Bu qədər imtahan olar? - Tanınmış jurnalist dilə gəldi

"Azərbaycan artıq imtahanlar ölkəsinə çevrilib. Birinci siniflərə imtahan, sinifdən sinifə keçid imtahan, 9-un buraxılışı imtahan, 11-in buraxılışı imtahan, ali məktəbə imtahan, bitirənə qədər imtahan, bitirdikdən sonra bakalavr diplomu heç nəyə yaramadığından magistr imtahan, daha sonra işə qəbul imtahan, testdən sonrakı müsahibə imtahan, daha sonra eyni idarədə başqa bir sahəyə keçid yenə imtahan... Buna ömür vəfa edərmi?"

Tanınmış jurnalist Fazil Əhməd bu gün öz Facebook səhifəsində Azərbaycanda ali məktəb diplomlarının öz funksiyasını itirməsinə diqqət çəkib. O, yazıb:

"Bəs ailəyə, uşaqlara, istirahətə zaman qalırmı?

Bunlar insanı 300 il yaşayan qarğamı sayırlar?

Hələ məsələn, dünya səviyyəli universitetləri bitirənlərin burada diplomunun təsdiqi həngaməsi başqa bir aləmdir.

İnsanı bu qədər basqı altında saxlamağın faydası bir qrupun varlanmasına xidmət deyilsə, nədir axı?

Bu boyda həngamədənsə, təhsili lap elə sovetlərdəki kimi ciddi nizama, qaydaya salmaq bəyəm çox çətindir ki?

Vallah yox...

Dovşanın məşhur sözü olmasın, iş həmin işdir, sənəd-sünəd (imtahanlar) çoxalıb..."

AzNews.az