Azərbaycan ictimai rəyi hələ də xeyli dərəcədə ədəbiyyat meyillidir Azərbaycan ictimai rəyi hələ də xeyli dərəcədə ədəbiyyat meyillidir

“Xudafərin körpüsü” altından sızdırılan yalan- təsadüf, qərəz, yoxsa ideoloji diversiya?

Azərbaycan ictimai rəyi hələ də xeyli dərəcədə ədəbiyyat meyillidir

  • "Onun gözlərinin giləsinə diqqətlə baxan olsaydı, orada Xudafərin körpüsünün yüz dəfələrlə kiçildilmiş əksini görə bilərdi"- Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanından

Aprelin ikinci ongünlüyündə erməni sosial şəbəkələrində Dağlıq Qarabağa yük daşıyan İran yük avtomobillərinin(TIR-ların) görüntüləri yayıldı. Azərbaycanlı sosial şəbəkə istifadəçiləri bunu dərhal İran tərəfini ittiham etməklə tirajladılar və Azərbaycan xarici siyasət idarəsini reaksiya verməyə dəvət etdilər. Xarici siyasət idarəmiz bu halda etməli olduğunu etdi, müvafiq diplomatik prosedurlar gözlənilməklə İran tərəfinə etirazların çatdırdı.

İranla Ermənistan arasındakı əlaqələrin bizə qaranlıq yönlərini təftiş etmək üçün yeni arqument tapılmış,həm rəsmi Bakının, həm də ölkə ictimaiyyətin etirazları sayəsində bu əlaqələri mümkün qədər əngəlləmək fürsəti yaranmışdı. Lakin birdən-birə həmişə olan şey baş verdi. Bir sehirbazlıqla ittiham seli Azərbaycanın öz daxilinə yönəldi, lap ötən əsrin 80-90-cı illərində olduğu kimi. Hər şey mayın əvvəlində tanınmış bir yarımmüxalif fəalın məlum urapatriotik açıqlaması (facebook.com/123264267729739/posts/3102218523167617/) ilə başladı.

İttihamların qısa məzmunu:

2016-cı ildə imzalanmış sazişin hansısa qaranlıq tərəfi var imiş, Dağlıq Qarabağa yardım aparan TIR-lar guya həmin sazişə əsasən inşa olunmuş körpülərdən istifadə edir. Dolayı məntiqdən çıxan ittiham Dağlıq Qarabağa yardımın Azərbaycanın icazəsi ilə edildiyi və ya “Dağlıq Qarabağın Azərbaycan tərəfindən İrana icarə verildiyi” (www.azadliq.org/a/iran-araz-ses/30600662.html) kimi absurd iddiaları ehtiva edir. Sazin mahiyyəti kənarda qoyularaq, daha çox körpü müzakirə edilir. Müxalif qurumların bəyanatlarında isə inadla sazişdəki hansısa gizli bəndlərdən, hətta ərazi itkisindən bəhs edilir. Halbuki saziş imzalandığı 2016-cı ildə İranın “Pars today” agentliyi sazişin nəticəsi olaraq işğal edilmiş ərazilərimizin müəyyən hissəsinin deokkupasiyasının baş verdiyini bildirmiş, azərbaycanlı politoloq Mübariz Əhmədoğlunun açıqlamalarına da istinad edilmişdi. Bu günlər “Turan” agentliyinin təqdim etdiyi xronikada da (turan.az/ext/news/2020/5/free/analytics/ru/124126.htm) sazişin nəticəsi olaraq 300 kv. km-lik ərazinin deokkupasiyasından bəhs edilir. Belə halda birmənalı olaraq ciddi diplomatik uğurdan bəhs edilməli deyildimi? Təəssüf ki, elə həmin agentliyin əvvəlki şərh və informasiyaları tam əks ittihamlara rəvac verməyə səbəb olacaq mahiyyətdə idi.

Ümummilli lider Heydər Əliyevin sazişlə bağlı prinsipli mövqeyi xatırladılaraq indiki hakimiyyətin o prinsipiallıqdan imtina etməsi görüntüsü yaradılır. Bunu daha çox yarımmüxalif çevrələr tərəfindən səsləndirildiyinin şahidi olmaqdayıq. Parlament tribunası əldə etmiş yarımmüxalif təşkilatların ilk vaxtlar xarici siyasət idarəsinin fəaliyyətini tənqid etmək üçün atdıqları bu tezis göründüyü kimi bu gün hədəfini aşıb və bütövlükdə hakimiyyətin xarici siyasət kursunun tənqidinə yönəlib. Halbuki istər ümummilli lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son dərəcə prinsipial və ardıcıl kurs yürütməsi bir çox hallarda xarici dövlət və hökumət başçıları tərəfindən də qeyd edilir , o cümlədən işğalçı Ermənistanın sabiq prezidentinin dərc edilmiş memuarlarında da bu barədə məcburi etiraflar var.

Bu ittiham selindən sonra İran-Ermənistan münasibətlərini təftiş eləməyə amadə olan milli enerjinin Azərbaycan daxilində düşmən axtarışına yönələcəyi əvvəlcədən bəlli idi. Bunu bütün peşə fəaliyyəti informasiya diversiyalarını yönəltməklə keçmiş ura patriot da, onun həmkarları da bilməmiş deyildilər.

Əslində isə AXC könüllü Cəbrayıl batalyonunun komandiri Vaqif Əlisoyun da yazdığı kimi, həmin körpülərdən biri (500 metr uzunluğu, eni 15 metr) Azərbaycan tərəfinin təşəbbüsü ilə, Naxçıvanla əlaqələri asanlaşdırmaq üçün hələ 1993-cü ilin aprelində, yəni AXC hakimiyyəti vaxtı tikilib istifadəyə verilibmiş (www.facebook.com/Vaqif.Hacibeyli/posts/2964082073677869). Bir az da irəli tarixə qayıtsaq, hələ 1990-cı ildə Azərbaycan dəmir yolunun Mehri keçidində baş verən davamlı təxribatın qarşısının alınması üçün rəsmi Bakının dəmir yol xəttinin Cəbrayıl ərazisindən sonra Ordubadın Salamməlik stansiyasına qədər hissəsinin Arazın İran tərəfinə köçürülməsi, bu məqsədlə xüsusi keçid-körpü kompleksi inşası təşəbbüsü də olmuşdu.

Sazişin özü barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, Mili Məclisin vitse spikeri Əli Hüseynli, xarici işlər nazirinin müavini Xələf Xələfov kifayət qədər izahedici açıqlamalar verib, İran-Azərbaycan münasibətlərinin korlanmasına cəhd edən üçüncü tərəflər olduğu da vurğulanıb. Hətta obyektiv mövqe tutmağa çalışan müxalif siyasətçi və bloqqerlər (İlqar Məmmədov, Nahid Cəfərov və b.) də sazişin Azərbaycan maraqlarına zidd heç bir mahiyyət daşımadığı haqda şərhlərlə çıxış ediblər.

Bəs, niyə bu mövzu hələ də səngimir?

Bir rus teatrşünasının 20-ci əsrin 30 –cu illərində yol verilmiş sənət təhrifi haqda qeydini yada salmaq istəyirəm. O yazırdı ki, rus –sovet adamının Qərb klassikası ilə kütləvi tanışlığı 20- 30-cu illərə təsadüf edir, baxmayaraq ki, lap 18-ci əsrdə də nələrsə tərcümə edilib, səhnələşdirməyə də cəhd edilib. Amma 20-30-cu illərdə məsələn, “Hamlet“ tamaşaya qoyulanda rejissorlar Hamletdən az qala inqilabçı düzəltmişdilər. Əsərə görə bəstəboy, kök, cəsarətsiz biri olan Hamleti Bakı fəhləsi Abbas Mirzənin gur, şaqraq səsi, çeviklik, əzm aşılayan oyunu ilə yadda saxladı. Vəssəlam, bundan sonra o obraz sovet azərbaycanlısının yaddaşında elə də qaldı. Psixologiyada “ilkin təəssürat effekti” adlanan bu fenomen koqnitiv qərəzlər siyahısına daxil edilir. Bilməliyik ki, ayrı-ayrı siyasi qüvvələr, bir çox hallarda isə düşmən dövlətlər bu qərəzli yönləndirmə texnologiyasından cəmiyyətin mühüm siyasi qərarlarla bağlı məlumatlandırılması zamanı da istifadə edirlər. Xüsusən də informasiya müharibəsinə məruz qalan cəmiyyətlər belə yanlış yönləndirmələrə açıq olur.

İlkin informasiya nə qədər çox yanlış yozumlarla təqdim olunursa, sonradan onun düzgün izahı üçün bir o qədər uzun müddət tələb olunur. İran TIR-larının Dağlıq Qarabağa yük daşıması haqda informasiyaların sızması nə qədər əlimizi gücləndirirdisə, sonradan ura patriotların məsələyə yanlış yozumlarla müdaxiləsi ölkə ictimai rəyində həm xarici siyasət idarəsi, həm də bütövlükdə dövlətin xarici siyasəti haqda yanlış təsəvvürlər yaranmasını təşviq etdi. Belə “PR sehirbazlığı”nın, “PR tələsi”nin məqsədinin məhz elə bu olmasını da düşünməyə əsas var. Yekun olaraq demək olar ki:

- Xəbər yayılanda güman edilirdi ki, erməni bloqqerlərin narahatlığı əsaslıdır, İranda koronovirus yayıldığından Dağlıq Qarabağın erməni əhalisinin tibbi təhlükəsizlik qayğıları dilə gətirilir. Lakin nəticəyə baxanda həmin informasiyaların ictimailəşdirilməsinin xüsusi məqsədli olduğunu deyə bilərik. Xudafərin səs-küyünün davamı olaraq separatçıların Şuşada and içmə mərasimi haqqında da eyni dərəcədə urapatriotik isteriyalarla müşahidə olunan kampaniya getdi. Təəssüf ki, bu kampaniya da düşmənə qarşı yönəlmədi, daxildə “düşmən” və ya “cəsarətsiz” axtarışı ilə yadda qaldı. Ermənistan tərəfindən aparılan informasiya savaşının əsas hədəflərindən biri həmişə məhz bu olub.

- Azərbaycanın İranla uğurlu əməkdaşlığı bölgədəki bəlli qonşu ölkəni də, İranla açıq qarşıdurmada olan bəzi Qərb ölkələrini də qıcıqlandırır və fürsət düşdükcə bu əməkdaşlığa kölgə salmağa çalışırlar. Azərbaycan tərəfinin izahedici açıqlamalarında bu məqamın müəyyən qədər vurğulandığını yuxarıda qeyd etmişdik.

- İran tərəfi Azərbaycanın rəsmi kanallarla etdiyi etirazlara, Azərbaycan ictimai rəyində növbəti dəfə uduzmasına biganə qala bilmir və Ermənistanla əlaqələrinin gizli tərəflərinin faş olunmasında maraqlı deyil. Odur ki, İrana rəğbətli qurum və fəalların da bu arada xüsusi canfəşanlıq etməsi, daxili “düşmən” axtarışına əlahiddə töhfə vermələri diqqətdən yayınmadı.

- Müxalifətin əsas qrupu olan Milli Şura daxilindəki ziddiyyətləri, bir cinsi azlıqla toqquşmanın zərbindən faktiki olaraq dağılmasını ört-bas etmək üçün Xudafərin mövzusunu gündəmdən düşməyə qoymur. Qurumun sədri XX əsrin siyasi tarixinə dair mənbələrin tədqiqi ilə tanınsa da, bu dəfə “beynəlxalq münasibətlər üzrə mütəxəssis” olduğunu qabardaraq, sazişin qaranlıq tərəfləri haqda əsassız iddialarına ciddilik fonu verməyə çalışır.

- Urapatriotik açıqlama müəllifinin müxalifətdəki yeni platformada təmsil olunması da maraqlıdır. Onun digər peşə ortağı da uzun müddətli qeybdən məhz bu platforma yaradıldıqdan sonra zühur edib və az qala bütün açıqlamalarını də məhz Xudafərin, Qarabağ və hakimiyyətin bu yöndə fəaliyyətinin “ifşası”na həsr edib. Yəni, görünəni budur ki, yeni müxalif təşkilatlanmaya gedən dairələr ortaya elə də ciddi layihə qoymadan azərbaycanlıları ən çox rahatsız edən tematika ilə manipulyasiya etmək yolunu seçiblər .

- Xudafərin körpüsü və Şuşa haqda çoxsaylı sosial şəbəkə istifadəçilərin paylaşımları bir nüansı da bizə bir daha xatırlatdı ki, Azərbaycan ictimai rəyi hələ də xeyli dərəcədə ədəbiyyat meyillidir. Deyək ki, bəzilərini sazişin faydaları, hətta 300 kv.km-ərazinin(təxminən kiçik bir rayon ərazisi qədər sahə) deokkupasiyasından çox, “fars- rus -erməni, bunlar türkün düşməni” şüarı vəcdə gətirə, onlara sazişin beynəlxalq hüquq kontekstində izahı yox, Natəvanın hansısa sentimental qəzəlindən bir sitatla təhrifli təqdimatı inandırıcı gələ bilər.

- Ən əsası, yuxarıda qeyd etdiyimiz kimi, hədəfin sadəcə xarici siyasət idarəsi deyil, xarici siyasəti həyata keçirən siyasi iradənin olduğu indi kimsəyə sirr qalmayıb. KİV-ə müsahibəsinə STM sədri də bu məqamı qeyd edir. Az əvvəl “ Azadlıq” radiosuna müsahibə verən keçmiş vəkil, indilərdə tanınmış bloqqer müəyyən siyasətrafı çevrələrin çeynənmiş və təhlükəli bir fikrini təkrar dövriyyəyə buraxmışdı ki, Azərbaycan Prezidenti daxili siyasətdə deyil, yalnız xarici siyasətdə uğurlu olub. Belə fikrin təkrar dövriyyəyə buraxıldığı vaxtla sinxron olaraq Milli Şura, Müsavat və “Biz” platforması tərəfindən Azərbaycanın xarici siyasətinin böyük uğursuzluğu haqda qaldırılmış tozanağın məqsədinin nə olduğu öz- özlüyündə aydınlaşır. Hətta bu iki iddianın (birincilərin “prezident yalnız xarici siyasətdə uğurludur” iddiası, ikincilərin “prezident heç xarici siyasətdə də uğurlu deyil” iddiası) uzlaşdırılımış ideoloji təxribat olduğunu düşünmək də olar.

Mövzunun səngimədiyini nəzərə alıb müəyyən izahat işlərinin davam etdirilməsinə, siyasi iqtidarın yersiz ittiham edilməsinə rəvac vermiş açıqlamaların isə bu yazıda nəzərdən keçirdiyimiz kimi- təsadüf, qərəz, yoxsa ideoloji diversiya kateqoriyasında olmasını aydınlaşdırmağa ehtiyac var.

Cəmaləddin Quliyev