Avropa İttifaqı (Aİ) Azərbaycanla energetika, regional təhlükəsizlik, eləcə də qanunun aliliyi və fundamental azadlıqlar sahəsində əməkdaşlıqda maraqlıdır. Avropa İttifaqı (Aİ) Azərbaycanla energetika, regional təhlükəsizlik, eləcə də qanunun aliliyi və fundamental azadlıqlar sahəsində əməkdaşlıqda maraqlıdır.

Aİ Azərbaycanla hərtərəfli saziş imzalamaq niyyətindədir - Federika Moqerini

Avropa İttifaqı (Aİ) Azərbaycanla energetika, regional təhlükəsizlik, eləcə də qanunun aliliyi və fundamental azadlıqlar sahəsində əməkdaşlıqda maraqlıdır.


AzNews.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycana səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib.

O, qeyd edib ki, Aİ ilə Azərbaycan münasibətlərin dərinləşməsinə aydın şəkildə ortaq maraq göstərir: "Avropa İttifaqı Azərbaycanın ilk ticarət tərəfdaşıdır: Azərbaycanın ixracının təxminən yarısı Aİ-yə yönəlir. İttifaqımız energetika, regional təhlükəsizlik, eləcə də qanunun aliliyi və fundamental azadlıqlar sahəsində Azərbaycanla işləməkdə aydın şəkildə maraqlıdır. Biz geniş və hərtərəfli saziş imzalamaq niyyətindəyik. İnanıram ki, son bir neçə ay müzakirələrimizin dönüş nöqtəsində olduğundan xəbər verib: bəzi çətinliklər qalmaqdadır, ancaq iqtisadi və siyasi əməkdaşlığa doğru əl-ələ getməyimiz zəruri olduğundan indi bir-birimizə daha da yaxınıq. Yeni tərəfdaşlığımızla bağlı aparılan ilkin məsləhətləşmələrin gedişatı müsbətdir. İnanıram ki, tezliklə Aİ-yə üzv dövlətlərlə danışıqların başlanması məsələsini müzakirə edə biləcəyik".

F.Moqerininin sözlərinə görə, Aİ-nin ali nümayəndəsi kimi, Avropanın təhlükəsizliyini artırmaq onun vəzifəsinin bir hissəsidir ki, enerji təhlükəsizliyi məsələsi də buraya daxildir: "Enerji təhlükəsizliyi strategiyamız üçün "Cənub Qaz Dəhlizi" vacibdir. O, şəbəkələrimizi daha da diversifikasiyalaşdırır, eləcə də bölgəmizdəki bir sıra tərəfdaşlarla siyasi, iqtisadi və sosial bağlılıqları dərinləşdirməyə imkan verir. 2015-ci ildə "Aşqabad Bəyannaməsi"nin imzalanması gələcəkdə Xəzər regionundan əlavə qaz təchizatının təmin edilməsinə doğru atılmış mühüm addım olub. Bu baxımdan əlavə tərəqqi əldə edilib: nazir müavinləri səviyyəsində fəal işçi qrupu 2015-ci il ərzində və bir neçə gün əvvəl bir daha görüşüb. Bakıda səfərdə olduğum müddətdə həmkarım, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçlə birgə "Cənub Qaz Dəhlizi"nin ikinci Məşvərət Şurasında iştirak edəcəyəm. Bu məsələ tək hökumət və qurumlarla bağlı deyil: gələcək inkişafa yol aça bilən tərəflər qaz ixracatçıları və infrastrukturun müxtəlif mərhələlərinə cəlb olunan sərmayəçilərdir".