"Revanşistlər qayıtsa, sülh prosesinə ciddi zərbə dəyə bilər" -AÇIQLAMA

“Ermənistanın Baş naziri Nikol Paşinyan 5 iyulda Konstitusiya günü münasibətilə etdiyi çıxışda ölkənin yeni konstitusiyaya ehtiyac duyduğunu bəyan edib. Ondan əvvəl Ermənistanın ədliyyə naziri S. Qalyan yeni konstitusiya layihəsinin hazırlanması üçün təxminən on ay vaxt lazım olduğunu qeyd edib. Nazir həmçinin yaxın günlərdə Konstitusiya İslahatları Şurasının iclasının keçiriləcəyini açıqlayıb. Konstitusiya İslahatları Şurası 2022-ci ildə Konstitusiyaya dəyişikliklərin hazırlanması məqsədilə yaradılıb. 2023-cü ilin avqust ayında isə Şuranın qarşısına daha geniş vəzifə qoyulub: 2027-ci ilin yanvar ayına qədər tamamilə yeni bir konstitusiya layihəsinin hazırlanması. Lakin həmin vaxtdan bəri Şura fəaliyyət göstərməyib və bu məsələ Ermənistanın siyasi gündəmindən faktiki olaraq çıxarılıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ermənistan–Azərbaycan sülh müqaviləsinin imzalanması üçün iki əsas şərtin yerinə yetirilməsi vacib sayılır:

Ermənistan Konstitusiyası və qanunvericiliyində dəyişikliklərin edilməsi, həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması məsələsinin həlli. Əbu-Dabi görüşündən sonra bu mövzu daha da aktuallaşıb. Əliyev–Paşinyan görüşündən sonra isə ictimai və ekspert müzakirələri canlanıb. Paşinyanın yaxın vaxtlarda konstitusiya islahatlarına başlayacağı, yoxsa siyasi manevr etməyə davam edəcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Siyasi şərhçiyə görə, Azərbaycanın haqlı tələbləri və sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq ictimaiyyətin təzyiqləri Paşinyanı konstitusiya islahatlarını yenidən gündəmə çıxarmağa vadar edir.

“2026-cı ilin iyulunda keçiriləcək parlament seçkiləri ərəfəsində konstitusiya məsələsinin aktuallaşması Paşinyanın seçkilərə sülh ritorikası ilə hazırlaşdığını göstərir. Əgər bu siyasi xətt seçkilərdə ona üstünlük qazandırarsa, 2027-ci ilin əvvəlindən etibarən Ermənistanda konstitusiya dəyişikliyi istiqamətində konkret addımların atılması mümkündür. Bu vəziyyət qarşıdakı bir ili Azərbaycan və Ermənistan arasında etimad quruculuğu dövrünə çevirə bilər. Əks halda, revanşist qüvvələrin hakimiyyətə qayıtmaq cəhdləri regionda əldə olunmuş bütün sülh nailiyyətlərini təhlükəyə ata bilər. Bu baxımdan Prezident İlham Əliyevlə Nikol Paşinyanın Abu-Dabidə baş tutan görüşü ikitərəfli sülh gündəliyinə mühüm töhfə kimi qiymətləndirilə bilər. Bu görüş Ermənistanın daxili siyasi gündəminə, xüsusilə də konstitusiya dəyişikliyi ilə bağlı proseslərə müsbət təsir göstərməklə regionda münasibətlərin normallaşmasına xidmət edir. Tarixi təcrübə göstərir ki, sülh müqavilələri konstitusiya dəyişiklikləri ilə müşayiət oluna bilər. İkinci Dünya müharibəsindən sonra Almaniyada (1949) və Yaponiyada (1947) yeni konstitusiyaların qəbul olunması, Kolumbiyada 50 illik vətəndaş müharibəsinə son qoymaq üçün 2016-cı ildə konstitusiyanın dəyişdirilməsi, 1998-ci il Belfast Razılaşması çərçivəsində İrlandiyanın Şimali İrlandiya ilə bağlı ərazi iddialarını konstitusiyasından çıxarması bunun nümunələrindəndir”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın tələbləri də bu kontekstdə beynəlxalq təcrübə və mövcud presedentlərə əsaslanır:

“Ermənistanın tarixi iddialarının aradan qaldırılması bölgədə davamlı sülhün və təhlükəsizliyin təmininə yönəlib. Bu yanaşma gələcək Azərbaycan-Ermənistan münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına imkan yaradır. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ermənilərin reallıqları qəbul etməsi üçün siyasi zəmin yaratdı. Ermənistanın bu reallığı düzgün qiymətləndirib-qiymətləndirməməsi onun Cənubi Qafqazda gələcək mövqeyini müəyyən edəcək”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az