün, “Yeni Müxalifət” strategiyasını gizlətmir. Bu, demokratik və milli hədəflərdən uzaq olan yeni zümrənin formalaşması deməkdir.
2013-cü ildən bu günə kimi İranın Tehran, Zəncan, Qum və digər şəhərlərində “Qarabağ mövzusu”nda çoxsaylı tədbirlər keçirilib və bu toplantılara ancaq Azərbaycan Respublikasında dolayı yolla dəstək verdiyi qurumlar iştirak ediblər. Müxalifətin son mitinqlərində də məhz onlara məxsus təşkilatların üzvləri xüsusi hazırlıq keçmiş təlimlərə uyğun iştirak edirlər. Bununla yanaşı, həmin mitinqlərdə Azərbaycanın ali qanunu olan Konstitutsiyanın dəyişdirilməsi və şəriət dövləti ideyasını radikal şəkildə tələb edən, buna görə də qanuni şəkildə həbs olunmuş insanların portretlərini əllərində tuturlar.

Həmid Məmmədli
AzNews.az