Pənah Hüseyn onu nədən "kommunistlərin maşası" adlandırmışdı? Pənah Hüseyn onu nədən "kommunistlərin maşası" adlandırmışdı?

Nemət Pənahlının apostrof funksiyası

Pənah Hüseyn onu nədən "kommunistlərin maşası" adlandırmışdı?

Bir zamanlar Azərbaycanda oğlan uşaqlarına qoyulan “Nemət” adında apostrof işarəsi vardı. Ancaq daha sonra Azərbaycan dilinin orfoqrafiyasından həmin işarə çıxarıldı. “Nemət” adlarının yazılışı da dəyişdi. İlk baxışdan bu, sadə və texniki məsələ kimi görünə bilər. Amma çox da elə deyil. Dil, təfəkkür, texnologiyalar yenilənir, nəsillər bir-birini əvəz edir və yeni nəsil həm cəmiyyətdə, həm də texnologiyada önə çıxır. Ana dilimizdə artıq ləğv olunmuş işarə yunan kəliməsi olub geriyə “geriyə çevrilmə” mənasını verir. Bu gün Azərbaycanda elə siyasətçilər var ki, onlar cəmiyyət tərəfindən əslində elə apostrof işarəsi kimi ləğv olunublar, ancaq zamanın və inkişafın oxunu geri çevirmək cəhdlərindən qalmırlar. Nemət Pənahlı kimi.

1988-ci ildə meydan hərəkatı başlayanda o, prosesin apostrof işarəsi idi. Leytenant Şmitd adına zavodun fəhləsi olaraq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz üçün meydana çıxan yüzminlərlə, milyonlarla insanın iradəsini “proletar çərçivə”də göstərmək üçün tribunaya onun qalxmasına imkan yaradılmışdı. Ali savadı, siyasi və idarəçilik təcrübəsi olmayan birinin xalq etirazlarının önündə dayanması Azərbaycan üçün faciələrlə nəticələndi. Nümayişlər milli azadlıq forması almağa başladıqca xalq və keçmiş imperiya- SSRİ arasındakı bağlar qopur, fundamental ziddiyyətlər dərinləşir və çox böyük bir arealda siyasi böhran üzə çıxırdı. Nemətin ağlı və savadı bu böhranda Azərbaycanın milli maraqlarını təmsil etməyə, sadəcə olaraq, çatmazdı. Tezliklə ölkədə Xalq Cəbhəsi formalaşdı və həm meydanın, həm də hərəkatın liderləri, vitrini dəyişdi. Bu hərəkatda “sait”lər və “samit”lər vardı. Nemət Pənahlı isə, ən yaxşı halda, artıq və artıq apastrof işarəsi idi...Elə bu səbəbdən də 1990-cu ilin yanvarındakı qırğından sonra Pənahlının sədası İrandan gəldi. Özünü “turançı” kimi qələmə verən biri İrana sığınmışdı.

Bu, Azərbaycanın yaxın tarixi üçün əsl ironiya və xalq hərəkatının ləkələnməsinə, milli azadlıq mücadisini “dini ektremizm” kimi təqdim etməyə çalışan imperiyanın propoqanda maşınına misilsiz xidmət idi. Ancaq Nemət Pənahlının imperiyalara nə ilk və nə də son xidməti idi. O bütün proses boyu məhz qırmızı Moskvaya, yaşıl Tehrana xidmət etmişdi- milli dövlətçiliyə “ayı xidməti” göstərməklə... Keçmiş baş nazir, AXC-nin liderlərindən biri olmuş Pənah Hüseyn bu ilin əvvəllərində “Yeni Müsavat”ın efirində Nemət Pənahlının bu xidmətlərini daha da konkretləşdirir və onun Əbdürrəhman Vəzirovun timsalında Azərbaycan Kommunist Partiyasının rəhbərləri ilə danışığa gedərək imperiyanın əlində maşaya döndüyünü elan edir.

//musavat.com/mobile/news/penah-huseynle-nemet-penahlinin-yeni-davasi-masa-rolunu-oynayan-nemet-penahli-idi_861250.html

Əlbəttə, bütün bunları Nemət Pənahlıya isbat etmək mümkün deyil. Çünki o nədən bir zamanlar hədsiz dərəcədə populyarlaşdığı kimi, ciddi bir siyasi xadimə niyə çevrilə bilməməsinin səbəblərini də heç zaman dərk etməyəcək. Sadəcə olaraq, buna onun idrakı və xarakteri imkan verməyəcək. Əgər Nemət Pənahlının belə bir imkanı olsaydı başa düşərdi ki, zamanın relsini apastrof işarəsi kimi geriyə çevirməyə çalışmaq onun özü üçün də vaxt itkisindən başqa bir şey deyil. Qatar gedib və bir mahnıda deyildiyi kimi, gedən qatarın dalınca nostalgiya ilə baxmağın heç bir mənası yoxdur.

Onun siyasi karyerasının ən yüksək həddi, potensialının maksimumu “müşavirin müşaviri” olmaq idi və Prezident Aparatında bu vəzifə ona vaxtilə siyasi təxribatçılığını nəzarət altında saxlanması üçün verilmişdi. O, Rəhim Qazıyev, Surət Hüseynov, Əlikram Hümbətov kimi 90-cı illərin birinci yarısında Azərbaycanı siyasi böhranlara, torpaq itkisinə sürükləyən neqativ personajların arasında idi və keçmişdə qalmış populyarlığının dəyərləndirilərək dövlətə xidmət etməsi üçün verilən şansı yeni siyasi intriqalara çevirməyə cəhd edəcək qədər həmin çevrədə idbarlaşmışdı.

Bu günlərdə Nemət Pənahlı siyasi toplantılarda yenidən görsənməyə başlayıb. Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin məddahı və “inqilabi texnologiyaların dərin bilicisi” kimi... Əlbəttə, Nemət Pənahlı belə dərin zəka sahibi olsaydı ki, əvvəlcə özünə sual verərdi ki, nədən onun “Milli Dövlətçilik” partiyasında özündən başqa kimsə yoxdur? Əlbəttə, bu sual üzərində düşünsəydi, o, Əli Əliyevin yubiley tədbirində “liderciklər” deyəndə ilk növbədə özündən başlamalı idi və mərhum Sirus Təbrizlinin haçansa işlətdiyi emosional bir cümlənin arxasında gizlənməyib vaxtilə niyə həbs olunmasından- öz xuliqanlıqlarından danışardı.

2020-ci ilin payızında gerçəkləşən və Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük müharibə ölkəmizdə yeni sosial-siyasi sifarişlər formalaşdırıb. Bu sifarişlərdən ən başlıcası Qarabağ münaqişəsi fonunda üzə çıxmış siyasətçilərin artıq səhnəni birdəfəlik tərk etməsi zərurətidir. Bu dalğada siyasi populyarlıq qazanmış fiqurların, o cümlədən Nemət Pənahlının Azərbaycan ictimai rəyinə göstərə biləcəyi heç bir təsir yoxdur. Bir anlıq əksini fərz edək və Nemət Pənahlının ətrafında müəyyən dərəcədə siyasi təmərküzləşmənin gedə biləcəyini proqnozlaşdıraq.

Bu çevrə kimlərdən ibarət olacaq və nəyə xidmət edəcək?

Nemət Pənahlı ən yaxşı halda xarici xüsusi xidmət orqanlarının nəzarətində, təsirində olan və Azərbaycanda siyasi sistemdən kənarda qalmış marginalları ictimai sferaya transfer edə bilər. Bunun ölkə üçün nə qədər təhlükəli bir tendensiya olduğunu, yeni sepatizm meyilləri və dini zəmində qarşıdurmalarla nəticələnəcəyini söyləməyə isə ehtiyac yoxdur.

“İNTİBAH” SOSİAL-SİYASİ ARAŞDIRMALAR MƏRKƏZİ