Türkiyənin çox güclənməsi İranı kifayət qədər rəncidə edir Türkiyənin çox güclənməsi İranı kifayət qədər rəncidə edir

Cavad Zərifin Bakı səfərində məqsədi nədir? - ŞƏRH

Türkiyənin çox güclənməsi İranı kifayət qədər rəncidə edir

“Cavad Zərifin səfərinin əsas səbəbi regionda baş verən strateji dəyişikliklərlə əlaqədardır”.

Bu sözləri AzNews.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli deyib.

O, ötən gün axşam saatlarında regional tur çərçivəsində İran Xarici işlər naziri Cavad Zərifin Bakıya səfərinin siyasi tərəfləri haqda fikirlərini bölüşüb: “II Qarabağ müharibəsinin başlaması, bu prossesin nəticələrinin regionda İranın daha çox itirməsinə gətirib çıxardı. Əvvəlcədən yeritdiyi siyasətdə müəyyən dərəcədə Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanla hərbi əməkdaşlıq, hansısa iqtisadi sferalarda münasibətləri daha ciddi şəkildə idi. Hətta azərbaycanlılar məsələsinə baxışı da az qala Ermənistanın baxışından da fərqlənmirdi. Bütün bunların hamısı müharibə dövründə vaxtaşırı gündəmə gəldi. Nəhayət etibarilə Il Qarabağ müharibəsinin nəticələrinə əsasən Qafqazda ilk əsas güc xüsusilə də öz mövqelərini tam təmin elədi. Bunlar Rusiya və Türkiyə oldu. Müharibənin nəticələrinə görə əsas itirən tərəflərdən biri Ermənistanla yanaşı İran idi. Azərbaycanın işğal olunmuş əraziləri, xüsusilə, Araz boyu zonalar demək olar ki, İran tərəfinin nəzarəti altında idi və qeyri-qanuni şəkildə müəyyən faydalanmalar da həyata keçirdi. Azərbaycan bunun qarşısını almaq üçün 2016-cı ildə Araz çayı üzərindəki hidroqovşaqla bağlı bir müqavilə imzalatdı. Həmin o müqavilədə də İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qəbul etdi. Bizim işğal altında olan ərazilərin də statusundan, durumundan İran tərəfi bir növ cavabdehlik daşıyır. Müharibə oldu, bitdi, artıq İran yeni nizama, düzənə uyğunlaşmaq üçün, özünün yerini və rolunu müəyyən etmək üçün xarici səfərlərə başlayıb. Bölgədə böyük əməkdaşlıq platformaları, xüsusilə də dəmir yolları ilə əlaqədar proseslər gedir. Həm Zəngəzurdan keçən dəhlizin inşa edilməsi, həm Azərbaycanın Türkiyə ilə birbaşa quru olaraq yollarını Zəngəzur vasitəsilə həyata keçirməsi - bütün bunların hamısı bölgədə yeni bir iqtisadi, siyasi mühitin inşası deməkdir”.

Əziz Əlibəylinin sözlərinə görə, bu yeni mühitin inşasında Türkiyənin çox güclənməsi İranı kifayət qədər rəncidə edir: “Ona görə də İran tərəfi Cavad Zərifin səfər turnesi ilə bölgədə yeni düzənə addımlarını uyğunlaşdırmağa çalışır. İstəyir ki, bölgə ölkələri ilə yeni əməkdaşlıq formatına uyğun addımlar atsın, eyni zamanda bölgədə formalaşan iqtisadi birliyə transformasiya olunsun, nəhayət etibarı ilə Qarabağ müharibəsi və bundan öncə yol verdiyi səhvləri aradan qaldırması ilə bağlı addımlar atsın. Xüsusilə də Azərbaycana qarşı siyasətində yeni tendensiyalar müəyyən etməyə çalışır. İndiyə kimi etdiyi, məsələn, İran iperializmi, şiə təbliğatına bürünmüş o yanaşmalardan əl çəkmək və daha artıq qarşıdurmalara deyil, bundan sonra əməkdaşlığa yönəlmiş platformalarda iştirakını təmin etmək üçün çalışır. Çünki regionda İran sanksiyalarla üzbəüzdür, kifayət qədər həssas bir dönəmə gəlib çıxıb. Buna görə də İranın həm bizə, həm əməkdaşlığa, həm bölgəyə çox böyük ehtiyacı var”.

Səidə

AzNews.az