“Dərin söhbətlərə girişməyə həm yaşım, həm də gücüm çatmır” “Dərin söhbətlərə girişməyə həm yaşım, həm də gücüm çatmır”

Habil Əliyev: “Bu səhnədə qalmaq daha bizə yaraşmaz”

“Dərin söhbətlərə girişməyə həm yaşım, həm də gücüm çatmır”



Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevin AzNews.az-a müsahibəsi

- 85 yaşlı Habil Əliyev ömrünün bu ahıl cağında özünü necə hiss edir?

-Allah deyib dururam. Nə dərdim var? Allaha şükür. Hamımız yaxşıyıq. Azərbaycan xalqının mən qadasını alım. Belə xalqı olanın dərdi olar?

-Qarşıdan yubileyiniz gəlir. Habil Əliyev bu möhtəşəm yubileyə necə hazırlaşır?

- Əslində bu yubiley sentyabrın 16-da olmalı idi. Mən bu yubileyə hazırlaşmıram. Allah canını sağ etsin Əbülfəs Qarayevin. Yubileyi Mədəniyyət və Turizm Nazirliyi təşkil edir. Daha doğrusu, Habil Əliyevin 85 illik yubileyi Prezident Aparatının göstərişi ilə hazırlanacaq. İnanıram ki, bu yubileyim əvvəlki illərdə keçirilən mərasimlərdən tam fərqlənəcək. Bu çox yaxşı olacaq. Çünki yaşımın o vaxtıdır ki, çox riskə getmək də olmaz. Bəlkə elə bu mənim axırıncı yubileyimdir? Allahın işini bilmək olmaz. Bəlkə də hələ bir çox yubileylər görəcəm? Amma hər halda bu tədbirin möhtəşəm keçiriləcəyinə inanıram.

- Deyilənə görə, yubileydə qonaq-qaranın sayı çox olacaq...

- Hə. Qonaqlarım olacaq. Özü də İrandan. Həm oxuyacaqlar, həm çalacaqlar, həm də şeir deyəcəklər.

- Deməli, gecənin repertuarından xəbərdarsınız?

- Xeyir. Mən onu necə bilə bilərəm axı? Proqramı nazirlik tutur, onlar kimi istəyirsə dəvət edir. Hələ ki, işin gedişatından razıyam.

- Bəs Habil Əliyev özü necə, neçə illər bundan əvvəl vidalaşdığı kamançasını əlinə götürəcək?

- Bu sual lap yerinə düşdü. Yubileylə bağlı sizə bir lətifə danışacam. Bu lətifə elə bu yubiley münasibəti ilə yaranıb. Qoy bu lətifə dillərdə dolaşsın. Bir dostum var, o günü mənə zəng edib dəvətnamə istədi. Yalvardı-yaxardı, dedi ki, "Habil müəllim biz 15 nəfərik. Nə olar bizi bir-birimizdən ayırmayın". Nə isə. Mən də oturdum, qohumdan-əqrəbadan kəsdim, doğradım. Həmin adam vəzifəli, sözü keçən birisidir. Ömründə mənə xahiş etməyib. Mən də götürdüm buna 15 dənə dəvətnamə verdim. Bu sevinə-sevinə getdi. Bir iki gündən sonra baxdım ki, bu yenidən qayıdıb. Soruşdum ki, dəvətnamələr çox olub? Dedi "yox, əksinə, ikisi də lazımdır. Onların üzünə baxa bilmirəm. Necə edirsənsə bilmirəm, amma ikisini də tap". Dedim ay oğul, vallah sən mənə başqa əlac buraxmadın. Şərqiyyə xanımla mənim dəvətnaməm var, istəyirsənsə verim. Bizim yerimizə yubiley masasında siz oturarsınız.

- Nə dedi?

- Nə deyəcək, o gündən bu günə lətifə dillər dastanı olub. Hamıya yayıb.

- Rəvan Habiloğlu atasının yubiley mərasimində səhnəyə çıxacaq?

-Xeyir. Ona görə ki, oğlum bu sənəti yerə qoyub. Gəlib burada oxusa deyərlər ki, bu necə olur? Rəvan atasının yubileyində oxuyur, amma xalq üçün səhnəyə çıxmır. Amma özü oxumağı çox istəyir. Bu sənət onu məcbur edir. Necə olursa, nə edirsə bircə oxusun. Amma mən razı deyiləm. Deyirəm ki, oğul, mən də artıq bu sənətlə qurtarmışam. Bu sənətdə bəzi xoşagəlməzliklər yaranıb. O qədər artıq adamlar doluşub ki, bu sənətə bizə daha yaraşmaz. Bəsdir, çəkilək duraq kənarda. Qoy camaat bizi necə tanıyıbsa, elə də qalsın. Camaat səni necə tanıyıbsa, elə o mahnılarla, təəssüratla da qalsın. Təzədən ucuzlaşmaq olmaz. Gedirsənsə bu sənətə qayıtmaq olmaz. Gör sənin yoldaşların kimlər olacaq? Konsertlərdə kiminlə yanaşı oturacaqsan? Səhnəyə təsadüfi adamlar gəlib. Hələ ki belə qalıb. Amma özü çox istəyir oxusun, sənətə qayıtsın. Yeni mahnılar yazdırıb.

- Tamaşaçılar həmin mahnıları harada eşidəcəklər?

- Allah qoysa dövlət kanallarında səsləndirəcək. Bu yaxın günlərdə olacaq.

- Sənət aləmində baş verən proseslərdən razı olmadığınız bilirik. Bəs cəmiyyətdən necə?

-Mən kamança çalıram, xahiş edirəm məni yekə yerlərə çəkməyin. Dərin söhbətlərə girişməyə həm yaşım, həm də gücüm çatmır.

- Qədim musiqi alətləri bir-bir sıradan çıxır. Müsabiqə keçirmək, musiqi alətlərini yenidən gündəmə gətirmək olmazmı?

- Bu çoxdan olmalı idi. Elə çalanlar var ki, nəinki aləti, həm də musiqimizi hörmətdən salır. Bunlara rəsmi diplom, icazə verilsin ki, onların hər hansı bir mədəniyyət ocağında çalmağa ixtiyarı olsun. Yaşından asılı olmayaraq, həqiqi sənətkarı heç kəs uzaqlaşdıra bilməz. Bu sənətdə onun dayanacağı yoxdursa, özü hiss edirsə ki, artıq gücü yoxdur, istər-istəməz getməlidir. Başqasının "get" deməyinə ehtiyac qalmamalıdır.

- Həmkarlarınızı bəziləri dövlətdən, rəsmi qurumlardan giley-güzar edirlər. Deyirlər "bu sənətdə, səhnədə can qoymuşuq, amma bizə qiymət verən yoxdur..."

- Bu, Prezidentin səlahiyyətidir. O, şikayət edən adamların qiymətə dəyməzidir. Mən kiməm ki, bu barədə söz deyəm. Bunu Prezident imzalayır.

- Sonuncu dəfə kamançada hansı mahnını ifa etmisiniz?

- Mən bir az tənbələm. Sağ olsun xanımım məni yenidən işləməyə vadar etdi. Dedi ki, "qocalırsan, nəsə çalmalısan". Mən çətinliklə də olsa getdim və beş muğam ifa etdim. Çox yaxşı alındı. Sevinirəm və arvada sağ ol deyirəm. Əgər o, məni tərpətməsəydi yəqin ki, bu mahnılar yazılmayacaqdı. Azərbaycanın 10-dan yuxarı xalq mahnısını ifa etdim. Onların bəziləri unudulub. Mən onu elə ifa etdim ki, baxan musiqinin qədimliyini hiss edəcək. Hamısı dövlət kanalında səslənəcək. Əgər mən buna qulaq asa bilirəmsə, deməli, dinləyicilər də sevəcək.

Bahar Rüstəmli
AzNews.az