"ABŞ bölgə dövlətlərini Rusiya ilə qarşı-qarşıya qoymağa çalışır" - siyasi şərhçi

“ABŞ dövlət katibinin müavini Ceyms Obrayen İrəvanla Bakının qarşılıqlı sülh müqaviləsi imzalamaq imkanının olduğunu deyib. Obrayenin fikrincə, Rusiya hazırda çətinliklə üzləşib və bir ildən sonra bu problem olmayacaq. Ona görə də “fürsət pəncərəsi” var”.

“Birləşmiş Ştatların hədəfi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması deyil, bölgədə Rusiyanın təsir dairəsinin azalmasıdır. Bu aspektdən də Vaşinqton nəyin bahasına olursa olsun, bölgə dövlətlərini Rusiya ilə qarşı-qarşıya qoymağa çalışır. Bundan öncəki Birləşmiş Ştatların bu istiqamətdəki təcrübəsini nəzərə alsaq, postsovet məkanında eyni yanaşmaların nə ilə nəticələndiyinin şahidi olmuşuq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, istər Gürcüstan, istərsə də Ukraynada həm tarixi, həm də hazırda baş verən prosesləri nəzərə alsaq, bu aspektdən yanaşma tərzinin nədən ibarət olduğunu görə bilərik:

“Ən azı Gürcüstana münasibətdə Birləşmiş Ştatların son zamanlar sərgilədiyi mövqe və rəsmi Tiflisə ünvanlanmış təhdid dolu mesajları Birləşmiş Ştatların nə dərəcədə səmimi müttəfiq olduğunu, həmçinin nə dərəcədə müstəqil dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşdığını sübuta yetirir. Bu qəbildən olan bütün yanaşmaların təməlində ilk növbədə anti-Rusiya əhval-ruhiyyəsinin körüklənməsi dayanır. Ancaq bəllidir ki, Qərbin iştirak etdiyi istənilən bölgədə təhlükəsizliyinə hər hansı bir formada təminat verməyib. Əgər Ağ Evin qorxaqcasına Əfqanıstanı tərk etdiyini və insanları yenidən cəhalətin ağuşuna buraxdığını nəzərə alsaq, Birləşmiş Ştatların təcrübəsində əbədi, daimi müttəfiq anlayışın olmadığını görə bilərik. Bu aspektdən kimlərsə əgər özünü istifadə aləti kimi dövlətçiliyini, xalqının taleyini bu və ya digər ölkənin, o cümlədən Birləşmiş Ştatların istifadəsinə verirsə, bu, artıq həmin ölkənin öz problemidir. Ətrafa boylanaraq baş verənlərin hansı nəticələr doğuracağını görə bilər. Lakin bütün hallarda bu yanaşmanın təməlində prosesdə neytrallığın təmin olunması və eyni zamanda bölgədə təhlükəsizliyə töhfə verə biləcək sülh müqaviləsinin əldə olunması dayanmayıb”.

Rəfiqə NAMAZƏLİYEVA