- Köhnə - Mədəniyyət
- 16 May 2015 12:30
- 5 237
“Mənə təcavüz edirlər” – Elza Seyidcahan
Xəbər verildiyi kimi, müğənni Elza Seyidcahan Bakı-İstanbul reysində konsert verəcəyini və Azərbaycandan Türkiyəyə səfər edən insanları feyziyab edəcəyini demişdi. Bu ideyanın özü ölkə mediasında böyük marağa səbəb olmuşdu.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə müğənninin təklifinə özünəməxsus tərzdə cavab vermişdi: "Kiminsə təyyarədə konsert verməsi qeyri-realdır və bu, təyyarədəki insanların təhlükəsizliyi baxımından qadağandır. Konkret olaraq Elza xanımın ideyası o vaxt gerçəkləşdirilə bilər ki, o, reyslə uçan 200 sərnişinin hamısının bileti alsın və təyyarənin icarə haqqını ödəsin".
AZAL rəsmisinin bu təklifi Elza Seyidcahanı heç də qorxutmayıb: "Konsert vermək üçün tələb olunan məbləğ mütləq ödəniləcək".
Mövzunun gündəmdə olduğunu nəzərə alaraq AzNews.az-ın əməkdaşı Elza Seyidcahandan bu və ya digər məsələlərlə bağlı yeni bir açıqlama alıb.
O, söhbətinin əvvəlində AZAL rəsmisini işlətdiyi ifadələrə görə qınamadığını və konsertlə bağlı hələ rəsmi müraciət etmədiyini bildirib.
Müğənni hesab edir ki, sənətin çərçivəsi olsa da qanunu yoxdur: "Biz konserti təyyarədə keçirsək, təbii ki, qayda-qanunlara riayət edəcəyik. Şou göstərməyəcəyik, elə edəcəyik ki, heç kəsin ruhu inciməsin. Mən bunu gündəmə gəlmək üçün etmirəm. İstəyirəm ki, ruhoxşayıcı bir şey olsun. Əminəm ki, ideya həyata keçəndən sonra məni qınayanlar peşiman olacaqlar".
Elza Seyidcahan yazdığı şeirlərindən də söz açıb:
"Sonuncu yazdığım şeir "Zad qalmışam"dır. Bundan sonra cızmaqara etməmişəm, çünki başım çox qarışıqdır. Əslində mən bəziləri kimi zorla oturub yazmıram, vəhy gələndə yazıram. Hələlik şeir yazmaq üçün məni təəccübləndirən heç nə yoxdur. Mərhum Vaqif Səmədoğluna həsr etdiyim "Vaqifin ətri", "Əşyalarım", "Zad qalmışam", "O sənsən", "Tək", "Dünya oyun-oyuncaqdan başqa bir şey deyil" və s. kimi şeirlərim içimdən gəlib. İndi bəzi adamlar mənim adımdan artıq şeirlər yazaraq sosial şəbəkələrə yerləşdirirlər, ancaq əsil oxucularım bilir ki, mən elə şeir yaza bilmirəm. Belələri istəyir ki, xalq mənim kimi zəhmətkeş bir insanı başqa şəkildə tanısın. Bu, tək mənim başına gəlmir. Çoxlarının adını belə ləkələyirlər. Ancaq dövlətimiz, xalqımız mənim sənətimə dəyər verir. İnsanların boş-boş çərənləmələrinə fikir vermirəm. Şükürlər olsun ki, həmişə böyük əsərlər yazmışam. Şou-biznesdə də, toy şənliklərində də və böyük səhnələrdə də varam. Varlığım belə paxıl insanları yandırır".
Müğənni "Yazdığınız şeirlərə mahnı bəstələnibmi?" sualını belə cavablandırıb:
"Bəstəkar mahnı bəstələmək üçün öncə o sözləri qavramalıdır. Mənim bütün şeirlərimdə istifadə etdiyim sözlər fəlsəfi fikirlərdir. Mən çox tanınmış şairlərimizin şeirlərinə musiqi bəstələmişəm, hətta müqəddəs kitablar üçün də mahnı yazmışam. Yəni, mən o sözün mənasını bilməsəm, ona necə musiqi yaza bilərəm? Elə bəstəkar istəyirəm ki, şeirimi qavrayıb musiqi bəstələsin. Misal üçün, "Zad qalmışam" şeirində sözlə musiqi bir-birini tamamlamalıdır. Yeri gəlmişkən, mən öz şeirimə mahnı bəstələmişəm".
Elza Seyidcahan gündəmdə qalmağın səbəblərinə də aydınlıq gətirib:
"Düzünü deyim ki, gündəmdə necə qalmaq haqda düşünməmişəm. Sadəcə, başımı aşağı salıb öz işimi görmüşəm. Bizim gözəl bəstəkarımız Arif Məlikov deyir ki, "Tanınmış bəstəkarlara oxşayın, amma sonda özünüzü tapın". O müğənnilər ki, gündəmə gəlib, sonra yoxa çıxıblar, həmin sənətçilər özlərini heç zaman tapmayıblar. İnsan özünü az da olsa tapıb öyrənməlidir. Əslində uşaqlıqdan təəccüb edirdim ki, niyə mən başqaları kimi deyiləm. Çalışmışam, amma başqası kimi ola bilməmişəm. Əsərim, ifam, şerim də özümə bənzəyib. Müqəddəs Quranda da oxudum ki, "Öz yerişini yeri". Bu sözdə böyük bir hikmət var. İnsan nə qədər başqası kimi olar? Əslində mənim həyata keçirdiyim layihələrin heç birində şou yoxdur. Bir də mən gündəm üçün çalışmıram. Sənət var, onun üçün işləyirəm. Gündəmdə olanları isə qınamıram, hərə özünə bir maraq tapır. Kimisi pul verib mahnı alır, klip çəkdirir, kimisi bahalı maşınlarını, evlərini, brilliantlarını reklam etdirir, sonda isə tamaşaçı ondan heç nə götürmür. Mən tamaşaçıları qınamıram, düşüncələr müxtəlifdir. Heç kəsin düşüncəsinə təcavüz edə bilmərəm. Sadəcə zaman keçdikcə belə insanlar haqqa gəlirlər. Şövkət Ələkbərova, Mirzə Babayev, Rəşid Behbudov kimi sənətkarlarımızı vaxtında anlamamışıq. Birinə gonbul qadın kimi baxmışıq, birinə "kəpənək tutur" demişik. Amma illər keçdikcə biz onların sənətini duymuşuq və belə düşündüyümüz üçün peşiman olmuşuq. Bu anları uşaqlığımda mən də yaşamışam. Əsas odur ki, tamaşaçılar indi məni duyur və dinləyir. Əlbəttə, bəzi insanlar da qısqanır və mənə təcavüz edir. Bu da təbiidir, çünki insanların düşüncəsi və maraq dairəsi eyni deyil".
Bahar Rüstəmli