Zaur İbrahimli: “Qlobal güc balansı pozulur, nəzarət mexanizmləri zəifləyir”

“Rusiya və Ukrayna arasında baş vermiş müharibə İkinci Dünya müharibəsindən sonra Avropa qitəsində qeydə alınmış ən böyük silahlı qarşıdurmadır. Bu müharibə həmçinin qlobal güc balansına əsaslanan mövcud beynəlxalq nizamı ciddi şəkildə sarsıtdı. Aydın şəkildə göründü ki, kollektiv təhlükəsizlik sistemi və onilliklərlə formalaşmış beynəlxalq təhlükəsizlik arxitekturası hazırkı böhranların qarşısını almaq gücündə deyil. Birləşmiş Millətlər Təşkilatının zəif təsiri də bu kontekstdə özünü büruzə verdi. Eyni zamanda, uzun müddətdir proqnozlaşdırılan böyük güclərin mövcud dünya düzənini dəyişmək cəhdləri də açıq şəkildə görünməyə başladı. Bu prosesdə xüsusilə ABŞ-ın fəallığı nəzərə çarpır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ilə başlayan qlobal qarşıdurmalar dalğası tədricən dünyanın müxtəlif regionlarına yayılır. Yaxın Şərq, Afrika və Asiyada bir sıra münaqişələr, regional savaşlar və silahlı toqquşmalar baş verib. Son olaraq, Kamboca ilə Tayland arasında yaşanan silahlı insident də bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir.

Siyasi şərhçi bildirib ki, hazırkı qlobal oyun qaydaları, o cümlədən ticarət əlaqələrinin qurulması, iqtisadi əməkdaşlıq, beynəlxalq razılaşmalar, güc balansının qorunması, eləcə də digər rəsmi və qeyri-rəsmi mexanizmlər Vaşinqtonu qane etmir.

“ABŞ-da belə bir yanaşma mövcuddur ki, bu qaydalar ölkəni həddindən artıq məsuliyyət daşımağa məcbur edir, lakin qarşılığında ölkə ciddi qazanc əldə etmir. Əksinə, bu vəziyyətdən Çin və BRİKS ölkələri daha çox faydalanaraq öz mövqelərini möhkəmləndirirlər. Məhz ABŞ-ın bu yeni revizionist mövqeyi mövcud təhlükəsizlik sistemini əsaslı şəkildə sarsıdan amillərdən biridir. Eyni zamanda, ABŞ son illər göstərir ki, silahlı münaqişələrdə bilavasitə iştirak etmək istəmir. Qlobal sabitliyin təmin olunması və təhlükəsizlik təhdidlərinin aradan qaldırılması ilə bağlı da əvvəlki kimi məsuliyyət götürməyə maraq göstərmir. Bu yanaşma müxtəlif regionlarda güc mərkəzlərinin fəallaşmasına və əvvəllər “donmuş” hesab edilən münaqişələrin yenidən alovlanmasına səbəb olub. Bundan əlavə, ikitərəfli və çoxtərəfli münasibətlər sistemində yaranmış böhranlar da mövcud mexanizmlərlə həll edilmir. ATƏT-in fəaliyyətsizliyi bunun bariz nümunəsidir. Digər beynəlxalq əməkdaşlıq formatları da öz effektivliyini itirib. Artıq məlum olur ki, bu mexanizmlər böhranları idarə etmək və qarşısını almaq potensialına malik deyillər. Bu şəraitdə münaqişə ocaqlarında vəziyyətin yenidən gərginləşməsi müşahidə olunur. Kollektiv təhlükəsizlik mexanizmləri işlədiyi dövrdə tərəflər beynəlxalq sanksiyalardan və təzyiqlərdən çəkinirdilər. Hazırda isə bu təzyiq faktoru demək olar ki, yoxdur. Eyni zamanda, beynəlxalq münasibətlər sistemində ikili standartların tətbiqi də münaqişələrin alovlanmasına şərait yaradır. İran və İsrail arasında baş verən qarşıdurmalar, İsrailin Qəzzadakı hərbi əməliyyatları, həmçinin Rusiya-Ukrayna müharibəsindəki yanaşmalar bu reallığın nümunəsidir. Bu, potensial münaqişə ocaqlarında qarşı-qarşıya gələn tərəflərdə təsəvvür yaradır ki, güc tətbiq edən tərəflər məsuliyyətdən yayına bilər. Onlara qarşı nə real sanksiyalar tətbiq olunur, nə də ciddi beynəlxalq təzyiq göstərilir. Artıq mövcud nəzarət və təzyiq mexanizmləri işləmir”.

Siyasi şərhçi əlavə edib ki, nəticə etibarilə bu vəziyyət münaqişələrin artmasına və daha genişmiqyaslı toqquşmalara yol açır:

“Təəssüf ki, bu tendensiyanın güclənməkdə olduğu açıq şəkildə görünür. Gözlənilir ki, regional münaqişələr xroniki və periodik xarakter alacaq. Beynəlxalq nəzarət və təzyiq mexanizmlərinin zəifləməsi nəticəsində artıq dünyanın müxtəlif bölgələri faktiki olaraq müharibə şəraitinə keçib. Silahların susmadığı bölgələr getdikcə artır. Hindistan-Pakistan arasındakı hərbi qarşıdurmalar, Yaxın Şərqdə hər an başlaya biləcək əməliyyatlar, eləcə də etnik zəmində baş verən münaqişə ehtimalları bu reallığın bir hissəsidir. Bütün bunlar göstərir ki, dünya lokal və intensiv müharibələr dövrünə daxil olub. Bu proses, eyni zamanda, üçüncü dünya müharibəsinin astanası kimi də qiymətləndirilə bilər. Hazırda aparıcı dövlətlər birbaşa qarşıdurmadan çəkinirlər, lakin proksi qüvvələr vasitəsilə müharibə aparırlar. Bu xətt çox incədir və əgər proseslər bu şəkildə davam edərsə, etibarlı beynəlxalq nəzarət və təzyiq sistemləri bərpa olunmazsa, regional münaqişələrin uzanması qaçılmaz olacaq. Bu isə gələcək üçün ciddi təhlükələr vəd edir. Regional qarşıdurmaların intensivləşməsi nəticə etibarilə aparıcı dövlətlərin də birbaşa hərbi toqquşmasına yol aça bilər və hazırkı gedişat bu ehtimalın getdikcə gücləndiyini göstərir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az