Aİ-nin baş diplomatı Qarabağı tərk edən ermənilərin sayını niyə şişirdir?

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Qarabağla bağlı çıxışında növbəti dəfə təhrif edilmiş və qərəzli məlumatlara yer verib.

Aznews.az xəbər verir ki, Cozep Borrell Aİ-nin İnsan Haqları üzrə 25-ci QHT forumundakı çıxışında güc yolu ilə həll edilən münaqişələrin sayının artığını deyib.

Daha sonra Azərbaycan və Ermənistan arasında baş verənləri buna nümunə çəkən Borrell Qarabağı tərk edən ermənilərin sayını şişirdərək 150 min nəfər olduğunu iddia edib.

“Nümunə üçün Azərbaycanda və Ermənistanda nə baş verdiyinə baxın. Uzunmüddətli dondurulmuş münaqişə qəfildən – mən həll edildiyini deməzdim – amma qətiyyətlə hərbi müdaxilə ilə həll edildi, ki, bir həftəyə 150 min nəfəri köçməyə məcbur etdi. Bir həftəyə. Beləcə. 150 min nəfər evlərini tərk etməli və qaçmalı oldu. Beynəlxalq ictimaiyyət buna təəssüf etdi, narahatlığını ifadə etdi, humanitar dəstək göndərdi, lakin bu (həll) güc yolu ilə baş verdi”, - Borrell deyib.

Aİ-nin baş diplomatının bu rəqəmləri nəyə və ya kimə istinadən paylaşdığı qeyri-müəyyəndir. Belə ki, bu, heç rəsmi İrəvanın antiterror tədbirlərindən sonra Qarabağdan Ermənistana miqrasiya edənlərin sayına dair təqdim etdiyi rəqəmlərlə də üst-üstə düşmür. Ermənistan hökumətinin məlumatına görə, 19 sentyabrdan sonra Qarabağdan təxminən 100 min nəfər Ermənistana keçib.

Cozep Borrellin Ermənistan hökumətinin təqdim etdiyi rəqəmlərin üstünə 50 min nəfər də əlavə etməklə nəyə nail olmağa çalışması anlaşılmazdır. Ehtimal ki, Aİ-nin ermənipərəst rəsmiləri, Avropa parlamentinin qərəzli deputatları, “insan haqları müdafiəçiləri” üçün bu rəqəm bir istinada çevriləcək (buna əlavələr də istisna deyil). Bu gün Aİ-nin xarici siyasət institutunun rəhbəri tərəfindən Qarabağdan köçən ermənilərin sayının şişirdilməsi faktı ilə Osmanlı imperiyası dönəmində erməni qiyamları səbəbi ilə həyata keçirilmiş təhcir (köçürülmə) siyasətinə dair rəqəmlərin şişirdilməsi arasında analogiya müşahidə edilir. Məsələn, ötən əsrin ilk rübündə Osmanlı imperiyasının şərq vilayətlərindən Yaxşı Şərqə köçürülən ermənilərin sayının əvvəlcə təxminən 200 min nəfər olduğu bildirilirdi. Vaxt keçdikcə bu rəqəmlər daha da şişirdildi, 300 min, 500 min, 1 milyon, nəhayət, 2 milyon erməni olduğu iddia edildi və “dövlət tərəfindən həyata keçirilən soyqırımı” aktı kimi təqdim edilməyə başlandı.

Erməniləri heç kim Qarabağdan köçürməyib. Azərbaycanın inteqrasiya çağırışlarına baxmayaraq, getmək onların şəxsi seçimi olub və onlar separatçıların 30 il əvvəl yalın ayaqla köçə məcbur etdiyi, “soyuq cəhənnəm” yaşatdığı azərbaycanlılardan fərqli olaraq, öz maşınlarına əyləşərək, beynəlxalq təşkilatların müşayiəti, pasport yoxlanışı ilə Ermənistana miqrasiya ediblər.

Aİ-nin Ali nümayəndəsi çıxışında təhrif edilmiş məlumatlara yer verməklə yanaşı, Azərbaycan-Ermənistan münaqişəsinin həll edilmədiyini də iddia edib. Müxtəlif Avropa ölkələrinin (primus inter pares) maraq dairəsi çərçivəsində fəaliyyət göstərən ittifaq ehtimal ki, problemin həllinə görə bölgədə təsir rıçaqlarının itirilməsindən narahatdır. Ehtimal ki, Borrell Qarabağdan köç məsələsinin miqyasını daha şişirdərək gələcəkdə rəsmi Bakı üzərində əlavə təzyiq yaratmağa nail olmağa çalışır. Lakin hər bir halda bu cəhdlər Fransa nümunəsində olduğu kimi, Aİ-nin də vasitəçilik səylərinin səmimiliyinə kölgə salır. Bu məqamda xatırlatmaq yerinə düşər ki, “150 min” nəfərin köçdüyünü deyən 76 yaşlı Borrellin 45 illik siyasi fəaliyyəti boyunca hansısa tədbirdə Azərbaycan ərazilərinin işğalından, azərbaycanlıların Qarabağdan, Ermənistan ərazisindən güc yolu ilə didərgin salınmasından danışdığını görən olmayıb. Bu münasibət Aİ-nin Azərbaycana münasibətdə birtərəfli, qərəzli olduğunu deməyə əsas verir. Bu gün alternativ enerji mənbələri, alternativ dəhlizlər axtarışında olan Aİ-nin xarici siyasət rəhbərinin öz ritorikası ilə Azərbaycanla münasibətləri məqsədyönlü şəkildə korlamağa çalışması Aİ-nin ümumi maraqlarına cavab vermir.